KÖŞƏ

Vəli İlyasov

Paşinyan yola gəlir, amma...

23 may 2023 23:36
4390

Xirtdəyinə keçmiş iddia adlı bir kəndirdən xilas ola bilmir

"2020-ci ilin iyununda yerlə-göylə əlləşən, "yeni müharibə, yeni ərazilər" deyə sərsəmləyən Ermənistanın baş naziri Nikol Paşinyan "dəmir yumruq"dan başı qoz-qoz olandan sonra nə qədər dəhşətli səhvə yol verdiyini anladı. Başa düşdü ki, Hayastanın Türkiyə və Azərbaycana qarşı ərazi iddiası ağılsızlıqdır. Onu da başa düşdü ki, qonşu ölkələrlə əbədi düşmən münasibətdə olmaq Hayastan kimi cırtdan bir dövlətin həddi deyil və belə münasibət onun yox olmasına aparıb çıxara bilər.   "Azərbaycanın Ermənistan tərəfindən tanınan 86 600 kvadrat kilometrlik ərazisinə Qarabağ ərazisi də daxildir."

Necə deyərlər, cavab qisa, konkret və aydındır. Əslində bu etiraf çoxdan edilməli idi, İkinci Qarabağ müharibəsində "gönü suya verəndən sonra", biabırçı məğlubiyyətə düçar olandan sonra  yox.

Hayastan "Teleqram" kanallarında yayılan məlumata görə, yuxarıdakı fikri Ermənistanın baş naziri Nikol Paşinyan bazar ertəsi günündə mətbuat konfransında deyib. O, qeyd edib ki, Naxçıvanın və Qazaxın işğal olunan kəndləri qaytarılacaqdır. Belə görünür ki, sülh çox yaxın zamanda imzalanacaq. Digər məsələlərə də toxunan Paşinyan qeyd edib ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviəsi Təşkilatı (KTMT) öhdəliklərini yerinə yetirməsi baxımından ölkəni tərk etdiyini başa düşsə, KTMT-dən de-yure çıxacaq. KTMT üzvü statusu digər ölkələrlə təhlükəsizlik məsələlərinin müzakirəsinə mane olarsa, belə bir qərar da verilə bilər. Onun sözlərinə görə, məhz KTMT-yə üzvlük İrəvana üçüncü ölkələrdən silah əldə etməyi müzakirə etməyə mane olub. “Bizə dedilər: sən KTMT-nin üzvüsən, səninlə nəyi müzakirə edək?",- Paşinyan bildirib. Yəni, KTMT xarici ölkələrdən silah alınmasında Hayastanın "ayağına ilişib." Ermənistan cəmiyyətində KTMT-yə və faktiki olaraq ona komanda verən Rusiyaya qarşı əsaslı narazılıq yaranıb. Müstəqillik istəyən haylar KTMT-də çıxmaq, Rusiya sərhədçilərini və Gümrüdə yerləşdirilmiş 102-ci hərbi bazanı ölkədən çıxarmaq fikrinə düşüblər. Bu məsələdə isə ABŞ və Qərb Ermənistana dəstək verməyə hazırdır. ABŞ generalının İrəvana göndərilməsi də məsələnin həllinə başlanılmasına işarədir.

KTMT-dən çıxmaq qərarının Ermənistan-Rusiya münasibətlərinə xələl gətirib-gətirməcəyi ilə bağlı suala cavab verən baş nazir bildirib ki, respublikada son rəy sorğuları ölkədə Rusiya Federasiyasına etimadın səviyyəsinin azaldığını göstərib. Bundan əvvəl Paşinyan keçirdiyi mətbuat konfransında Ermənistanın KTMT-nin Qırğızıstandakı hərbi təlimlərində iştirakı məsələsinin müzakirə olunduğunu bildirilmişdi. Məlumdur ki, İkinci Qarabağ müharibəsində bu hərbi təşkilat Ermənistana haqlı olaraq dəstək vermədiyi üçün haylar onu boykot ediblər. O vaxt təşkilatın Ermənistana cavabı belə olmuşdu ki, sən özgənin torpağını işğal etmək üçün kömək istəyirsən, öz ərazini qorumaq üçün yox. Ancaq ağılsız və haqsız iddialarından yenə də əl çəkməyən Paşinyan hökuməti heç nə başa düşmək istəmədi. Xatırladaq ki, KTMT-yə altı dövlət - Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan daxildir.

Yuxarıda dediyimiz kimi, baş nazir Paşinyan əlacsız qalıb sülhə gəldiyini elan etsə də yenə nala-mıxa vurur. Bir sözlə, Hayastan boğazına keçmiş iddia adlı bir kəndiri çıxara bilmir. Ancaq çıxaracaq. Axı, haylar da bilməmiş deyillər ki, ölünü özbaşına qoysan...

Vəli İlyasov, "İki sahil"