26 may 2023 22:37
507

Polad relslər üzərində möcüzə...

Ulu Öndərimiz Heydər Əliyevin 100 illik yubileyi dünyanın bir çox ölkələrində də hörmətlə qeyd edilir

Azərbaycan dəmir yolunun inkişafı xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə sıx bağlıdır. Ancaq hakimiyyətinin birinci mərhələsində SSRİ dəmir yolunun dirçəlişdən inkişafa çıxarılmasındakı müstəsna rolu Sovet İttifaqı kimi dünyanın quru hissəsinin üçdə birində şöhrətinin zirvəsini təşkil edir. Görün Rusiyada Heydər Əliyev barədə necə rəğbətlə danışırlar: “Heydər Əliyev Baykal-Amur Magistralının (BAM) tikintisinə dəstək verən və rəhbərlik edən Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvlərindən biri olub. Bu magistralın tikintisi ilə bağlı qərarı sayəsində bu gün Rusiyadan Şərqə yük daşıya bilirik”.

 Bu sözləri Rusiya Prezidentinin köməkçisi İqor Levitin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə və onun Baykal-Amur Magistralının tikintisinə verdiyi töhfələrə həsr olunmuş sərginin açılışında deyib. Sitatdan da göründüyü kimi, Ulu Öndərimiz Heydər Əliyevin xidmətləri Rusiyada indi də minnətdarlıqla xatırlanır və yüksək qiymətləndirilir. Mövzudan uzaqlaşmadan bildirək ki, keçmiş Sovet İttifaqının ərazisində Heydər Əliyevin izləri, əməlləri çoxdur və onlar bütün zamanlarda qədirbilən xalqların yaddaşında yüz illərlə yaşayacaqdır. Bu yazımızda biz müdrik dövlət xadiminin gördüyü işlərdən yalnız biri haqqında danışacağıq. Qoy dahi rəhbərimizin gördüyü bu işin əzəməti yüzilliyin zirvəsindən bir daha aydın görünsün.

...Yaşlı nəslin nümayəndəsi kimi yaxşı yadıma gəlir ki, 1970-ci illərdə Sovet İttifaqının avtomobil və dəmir yolları bərbad vəziyyətdə idi. 1973-cü ildə qatarla Bakıdan Vladivostok şəhərinə  əzab-əziyyətlə 10 günə getdiyim yaddaşımdan heç vaxt silinməz. Yüzlərlə stansiyalar, həddən artıq gözləmələr, sərnişinlərin iaşə xidməti ilə yarıtmaz təminatı, qatarın yavaş sürəti mənim kimi başqalarının da səbrini tükəndirirdi. Mənim kimi başqalarının da. 1920-30-cu illərdə çəkilmiş köhnə dəmiryol öz əhəmiyyətini itirməkdə idi. Xətlərin tez-tez xarab olması nəticəsində qatarların hərəkətində fasilələr yaranırdı. Yəni, qısaca desək, nasaz dəmiyollar yükləri bu başdan o başa və əks istiqamətdə intensiv daşımaq qabiliyyətini itirmişdi. Yeni dəmir yolunun çəkilməsi qarşıda vacib bir məsələ kimi dururdu.

Dəmir yollarının belə acınacaqlı vəziyyəti ilə əlaqədar olaraq SSRİ rəhbərliyi 3150 kilometr uzunluğunda Baykal-Amur Magistralının tikintisini qərara aldı. Baxmayaraq ki, bu qədər böyük ərazidə coxlu çaylar, dağlar, dərələr, təpələr, meşələr, göllər və digər təbii maneələr, relyef çətinlikləri mövcud idi.

Sovet İttifaqında BAM o vaxtlar əsrin tikintisi adlandırılırdı və Sovet rəhbərliyi bununla öyünürdü.  O zamanın nəhəng logistika layihəsi kimi ərsəyə gələn Baykal-Amur Magistralı əslində insan fədakarlığının bariz təcəssümü idi.  Bu magistralın tikintisində yüz minlərlə insan iştirak etmişdi. Azərbaycandan çox uzaqda yerləşən bu dəmir yolu marşrutunun inşasında azərbaycanlıların da böyük əməyi qeyd olunmalıdır. 1974-cü ildə bu magistralın tikintisi ilə bağlı qərar qəbul edildikdə o zaman Sovet İttifaqının tərkibinə daxil olan Azərbaycandan da minlərlə gənc BAM-ın tikintisinə cəlb olunmuşdu.

BAM-ın tikintisi başlayan zaman Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycana rəhbərlik edirdi. Həmin vaxt müttəfiq respublikalardan birinin rəhbəri kimi BAM-ın tikintisi ilə yaxından məşğul olurdu.  Heydər Əliyev BAM-ın inşası üçün yaradılan dövlət komissiyasının sədri olarkən bu tikintinin vaxtında başa çatdırılmasına əvəzsiz töhfə verirdi. BAM bu gün təkcə nəqliyyat infrastrukturunun həm mühüm bir hissəsi, həm də Avrasiya materikində yeni inkişaf layihəsinin vacib elementi kimi qiymətləndirilir.

