Şəxsiyyətləri yetirən zaman dahilərin, müdriklərin simasında tarixiləşir, müasirləri tərəfindən dəyərləndirilir, gələcək nəsillərin həyatında da yaşanır. Belə şəxsiyyətlər siyasətləri ilə xalqına bələdçilik edir, çətin məqamlarda bayraqdar kimi öndə addımlayır, milyonları arxasınca aparmaq qabiliyyətləri ilə seçilirlər. Dünya tarixində liderliyi təyin edən dəyərlər sistemində çox az şəxsiyyətə nəsib olan bu xoşbəxtliyə sahib olanlar arasında sağlığında Ümummilli Lider məqamına yüksələn Heydər Əliyevin adı ilk sıralarda çəkilir.
Hələ sovetlər dönəmində Azərbaycanı inkişaf etmiş respublikalar sırasına çıxaran təcrübəli dövlət xadimi Heydər Əliyev tarixi nailiyyətimiz olan müstəqillik illərində də lider kimi xalqına bələdçilik etmiş, qüdrətli xilaskar kimi adını Azərbaycanın müasir tarixinə yazmışdır. Ulu Öndər Heydər Əliyevin təcrübəli siyasətci, müdrik dövlət xadimi olması təkcə Azərbaycan xalqı qarşısında tarixi xidmətləri ilə təsdiqlənmir. Ulu Öndərlə eyni vaxtda dünyanın siyasi gündəminin aktual məsələlərinin müzakirəsində iştirak edən həmkarları belə Onun qarşıdakı illər üçün nəzərdə tutulan müdrik siyasətinə heyran qalmış, təcrübəsindən bəhrələnmiş, gələcək nəsillərə də ərmağan etmişlər. Dünyanın tanınımış dövlət və siyasi xadimlərinin Ulu Öndərlə bağlı sözləri bu müdrik siyasətçinin fədakarlığına verilən dəyərlərdəndir.
«Bu qeyri-adi şəxsiyyət Azərbaycanı çiçəklənmə yoluna gətirib çıxarmışdır. Müxtəlif görüşlərimiz zamanı, xüsusilə Dağlıq Qarabağ münaqişəsi ətrafında müzakirələr apararkən, münaqişənin sülh yolu ilə həllində onun cəsarətini, müdrikliyini və qətiyyətini yüksək qiymətləndirdim.» (Fransa Respublikasının 22-ci Prezidenti Jak Şirak)
«Onun Prezident kimi fəaliyyəti dövründə ölkələrimiz arasında münasibətlərdə tərəqqi yarandı və Azərbaycan Avropa ilə əlaqələrini daha da yaxınlaşdırdı. Onun 1998-ci ilin iyulunda Britaniyaya uğurlu səfəri, xüsusilə də, Dauninq küçəsi 10 ünvanında yerləşən iqamətgahımda bizim görüşümüz yaxşı yadımdadır. O, Azərbaycanla Birləşmiş Krallıq arasında hazırda mövcud olan güclü əlaqələrin təməlini qoydu. Fəxr edirik ki, Britaniya şirkətləri tərəfindən qoyulan böyük sərmayələr vasitəsilə Birləşmiş Krallıq Azərbaycanın gələcək tərəqqisinə töhfələr verir.» (Böyük Britaniyanın 73-cü Baş naziri Toni Bleyr.)
«Heydər Əliyev təkcə Azərbaycanda deyil, bütün türk dünyasında tanınan və sevilən lider idi. Türkiyə-Azərbaycan dostluğunu çox gözəl ifadə edən «Bir millət, iki dövlət» ifadəsi də ona məxsusdur. Biz çalışmalıyıq ki, bu hikmətanə deyimin ifadə etdiyi amal bundan sonra da davam etsin. Böyük Heydər Əliyevin ruhu şad olsun deyə biz türk dünyasının birliyini və qardaşlıq münasibətlərini qoruyub möhkəmləndirməyə çalışmalıyıq» söyləyən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan türk dünyasının liderləri Mustafa Kamal Atatürklə Ulu Öndər Heydər Əliyevin adının qoşa çəkilməsini tarixi reallıq kimi dəyərləndirir.
Bu zirvəni xalqına xidməti, uzaqgörən siyasəti ilə fəth edən Ulu Öndəri dünya siyasətində dəst-xətti olan xadimlər sırasına daxil etmək olar. Müasirləri kimi ondan sonrakı nəsillər də milyonların sevimlisi Heydər Əliyevin liderliyini tamamlayan özünəinam formulunu tam araşdırmayıblar.
