07 may 2018 22:57
1087

“Günəşli” yatağından gündəlik hasilat 5 faizədək artıb

“Azneft” İstehsalat Birliyi (İB) bu il 6,3 milyon ton neft-kondensat, 5,6 milyard kubmetr həcmində qaz hasil etməyi proqnozlaşdırır.

AZƏRTAC xəbər verir ki, bu barədə “Azneft” İB-nin baş direktoru Daşqın İskəndərov “Natural Gas World” jurnalına müsahibəsində deyib.

O qeyd edib ki, 2018-ci ildə “Azneft” İB-nin qarşısına işlənmədə olan 28 yataqdan 6,2 milyon ton neft-kondensat, 5,5 milyard kubmetr həcmində qaz hasil edilməsi dövlət plan-tapşırığı kimi qoyulub: “Plan-tapşırıqların yerinə yetirilməsi üçün fasiləsiz olaraq yataqlarda keçici fond quyuları üzərində geoloji-texniki, profilaktiki tədbirləri həyata keçiririk. Eyni zamanda, fəaliyyətsiz fonddan quyuların istismara qaytarılması üçün təmir işləri və daha böyük potensiala malik yataqlarda qeyd edilən tədbirlərlə bərabər qazma işlərini davam etdiririk. Görülmüş işlərin nəticəsi olaraq ilin əvvəli ilə müqayisədə yataqlar üzrə hasilatın təbii düşmə tempinin qarşısını aldıq, bir sıra yataqlarda isə hasilatda nəzərəçarpacaq artım əldə edə bildik”.

“Hasilatın əsas hissəsi – 60 faizdən çoxu “Günəşli” yatağının hesabına realizə olunur. Yatağın işlənməsinin üçüncü mərhələsində olmasına baxmayaraq, operativ tədbirlərlə hasilatın düşməsinin qarşısını aldıq. Nəticədə ilin əvvəli ilə müqayisədə gündəlik hasilatda 5 faizə qədər artıma nail olduq. Digər böyük yataqlar üçün də oxşar göstəriciləri qeyd etmək mümkündür. Belə ki, “Neft Daşları”, “Darvin bankası”, “Qərbi Abşeron” və sair yataqlarda hasilatda nəzərəçarpacaq artım əldə etmişik. Birinci rübün yekunlarına görə mövcud vəziyyətin təhlili və görüləcək işlərdən gözlənilən nəticələr ilin sonuna qədər hasilat artımının daha da çox olacağını göstərir. Belə ki, mövcud yataqların işlənmə göstəricilərinə görə, 2018-ci ildə 6,3 milyon ton neft-kondensat, 5,6 milyard kubmetr həcmində qaz hasil edilməsi proqnozlaşdırılır. Bu, 2017-ci ilin göstəricilərindən neft-kondensat üzrə 2,7 faiz, qaz üzrə isə 3,5 faiz artım deməkdir. Növbəti illərdə də hasilatın stabil saxlanması və mümkün qədər artırılması qarşıya əsas məqsəd kimi qoyulub”, - deyə o bildirib.