07 may 2018 22:45
1388

“Azneft” İstehsalat Birliyi üzrə qaz hasilatı 8 faiz artıb

Cari ilin ilk rübündə SOCAR-ın “Azneft” İstehsalat Birliyi (İB) üzrə 1,5 milyon ton neft hasil edilib.

Bu barədə “Azneft” İB-nin baş direktoru Daşqın İskəndərov “Natural Gas World” jurnalına müsahibəsində deyib.

O bildirib ki, ilin ilk üç ayında “Azneft” İstehsalat Birliyi iqtisadi göstəricilərin yüksəldilməsi, hasilatın təmin edilməsi, yeni texnologiyaların mənimsənilməsi istiqamətində mühüm işlər görüb. “Azneft” İB 2018-ci ilin yanvar-mart ayları üçün qarşıya qoyulmuş hasilat planını artıqlaması ilə yerinə yetirib: “SOCAR və “Azneft” İstehsalat Birliyi üzrə neft hasilatının stabil saxlanılması və təbii qazın hasilatının artırılması üçün əsasən 3 istiqamətdə kompleks tədbirləri həyata keçirməyə davam edirik: bir çox fəaliyyətsiz quyularda hasilat bərpa edilib; mövcud quyuların effektli istismar edilməsi üçün geoloji-texniki tədbirlər görülüb; qazma işlərinin ümumi həcmi artırılıb”.

“Birinci rübdə “Azneft” İstehsalat Birliyi üzrə 1,5 milyon ton neft hasil edilib. Bundan başqa, neftçilər 1,4 milyard kubmetr qaz hasil edərək planı artıqlaması ilə yerinə yetiriblər. Ötən ilin müvafiq dövrü ilə müqayisədə “Azneft” üzrə qaz hasilatı 8 faiz artıb”, - deyə o əlavə edib.

“Azneft” İB-nin baş direktoru bildirib ki, qaz hasilatındakı çoxalma əsasən N.Nərimanov adına neft və qazçıxarma idarəsindəki (NQÇİ) artımın sayəsində olub. Ümumiyyətlə qaz hasilatının idarələr üzrə bölgüsünə nəzər yetirdikdə hasilatın 98,7 faizi dəniz yataqlarının (“28 May” NQÇİ – 79 faiz, N.Nərimanov adına NQÇİ – 17,4 faiz, “Neft Daşları” NQÇİ – 1,6 faiz və “Abşeronneft” NQÇİ isə 0,7 faiz), 1,3 faizi isə quru yataqlarının payına düşür. Ümumi qaz hasilatının 74,4 faizi təbii qazın, 25,6 faizi isə neftli qazın (səmt qazı) payına düşür.