Ulu Öndərin liderlik fəlsəfəsinin təkrarolunmazlığını müəllifi olduğu « Heydər Əliyev. Tale yolları» kitabında hadisələrə xronoloji nəzər yetirməklə bildirən Nikolay Zenkoviç müəyyən zaman kəsiyində müşahidə etdiklərini qələmə almışdır. Müəllif Kremldə təmsil olunan yeganə müsəlman millətindən olan siyasətçi Ulu Öndərin qətiyyətini, məsuliyyətli kadr kimi müsbət keyfiyyətlərini əks etdirən epizodlardan nümunələr gətirməklə subut edir ki, məhz fitri istedada malik, hadisələri əvvəlcədən fenomen biliyi ilə düzgün qiymətləndirib, perspektivləri dərk edən zəka sahibi Heydər Əliyev kimiləri əsrdə bir dəfə yetişir. Belə şəxsiyyətlər isə həmişə diqqət mərkəzində olurlar.
Ulu Öndərə qarşı qısqanclığını hər addımda büruzə verən SSRİ-nin ilk və sonuncu prezidenti Mixail Qorbaçovu qıcıqlandıran da onun qətiyyətinə, istedadına paxıllıq duyğuları idi. «Kremldə sui-qəsdlər. Andropovdan Qorbaçova qədər» kitabının müəllifləri V. Solovyov və Y. Klepikova keçmiş İttifaq miqyasında yüksək vəzifə tutan, fenomen biliyə malik Heydər Əliyevi belə xarakterizə etmişdilər: « Əliyev həqiqətən də Siyasi Bürodakı yoldaşlarının yeknəsəq çevrəsindən kəskin surətdə seçilirdi- özü də təkcə milliyətinə görə yox.» Tanınmış telejurnalist Andrey Karaulov 1995-ci ildə yazırdı : « Əliyevin çox güclü fantastik yaddaşı var. Bunu tam ciddi deyirəm: o , öz yetmişillik həyatının hər bir gününü ən xırda detallarına qədər xatırlayır, hər şey onun yadındadır.» Bacarıqlı natiq, bütün nitqləri proqram xarakteri daşıyan və dövrünün ən istedadlı ictimai-siyasi xadimi kimi dəyərləndirilən Heydər Əliyevi müasirləri beynəlxalq miqyaslı siyasətçi adlandırırdılar. SSRİ-nin sabiq xarici işlər naziri Andrey Qromıko Baş nazirin müavini kimi ən məhsuldar kadr kimi maraq doğuran Heydər Əliyevin bacarığını belə qiymətləndirirdi: « O, MK üzvlərinin əksəriyyətinə xas olan tərbiyəsizlik, həyasızlıq yüngülxasiyyətlilik kimi keyfiyyətlərdən uzaq idi…Özüm özümə düşündüm: « Sovet İttifaqını idarə etmək üçün məhz belə cavan və enerjili rəhbər gərəkdir. Bu keyfiyyətlər Heydər Əliyevdə var.»
«Mən görkəmli dövlət xadimi Heydər Əliyevin müdrik zəkasına inanıram və bilirəm ki, onun rəhbərliyi altında Azərbaycan öz müstəqilliyini daha da möhkəmləndirəcək və əbədi edəcəkdir. Heydər Əliyevin uzaqgörən siyasəti xalqı və ölkəni firavanlığa, sürətli inkişafa gətirib çıxaracaqdır» söyləyən tanınmış amerikalı siyasətçi Henri Kissincerin sözləri zamanla doğruldu. Bu cür nümunələr isə istənilən qədərdir.
Ulu Öndər Heydər Əliyevin müdrik və uzaqgörən idarəçiliyi sayəsində Azərbaycan bu gün xarici siyasətində etibar və sabitlik amili kimi çıxış edən, iqtisadi inkişaf və sosial rifah yolunda möhkəm addımlarla irəliləyən, beynəlxalq birliyin nüfuzlu bir üzvü kimi etibarlı mövqeyini gündən-günə təmin etməkdə olan ölkədir.
Ümummilli Lider haqqında söylənilən xoş sözlər bir həqiqəti təsdiqləyir: Qismətinə tarixi dövrlərin qovşağında yaşamaq düşmüş müdriklər ona görə dahi adlandırılır ki, onlar dəyişən ictimai-siyasi formasiyaların tələbinə uyğun proseslərin önündə gedirlər. Cəmiyyətin yenicə formalaşan qanunauyğunluqlarının mahiyyətini uzaqgörənliklə dərk edir, baş verəcək hadisələri qarşıdakı onillərin proqnozlarını müəyyənləşdirməklə qiymətləndirir, uzagörən siyasətləri ilə tarix yazır, yaşadır və yaşayırlar.
