27 may 2023 15:16
239

28 May - Müstəqillik Gününə həsr olunmuş tədbirlər keçirilib - FOTOLAR

Fövqəladə Hallar Nazirliyinin (FHN) regional mərkəzlərində 28 May - Müstəqillik Gününə həsr olunmuş tədbirlər keçirilib.

Nazirliyin mətbuat xidmətindən "İki sahil"ə bildirilib ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin regional mərkəzlərin inzibati ərazilərində ucaldılan büstü qarşısına gül dəstələri qoyulub, Ümummilli Liderin əziz xatirəsi ehtiramla anılıb. Dövlət Himninin səsləndirilməsi ilə başlanan toplantılarda bildirilib ki, 1918-ci il mayın 28-i Azərbaycan xalqının azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunmuş bir tarixdir. Həmin tarixdə müsəlman Şərqində ilk dəfə dünyəvi dəyərlərə söykənən demokratik, müstəqil respublikanın yarandığı dünyaya bəyan edilib.

Çıxış edənlər müasir, müstəqil və güclü Azərbaycanın qurulmasında Ümummilli Lider Heydər Əliyevin tarixi rolundan danışıblar. Qeyd edilib ki, Ulu Öndərin güclü iradəsi, zəngin siyasi təcrübəsi və hədsiz Vətən sevgisi sayəsində Azərbaycan parçalanmaq, müstəqilliyini itirmək təhlükəsindən xilas olub. Bu gün Ümummilli Liderin mütərəqqi siyasi kursunun mahir davamçısı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə ölkəmiz sürətlə inkişaf edir. Bildirilib ki, məhz Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında qüdrətli Azərbaycan Ordusu tarixi Zəfərə imza ataraq 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olan torpaqlarımızı azad edib, ərazi bütövlüyümüz bərpa olunub.

Sonda 28 May – Müstəqillik Günündən bəhs edən sənədli film nümayiş olunub.