29 may 2023 12:02
775

Türk xalqı 28 mayda tarix yazdı: Ərdoğanla yola davam!

Prezident seçkilərində Ərdoğanın qələbəsi Türkiyə və Azərbaycanda böyük sevinclə qeyd olunur

Mayın 28-də Türkiyədə prezident seçkilərinin ikinci turu keçirilib. Türk xalqı səsvermədə yüksək fəallıq nümayiş etdirib. Yerli vaxtla səhər saat 08:00-dan etibarən seçki məntəqələrinə gələn Türkiyə vətəndaşları ölkənin gələcəyinə səs veriblər. Səsvermə yerli vaxtla saat 17:00-də başa çatıb.

Prezident vəzifəsi uğrunda 2 namizəd mübarizə aparıb. Bunlar “Cümhur İttifaqı”nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan, “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğludur.

Türkiyə Ali Seçki Komissiyasının sədri Ahmet Yener jurnalistlərə açıqlamasında qeyd edib ki, Türkiyə prezident seçkilərinin ikinci turunda seçki qutularının hamısı açılıb. Rəcəp Tayyib Ərdoğan 52,14, Kamal Kılıçdaroğlu isə 47,86% səs qazanıb. Beləliklə, qardaş türk xalqı növbəti dəfə sabitlik və inkişafa, demokratiyaya səs verdi.

“Cümhur İttifaqı”nda Ədalət və İnkişaf Partiyası, Milliyyətçi Hərəkat Partiyası, Böyük Birlik Partiyası, Yenidən Rifah Partiyası, Hür Dava Partiyası və Demokratik Sol Partiyası birləşib. “Millət İttifaqı”nda Cümhuriyyət Xalq Partiyası, İYİ Partiya, Səadət Partiyası, Gələcək Partiyası, Demokrat Partiyası və Demokratiya və İnkişaf Partiyası (DEVA) təmsil olunur. Mayın 14-də baş tutan seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50%-dən çox səs toplamadığı üçün mayın 28-də səsvermənin ikinci turu keçirilib. İkinci turda daha çox səs toplayan Ərdoğan növbəti 5 il üçün Türkiyə Prezidenti seçilib.

İlk turda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 49,51%, müxalifət lideri Kılıçdaroğlu isə 44,88% səs toplamışdı.

Ərdoğan seçkilərdə qələbə münasibəti ilə xalqa müraciəti zamanı deyib ki, bu gün Türkiyə əsrinin qapısı açılıb: “Qəlbi və gözü bizdə olan dostlarımızın ümidlərini birlikdə doğrultduq. Türk xalqı 28 mayda tarix yazdı. Qarşımızda 2024-cü il var. Həmin ildə İstanbulumuzu yenidən qazanmaq üçün çox çalışacağıq”. Onun sözlərinə görə, bundan sonrakı əsas hədəf xalqın birliyinə sahib çıxmaqdır: “Heç kim bu ölkənin qazanclarına göz dikə bilməz. Qardaş ölkə prezidentləri sevincimizi bizimlə bölüşürlər”.

Prezident Ərdoğanın zəfərinə ilk təbrik qardaş Azərbaycandan 

Dövlətimizin başçısı İlham Əliyev mayın 28-də Ərdoğana zəng edərək prezident seçkilərində əldə etdiyi qələbə münasibətilə təbrik edib. Azərbaycan Prezidenti həmçinin Ərdoğana təbrik məktubu da ünvanlayıb. Məktubda dövlətimizin başçısı qeyd edib ki, tarixən qırılmaz tellərlə bir-birinə bağlı olan xalqlarımızın iradəsindən qaynaqlanan Azərbaycan-Türkiyə əlaqələrinin bu gün dünyada bənzəri yoxdur. Sarsılmaz dostluq və qardaşlığımız, qarşılıqlı faydalı əməkdaşlığımız, birgə gerçəkləşdirdiyimiz irimiqyaslı layihələr strateji müttəfiqliyimizi səciyyələndirən mühüm amillər olmaqla yanaşı, eyni zamanda regional əməkdaşlığın, təhlükəsizliyin və sabitliyin onurğa sütununu təşkil edir.

Prezident İlham Əliyev həmçinin vurğulayıb ki, Azərbaycanın öz torpaqlarının işğaldan azad olunması uğrunda apardığı mübarizədə şəxsən “Sizin, qardaş Türkiyə dövləti və xalqının qəti, birmənalı siyasi və mənəvi dəstəyi xalqımız tərəfindən həmişə böyük minnətdarlıq hissi ilə xatırlanır. Əziz Qardaşım, fürsətdən istifadə edərək Sizi ilk səfərinizi Azərbaycana həyata keçirməyə dəvət edirəm” – deyə, məktubda qeyd olunub.

Azərbaycan Prezidentinin Ərdoğanı təbrik etməsi Türkiyə mediasında geniş işıqlandırılıb. Türkiyənin əksər televiziyaları və tanınmış xəbər agentlikləri bu xəbəri işıqlandırıb. Türkiyə mediası Prezident İlham Əliyevin təbrikini “Prezident Ərdoğanın zəfərinə ilk təbrik qardaş Azərbaycandan gəldi” başlığı ilə yayıb. Türkiyə mediası Prezident İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanı Azərbaycana rəsmi səfərə dəvət etməsini də xüsusi vurğulayıb.

Ərdoğanın qələbəsi Azərbaycanın müxtəlif şəhərlərində, o cümlədən Bakı və Gəncədə təntənəli şəkildə qeyd olunur. Çoxlu sayda sakinlər Azərbaycan və Türkiyə bayraqları ilə şəhərin mərkəzi meydanında toplaşaraq bu tarixi qələbəni bayram kimi qeyd edirlər.

Qardaş ölkə sabitlik, inkişaf və demokratiyanı seçdi

Ümumiyyətlə, Türkiyə son 21 ildə Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə çox böyük inkişaf yolu keçib. Qardaş ölkənin milli iqtisadiyyatının, texnologiyasının inkişafı, Türkiyə Silahlı Qüvvələrinin həm Cənubi Qafqazda, həm Balkanlarda, eyni zamanda Afrikada, Yaxın Şərqdə, Qətərdə nüfuz qazanması, həmçinin dost ölkənin dünya çapında rolunun artması, Rusiya ilə Ukrayna arasında vasitəçilik etməsi və bir çox sahələrdə əməkdaşlığın yüksək olması Azərbaycan xalqını sevindirir.

İki qardaş ölkənin regionda mühüm əhəmiyyət daşıyan  birliyinin gələcəyi və bölgədə baş verən proseslərə təsir imkanları da böyükdür. Azərbaycan-Türkiyə münasibətləri əslində müəyyənləşmiş bir düstur sistemi əsasında inkişaf edir. Biz “Bir millət, iki dövlət” düsturu ilə bu münasibətləri çoxşaxəli əməkdaşlıq, tərəfdaşlıq və qardaşlıq kimi görürük. Hər iki ölkə birgə dünya üçün çox mühüm layihələr həyata keçirir. Söhbət enerji və nəqliyyat layihələrindən gedir.

Azərbaycan və Türkiyə strateji tərəfdaşlığı hazırda bütün dünya xalqları və ölkələri üçün nümunə ola biləcək bir inkişaf modelidir. Bu, bir işıqlı yoldur. Bu model bütün dünya üçün çox vacibdir. Bir sözlə, təkcə bizim bölgədə deyil, dünyada sabitliyin və inkişafın təməl sistemini formalaşdıra bilən Azərbaycan - Türkiyə birliyi daha böyük gələcəyə malikdir.

Cavid Əkbərov, “İki sahil”