Müdrikliyin əlamətlərini onların qabiliyyətlərinə görə fərqləndirənlərin dəyərlər sisteminə görə liderlik üçün təşəbbüs vərdişi, fərqli düşüncə əsasdır. Dahilik insanın intellektual keyfiyyətidir. Atributları isə ağıl, zəka, təfəkkür, hikmət və fikirdir. Dahilər ona görə «tarixiləşirlər» ki, Tanrının onlara verdiyi bu «sərvətləri» ehtiyatla, düşünülmüş, dövrün tələbinə uyğun, eyni zamanda milyonlara xeyir verəcək səviyyədə «xərcləyirlər.» Bu xüsusiyyətləri siyasi və şəxsi həyatında gerçəkləşdirən Heydər Əliyev kimi.
Tanrı Ona zamanın bağlı saxladıqlarını görə bilmək qabiliyyəti vermişdi. 20 Yanvar 1990-cı il hadisələri zamanı fərdi pensiyaçı kimi Azərbaycanın Moskvadakı Nümayəndəliyinə gələrək Bakıya yeridilən qoşunları ölkənin suverenliyinə təcavüz adlandıran, SSRİ rəhbərliyində əyləşən günahkarların cəzalandırılmasını tələb edən Ulu Öndərin cəsarətindən ehtiyatlanan SSRİ-nin ilk və sonuncu prezidenti Qorbaçov siyasi xadim Heydər Əliyevin qətiyyətini ikinci dəfə sovetlərin saxlanılması naminə keçirilən İttifaq müqaviləsinə, referenduma etiraz zamanı hiss etdi. Mixail Qorbaçovun rəhbərliyi ilə müdrik siyasətçi Heydər Əliyevə qarşı aparılan «qara piar»ın əsasında Ulu Öndərə olan paxıllıq, xəbislik hisslərinin güclənməsi idi.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi müddətdə Azərbaycanın müstəqilliyinin əbədiliyi naminə gördüyü işlər, dövlət atributlarnın bərpası ilə bağlı təklifini reallaşdırmaqla tarixi yaddaşımızı, milli təfəkkürümüzü özümüzə qaytaran dahi Heydər Əliyev ən böyük azərbaycanlı kimi milli-mənəvi sərvətlərimizin təbliğində , qorunmasında da vətəndaşlıq borcunu yerinə yetirirdi.
1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra müstəqil respublikanın Prezidenti kimi Azərbaycana rəhbərlik edən, ölkəni iqtisadi tənəzzüldən xilas edən, siyasi sabitlik yaradan, Azərbaycanı bölünmək təhlükəsindən xilas edən Ulu Öndər Heydər Əliyevin ən böyük tarixi xidməti neft strategiyasını hazırlamaq və «Əsrin müqaviləsi»nin imzalanması təşəbbüsünü reallaşdırması oldu. 1994-cü ildə Ermənistanla müharibə şəraitində yaşayan Azərbaycanın qeyri-sabit, riskli ölkə kimi tanındığı bir zamanda dünyanın ən iri maliyyə korporasiyalarının, neft şirkətlərinin Azərbaycana sərmayə yatırması müdrik şəxsiyyət Heydər Əliyevin liderliyinin dünyada təsdiqinin ifadəsi idi. Neft gəlirlərindən səmərəli , şəffaf istifadə üçün yaradılan Azərbaycan Respublikası Dövlət Neft Fonduna toplanılan vəsaitin ölkə iqtisadiyyatının inkişafına, sosial sahələrdə aparılan islahatlara yönəltməklə əhalinin güzəranının yaxşılaşdırılması Ulu Öndərin dövlətçilik təcrübəsinin nəticəsi idi.
Dövlətimizin xarici siyasətini qarşılıqlı əməkdaşlıq prinsipləri əsasında formalaşdıran, təkmilləşdirən ölkəmizi unikal dövlətə çevirən xilaskarlıq missiyasını uğurla davam etdirən Heydər Əliyevin ən böyük arzusu və xalqına xidmətinin əsas qayəsi Azərbaycanı dünyada qüdrətli dövlət kimi tanıtmaq, torpaqlarımızın Ermənistanın işğalından azad olunması idi. O dövrdə keçmiş sovetlər məkanında Gürcüstanda, Moldovada ərazi ilə bağlı münaqişələr olsa da artıq tarixin arxivinə atılmış «Dağlıq Qarabağ» münaqişəsinin ilk olaraq beynəlxalq səviyyəyə çıxarılması dahi lider Heydər Əliyev qətiyyətinin, siyasətinin, iradəsinin böyük uğuru idi. O dövrdə belə Ermənistanın Azərbaycana qarşı təcavüzkarlıq siyasətinin əsl səbəblərini faktlar əsasında dünya ictimaiyyətinə çatdıran təcrübəli dövlət xadimi Heydər Əliyev müstəqilliyimizin əbədiliyi naminə tarixi addımlar atdı. Azərbaycana qarşı edilən təxribatların, təzyiqlərin, təhdidlərin qarşısını siyasi qüdrətinin gücü ilə aldı. Dünyaya bəyan etdi ki, suveren dövlətin vətəndaşları müstəqilliyini, varlığını öz gücü ilə qoruya biləcək qəhrəmanlıq tarixinə malik bir nəslin varisləridirlər. Bəzi məqamları xatırlayaq.
