27 may 2023 11:41
768

Gəncədə “Xurşidbanu Natəvan” tamaşası nümayiş olunub - FOTOLAR

Gəncə şəhər Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan İlyas Əfəndiyevin “Xurşidbanu Natəvan” pyesi əsasında hazırlanan tamaşa nümayiş olunub. Pyes Gəncə şəhər Heydər Əliyev Mərkəzinin və Gəncə Dövlət Universitetinin birgə təşkilatçılığı ilə Gəncə Dövlət Universitetinin tələbələrinin təqdimatında göstərilib.

“İki sahil” xəbər verir ki, tədbirdə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban verən şəhidlərin əziz xatirələri yad edilib.

Tamaşadan əvvəl Milli Məclisinin deputatı, Gəncə Dövlət Universitetinin elm və innovasiyalar üzrə prorektoru Pərvin Kərimzadə, Gəncə Dövlət Universitetinin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva və Gəncə şəhər Heydər Əliyev Mərkəzinin direktor əvəzi İlknur İsgəndərova öz çıxışlarında həvəskar gənclərə bu tamaşanı “Heydər Əliyev İli” çərçivəsində hazırladıqları üçün təşəkkür ediblər. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyev teatrı çox sevirdi. Ulu Öndərimizdə teatra sonsuz məhəbbəti yaradan isə ilk əvvəl Naxçıvanın teatr mühiti olub. Doğma şəhərindəki dram teatrının tamaşalarına xüsusi maraq göstərən gənc Heydər Əliyev, demək olar ki, 14 yaşından bu qədim sənət ocağının daimi tamaşaçısına çevrilir. Teatra vurğunluğu onu 1938-ci ildə Naxçıvan Şəhər Pionerlər Evində yenicə təşkil olunan dram dərnəyinə gətirir. O zaman bu dərnəyin təşkilatçısı və rəhbəri, Naxçıvan Dövlət Dram Teatrının aktyoru Miribrahim Həmzəyev bu istiqanlı yeniyetmədə fitri istedadı sezərək, ona əvvəlcə əsas rolları, sonrakı tamaşalarda isə baş rolları etibar edir. Naxçıvan Pedaqoji Məktəbində təhsil aldığı illərdə bu dram dərnəyinin fəal üzvü olan Heydər Əliyev burada hazırlanan “Qaralar ölkəsində” (K. Həsənov), “Lənkəran xanının vəziri” (M.F. Axundov), “On min manatı kim uddu” (M. S. Ordubadi), “Qanlı döyüş” (İ. Həmzəyev) kimi tamaşalarda oynadığı rollarla tamaşaçıların, xüsusən də müəllimləri və tələbə yoldaşlarının rəğbətini qazanır. 1939-cu ildə Naxçıvanda təhsilini başa vurub Azərbaycan Sənaye İnstitutuna daxil olan Heydər Əliyev teatr aləmindən ayrı düşməsi ilə barışa bilmir və çox keçmədən bu işə maraq göstərən istedadlı tələbələri bir yerə toplayaraq institutda dram dərnəyi yaradılmasına nail olur. 1981-ci ildə görkəmli dramaturqumuz İlyas Əfəndiyevin “Xurşud Banu Natəvan” pyesinin tamaşasına Azərbaycan KP MK-nin büro üzvləri ilə birlikdə baxan Heydər Əliyev əsərin və tamaşanın orijinal təhlilini vermiş, ifaçılara öz fikirlərini söyləmişdi: “Siz ilk növbədə Natəvan – bu şairə haqqındakı şayiələrə son qoydunuz. Natəvanı gözəl Azərbaycan qadını kimi bizə təqdim elədiniz, bununla yanaşı, gözəl xan qızının timsalında siyasi baxımdan və onun xan qızına layiq hərəkətləri ilə bizim şərq qadınlarının obrazını yarada bildiniz. Mən buna görə sizə sağ ol deyirəm. Həm də son monoloqunuza görə sağ ol deyirəm”.