24 may 2023 20:55
552

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə CEPI tərəfindən ağacəkmə kampaniyası keçirilib FOTO

22 may 2023-cü il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və bp Azərbaycan şirkətinin vitse-prezidentlərinin, həmçinin “Xəzər Regionunun Ətraf Mühitinin Mühafizəsi Təşəbbüsü”nün (CEPI) icra komitəsinin sədrinin və üzvlərinin iştirakı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə ağacəkmə kampaniyası keçirilib.

“İki sahil” xəbər verir ki, tədbirdə SOCAR-ın vitse prezidenti, CEPI icra komitəsinin sədri Rəfiqə Hüseynzadə Ümummilli Liderin ölkəyə rəhbərlik etdiyi dövrlərdə ətraf mühitin mühafizəsi məsələlərinə böyük diqqətlə yanaşıldığını, paytaxtla yanaşı, regionlarda yaşıllaşdırma işlərinə xüsusi əhəmiyyət verildiyini vurğulayıb. Rəfiqə Hüseynzadə Ulu Öndərin ətraf mühitə olan qayğısının bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib.

Tədbirdə iştirak edən bp-nin Xəzər və Yaxın Şərq regionu üzrə kommunikasiyalar və xarici əlaqələr üzrə vitse-prezidenti, CEPI icra komitəsinin üzvü Bəxtiyar Aslanbəyli bu cür yaşıllıq zolaqlarının salınmasının ətraf mühitin mühafizəsi istiqamətində şirkətlərimiz tərəfindən götürülən öhdəliklərin icrası istiqamətində xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırıb.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında müvafiq Sərəncamı çərçivəsində SOCAR və bp şirkətlərinin birgə təşkilatçılığı ilə ümumilikdə 1513 ağac və gül kollarından ibarət ayrıca yaşıllaşdırılmış ərazi salınıb.

CEPI öz fəaliyyətinə 14 sentyabr 2020-ci il tarixində Bakı şəhərində “Xəzər Regionunun Ətraf Mühitinin Mühafizəsi Təşəbbüsü”nün (Caspian Environmental Protection Initiative - CEPI) yaradılmasına dair SOCAR, “KazMunayGaz”, bp, “Total E&P Absheron B.V.” və “Equinor Absheron AS” şirkətləri arasında Anlaşma Memorandumunun imzalanması ilə başlayıb.

2021-ci ildə CEPI üzvlərinin təşəbbüsü ilə SOCAR və bp şirkətlərinin birgə təşkilatçılığı ilə Sərəncə Təhlükəli Tullantılar Poliqonun ətrafında yaşıllaşdırma işlərinə start verilib.

Bu xüsusda neft-qaz əməliyyatları zamanı yaranan tullantıların idarə olunması sahəsində iqlim şəraitinin yumşaldılması, ekoloji tarazlığın bərpası istiqamətində müvafiq işlərin görülməsi məqsədilə burada yeni meşə zolağı salınıb. Ümumilikdə iki il ərzində 4109 ağac və gül kolları əkilərək ərazidə yaşıllaşdırma işlərinin təməli qoyulub.