… 1994-cü ildə ATƏT-in Lissabon Sammitində 53 ölkənin dövlət başçısı ( Ermənistandan başqa) Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı təklifə səs verdi. Ulu Öndərin siyasəti, beynəlxalq aləmdə artan nüfuzu sayəsində dünya ictimaiyyəti Ermənistanın Azərbaycana qarşı işğalçılıq faktını tanıdı.
… 1992-ci ilin oktyabrında ABŞ Konqresinin «Azadlığa Dəstək Aktı»nın 907-ci maddəsinə düzəliş Ulu Öndəri narahat edirdi. 1997-ci ildə Prezident kimi Vaşinqtona səfəri zamanı amerikalı həmkarı Bill Klintonla bu ədalətsiz qərarın ləğvi ilə bağlı müzakirələr aparan Heydər Əliyev bir daha qətiyyətli lider olduğunu sübut etdi. ABŞ «907»nin ləğvi üçün Azərbaycan- Ermənistan sərhədinin hər hansısa ərazisində işğalçılara ticarət üçün imkan yaradılmasını təklif edirdi. Ulu Öndərin bu təklifə cavabı belə oldu : «Azərbaycan indiyədək 907-ci maddə ilə yaşamışdır, bundan sonra da yaşayacaq.» Eyni qətiyyət 1998-ci ildə Rusiya tərəfindən irəli sürülmüş « ümumi dövlət» təklifinə qarşı da göstərildi. Təcrübəli, uzaqgörən siyasətçi kimi ABŞ-ın və Fransanın da dəstəklədiyi bu təklifə rədd cavabı verən qətiyyətli siyasətçi Heydər Əliyev göstərdi ki, supergüclərlə müqayisədə kiçik bir ərazidə yerləşsə də məğrurluğunu , müstəqilliyini saxlayan Azərbaycan heç bir dövlət qarşısında əyilmədiy kimi, məğrurluğunu da qorumağa qadirdir. Ümummilli Lider beynəlxalq ictimaiyyətə bəyan etdi ki, Azərbaycanın daxili işlərinə müdaxiləyə heç zaman yol verilməyəcək.
Yaratdığı doğma, sağlam mühitdə soydaşlarımızda milli təfəkkürü, ideologiyanı formalaşdıran əsl azərbaycanlı kimi sevilən Ulu Öndər Heydər Əliyev xalqına , Vətəninə sadiq vətəndaş kimi xidmət göstərməklə zəngin tarixə malik 50 milyonluq bir xalqın lideri, Tanrının məxsusi seçdiyi bir insan olduğunu da təsdiqlədi. Nadir istedad və qabiliyyətini xalqına həsr etdi. Vətəninə bağlı bir insan kimi başa düşürdü ki, minillər boyu formalaşmış mənəvi dəyərləri heç bir cəza ilə xalqın şüurundan çıxarmaq olmaz.
«Heydər Əliyev dahi şəxsiyyət, uzaqgörən lider, cəsarətli insan idi. O, öz həyatını doğma xalqına həsr etmişdir. Bütün dövrlərdə xalqa ləyaqətlə, sədaqətlə xidmət etmişdir. Cəmiyyətin ictimai-siyasi quruluşundan asılı olmayaraq, Heydər Əliyev bütün dövrlərdə xalqın dəstəyini hiss edərək Azərbaycanı inamla irəliyə aparırdı. Sovet dönəmində və müstəqillik dövründə Azərbaycan üçün, xalqımız üçün ən həlledici anlarda Heydər Əliyevin liderlik keyfiyyətləri, onun müdrikliyi, düşünülmüş siyasəti və cəsarətli addımları xalqımızı böyük bəlalardan xilas etmişdir. Xalq ona inanırdı, onu sevirdi və bütün dövrlərdə ona arxa-dayaq olmuşdur» söyləməklə bu ideyaları layqincə davam etdirən Prezident İlham Əliyev bu yolda xalqa inamla bələdçilik edir.
Xuraman İsmayılqızı, «İki sahil»