29 may 2023 13:47
535

Alleqri: Çempion olmaq istəsəydim, "Yuventus"a gəlməzdim

"Yuventus"un baş məşqçisi Massimiliano Alleqri komandasının ÇL-ə vəsiqədən məhrum olması haqqında danışıb.

“İki sahil” xəbər verir ki, mütəxəssis "Milan"a 0:1 hesabı ilə uduzduqları görüşdən sonra açıqlamasında bildirib: "Bu gün əlimizdən gələnin ən yaxşısını etdik. Mövsüm anormaldır, bu, hamıya aydındır. İnsanlar uğursuzluğumuzdan danışırlar, amma baş verənlərə baxmayaraq, biz yenə də 69 xal qazandıq. Bununla fəxr etməli və futbolçulara minnətdar olmalıyıq. Meydandan kənar hadisələr olmasaydı, Çempionlar Liqasında iştirak edəcəkdik. Üzr istəyirik, amma bizim mövsüm "Sevilya"da başa çatdı. Həmin an zehni enerjimiz tükəndi. Əla təməlimiz var, hər şeyin üstündən xətt çəkə bilməzsiniz. "Yuventus"un gələcəyini qurmağa çalışarkən bu təməldən qurtulmaq böyük səhv olardı.

"Yuventus"a qayıdanda qazanmağın çətin olacağını bilirdim, başqa cür düşünəcək qədər axmaq deyiləm. Çempion olmaq istəsəydim, başqa yerə gedərdim. Bu ailənin və klubun mənə ehtiyacı olduğu üçün qayıtdım".

Qeyd edək ki, bu mövsüm maliyyə pozuntularına görə A seriyasında "Yuventus"un 10 xalı silinib. Komanda növbəti mövsüm ÇL-də iştirak etmək şansını itirib.