Xatırladaq ki, nəhəng dəmir yolu magistralının 210-cu kilometrliyində azərbaycanlılar tərəfindən Ulkan stansiyası inşa edilib və onun ətrafında Ulkan qəsəbəsi salınıb. Oradakı inşaat işləri Heydər Əliyevin daimi nəzarəti altında idi. AzBAM tərəfindən reallaşdırılan inşaatda Heydər Əliyevin tapşırıq və tövsiyələri ilə binaların, infrastruktura aid olan obyektlərin, xüsusilə dəmir yolu vağzalının bəzədilməsində Azərbaycanın milli ornamentlərindən geniş istifadə olunub. Ulkanda olanlar açıq hiss edirlər ki, bu layihə azərbaycanlılar tərəfindən həyata keçirilib. BAM-ın tikintisinin tarixçəsini vərəqləyərkən vurğulamalıyıq ki,  azərbaycanlıların ilk inşaat dəstəsi 1975-ci ilin əvvəlində gəlib. Azərbaycanlıların da iştirakı ilə tikilən və uzunluğu 209 kilometr olan dəmir yolu xəttinin çəkilişi vaxtından iki ay əvvəl başa çatdırılıb. Bu fakt sübut edir ki, Azərbaycandan gedən peşəkar inşaatçılar və gənc fəhlələr dünyanın ən nəhəng dəmir yolunun çəkilməsində əsl əmək qəhrəmanlığı nümayiş etdiriblər.

Heydər Əliyevin həyat və fəaliyyətində Sovet İttifaqının ali hakimiyyətində yüksək partiya və dövlət vəzifəsi tutduğu dövr xüsusi yer tutur. 1982-ci ildə onun Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsinə irəli çəkilməsi bu vaxta qədər göstərdiyi fəaliyyətin və əldə etdiyi misilsiz uğurların hamı tərəfindən, o cümlədən ali partiya və dövlət rəhbərləri tərəfindən etiraf edilməsi demək idi. Qürur hissi ilə qeyd edirik ki, Heydər Əliyev Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini təyin edilməklə SSRİ-nin 18  nazirliyi onun nəzarətinə keçdi. Dediyimiz kimi, BAM miqyasına və əhəmiyyətinə görə çox böyük iqtisadi, siyasi və hərbi layihə idi. Həmin layihənin əsasında bu gün nəinki Rusiyanın, materikin dəmir yolu nəqliyyatının gələcək strategiyası inkişaf edir.

Nəql etdiyimiz kimi, BAM uzun bir tarixçəyə malikdir. Onun əvvəli Trans-Sibir dəmir yoluna gedib çıxır. Hələ Sovet dövlətinin ilk onilliklərində Sibir və Uzaq Şərq ərazilərini mərkəzlə əlaqələndirmək, onun sərvətlərinin istehsal edilməsinə, mal və məhsulların daşınmasına və istifadəsinə nail olmaq, ölkənin Şərq və Cənub-Şərq ərazilərini hərbi-strateji cəhətdən möhkəmləndirmək məqsədi belə nəhəng magistralın tikintisini zəruri edirdi. Digər tərəfdən, SSRİ-yə düşmən münasibətdə olan Çinin və Yaponiyanın müharibə təhlükəsi bu dəmir yolunun tikintisinə dərin zərurət yaradırdı. Lakin o dövrdə bu məqsədə nail olmaq üçün imkanlar məhdud idi. İqtisadi gücü zəif olan Sovet dövləti həmin planları reallaşdırmağa yalnız 1970-ci illərdə özündə güc tapdı. BAM-ın tikintisinə 1974-cü ildə start verildi. SSRİ rəhbərliyi tərəfindən iqtisadi, siyasi və hərbi strateji əhəmiyyət kəsb edən bu magistralın tikintisinin on il davam etdirilməsi və 1980-ci illərin ortalarında təhvil verilməsi planlaşdırılırdı. Əvvəlcə böyük hazırlıq işləri aparıldı. İlk illərdə bu nəhəng tikilinin ehtiyaclarını təmin etmək üçün Sovet İttifaqının bütün iqtisadi gücü və insan resursları səfərbər olundu. Miqyasının və əhəmiyyətinin nəhəngliyinə görə dünyanın ən nəhəng tikintiləri ilə müqayisə olunan BAM-da 3150 kilometr dəmir yolu çəkilməsi, minlərlə körpünün, stansiyaların, nəzarət-keçid məntəqələrinin, yol ayrıclarının tikilməsi, yol üstündə yeni şəhər və qəsəbələrin salınması nəzərdə tutulurdu.

