07 may 2018 22:47
982

“Azneft”: Birinci rübdə 15 quyu qazılıb

SOCAR-ın “Azneft” İstehsalat Birliyi (İB) tərəfindən cari ilin ilk rübündə 15 quyu qazıb.

Bu barədə “Azneft” İB-nin baş direktoru Daşqın İskəndərov “Natural Gas World” jurnalına müsahibəsində deyib.

“Azneft” İB-nin baş direktoru bildirib ki, yataqların tammiqyaslı istismara daxil edilməsi, yeni quyuların qazılması işi bu ilin ilk üç ayında da uğurla davam etdirilib. Belə ki, “Azneft” İB-nin sifarişi əsasında 15 quyu qazılaraq istismara verilib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 33 faiz və ya 5 quyunun artıq qazılması deməkdir. Yeni quyuların qazılması nəticəsində neft hasilatının artımı planlaşdırılmış hasilat artımını 23 faiz üstələyib.

“Ötən üç ayda fəaliyyətsiz quyu fondundan 12 quyu planlaşdırıldığı halda, faktiki olaraq 29 quyu istismara qaytarılıb. Bu quyulardan planlaşdırılandan 65 faiz çox neft hasil edilib”, - deyə o qeyd edib.

D.İskəndərov deyib ki, bu nailiyyətlərin əldə olunmasında mühüm amillərdən biri də fəaliyyətdə olan işlək quyu fondundan optimal rejimləri seçməklə istifadə edilməsi və səmərəli texniki-geoloji tədbirlərin aparılması olub. Belə ki, cari ilin əvvəlindən 179 geoloji tədbir keçirilib, nəticədə bu quyulardan plana qarşı 2 dəfədən çox neft hasil olunub.