1982-ci ilin sonlarında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi vəzifəsinə seçilən Yuri Andropovun komandası digər məsələlərlə yanaşı BAM-ın tikintisini də vacib və strateji sahə kimi uğurla irəli aparmağı və başa çatdırmağı planlaşdırdı. Bu ağır sahəyə rəhbərlik nüfuzlu, xalq təsərrüfatı sahəsində zəngin təcrübəyə malik olan Heydər Əliyevə tapşırıldı. 1983-cü il martın 4-də SSRİ Nazirlər Sovetinin BAM-ın tikintisi üzrə komissiyasının Heydər Əliyevin sədrliyi ilə keçirilən iclasında bu tikintinin ən aktual məsələləri və növbəti atılacaq addımlar gündəliyə salındı və müzakirə edildi. Heydər Əliyevin səyləri və verdiyi cəsarətli qərarın sayəsində 1984-cü ildə BAM-ın fəaliyyətə başlaması mümkün oldu. O vaxt BAM-ın bütün xətt üzrə işə düşməsinə başlıca maneə Severomaysk tunelində yaranmış obyektiv çətinlik idi. Məhz Heydər Əliyevin məsələni yerində araşdırması və düzgün qərar verməsi ilə tunelin dolama yolunun tikintisinə qərar verildi ki, bu da qarşıda duran problemi həll etməyə imkan verdi.

BAM- Trans-Sibir dəmir yolu Rusiyanın bugünkü nəqliyyat strategiyasının aktual mövzularından biridir. Bu, Rusiya hökumətinin "Dəmir yolu nəqliyyatının inkişafı" adlı sənədində də əksini tapıb. Bu gün də BAM-ın nə qədər böyük strateji əhəmiyyətə malik olması hər kəsə bəllidir və faktiki olaraq Sakit okean regionu və Avropa ölkələri arasında ən qısa yoldur. Rusiya Federasiyasının təbii ehtiyatlarının təxminən üçdə biri BAM-ın keçdiyi ərazilərdə yerləşir. Miqyasın nəhəngliyini təsəvvür etmək üçün qeyd edək ki, Baykal-Amur Magistralının əhatə etdiyi ərazi 1,5 milyon kvadratkilometrdir. Bu ərazidə məşhur Mendeleyev cədvəlinin demək olar ki, bütün elementləri var, yəni, Rusiyanın təbii sərvətlərinin böyük bir hissəsi bu ərazidədir. Göründüyü kimi, bu layihə həqiqətən də gələcəyə yönəlmiş layihə idi.

Xatırladaq ki, 2008-ci ilin iyulun 18-də Baykal-Amur magistralında Şərqi Sibir dəmir yolunun Anqoya stansiyasındakı vağzala Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adının verilməsi münasibətilə təntənəli mərasim keçirilib. Bunun bir neçə səbəbi vardı.

BAM tikintisinin vüsətlə getdiyi gərgin məqamda Dövlət Komissiyasının sədri kimi buraya bir neçə nazir və komitə sədri ilə işlərin gedişini yoxlamağa gələn Heydər Əliyevin bir jesti indi də təbəssümlə yad olunur. Relsləri bərkidən bir dəstə fəhlənin yanına gələn Heydər Əliyev ağır çəkici əlinə götürərək güclü zərbələrlə relsi şpala özü bərkitdi. Fəhlələr, nazirlər və komitə sədrləri bunu təbəssümlə seyr etdilər. Sonralar bu epizod Sovet İttifaqının televiziya kanalları ilə yayımlanmışdı. Bu sadə jest milyonlarla xalq kütləsinə Heydər Əliyevə olan məhəbbət və hörməti bir qədər də artırmışdı.

Bu gün də BAM-dakı Heydər Əliyev stansiyası oradan keçən hər bir azərbaycanlını və bizim hamımızı qürurlandıran bir məkandır. Azərbaycandan min kilometrlərlə uzaqlarda da Heydər Əliyev şəxsiyyətinə məhəbbətin bariz nümunəsi ürəyimizi dağa döndərir. Belə xidmətlərinə görə Ümummilli Liderimizin 100 illik yubileyi təkcə Rusiyada deyil, dünyanın bir çox ölkələrində böyük hörmətlə qeyd olunur. Ulu Öndər xalqların dərin hörmətini öz misilsiz fəaliyyəti ilə haqq edib. Azərbaycan xalqı isə görkəmli və sevimli rəhbərinin xatirəsini yüz illər bundan sonra da dərin məhəbbətlə yad edəcəkdir.

Vəli İlyasov, "İki sahil"

Yazı "Azərbaycan Dəmir Yolları" QSC və Azərbaycan Mətbuat Şurasının Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında keçirdiyi müsabiqəyə təqdim olunur.