31 may 2023 22:14
563

HEYDƏR ƏLİYEVİN SİYASİ FƏALİYYƏTİ MİLLİ VƏ ÜMUMBƏŞƏRİ DƏYƏRLƏR SİSTEMİNDƏ...

Təqdirəlayiq və qürurverici haldır ki, zəmanəmizin görkəmli siyasi xadimi olan Ulu Öndərimiz Heydər Əliyevin dərin məzmunlu, çoxşaxəli dövlətçilik fəaliyyəti böyük bir dönəmin tarixinin uca zirvələrini əbədi olaraq fəth etmişdir. Artıq siyasi, fəlsəfi sferalar sistemində Heydərşünaslıq elmi zəngin nəzəri irs kimi getdikcə daha böyük önəm kəsb etməkdədir. Ona görə ki, Heydər Əliyev siyasətinin mahiyyəti və məzmunu Azərbaycan cəmiyyətində öz qarşılıqlı münasibətləri ilə, eləcə də dövlətlə, hakimiyyət təsisatları ilə bağlılıq kəsb edən həyat fəaliyyətinin spesifik forması kimi səciyyələnir. Siyasətin cəmiyyətdə fəaliyyəti və mövcudluğu yalnız dövlət və hakimiyyətlə deyil, əslində siyasi xadimin dövlətçilik fəaliyyətinin mahiyyəti, məqsədi, universal və mürəkkəb xarakteri ilə müəyyənləşir. Heydər Əliyev dühası, siyasəti elə təsisatları, prinsipləri, normaları özündə ehtiva edərək elə cilalayırdı ki, həmin dəyərlər Azərbaycan cəmiyyətinin yeniləşməsi, dövlət - vətəndaş münasibətlərinin həyat və inkişaf fəaliyyətini bütün gücü intellekti ilə təmin edir, mənafeləri, tələbatları tam dolğunluğu ilə reallaşdırır. Məlumdur ki, siyasət xüsusi sosial fenomen olmaq etibarilə şəxsiyyətin və sosial subyektlərin tələbatı kimi təzahür edir. Heç də təsadüfi deyil ki, həm yerli, həm də xarici tədqiqatçıların böyük əksəriyyəti Heydər Əliyevin yeni cəmiyyət ideyalarını, əsasən də milli, daha sonra isə ümumbəşəri dəyərlər vəhdətini həmişə xüsusi mənalandırırlar: Heydər Əliyevin demokratiya, sosial ədalət, vətəndaş cəmiyyəti, söz, fikir və vicdan azadlığı sahəsində həyata keçirdiyi ardıcıl, silsilə tədbirlər ulu rəhbərin fəaliyyətinin tərkib hissəsi kimi səciyyələndirilir. Heydər Əliyevin siyasətində ölkəmizdəki gündəlik həyatda özünü ictimai işlərin idarə olunmasında və ona rəhbərlikdə dövlətlə siyasi təşkilatlar, partiyalar, hakimiyyətə təsir göstərən müxtəlif qruplar arasındakı münasibətlərdə məqsədyönlü fəaliyyət kimi təzahür etdirir.

Siyasət əməli həyatda insanların həyat fəaliyyətinin spesifik sferası, davranışın xüsusi tipi və dövlətlərarası münasibət kimi üzə çıxır. Siyasət eləcə də cəmiyyət üzvlərinin, sosial subyektlərin spesifik fəaliyyət növüdür. Siyasətə xas olan bu xüsusiyyət onunla müəyyən olunur ki, o, insanların fəaliyyəti sayəsində təşəkkül tapır. Siyasətin məzmununda siyasi fəaliyyət həlledici əhəmiyyətə malikdir.Görkəmli siyasi xadim olan Heydər Əliyevin siyasi fəaliyyətinin siyasi dəyərlər sistemində xüsusi, böyük mövqe tutması, həm də onunla səciyyələnir ki, bu fəaliyyət məhz siyasi həyatın məzmunu, dövlət və vətəndaş, toplum və fərd qarışıqlığının anatomiyasının yeniləşməsi tamamilə dərin məna və zəngin mahiyyət etibarilə yeni sosial mənzərələrinin təkmilləşməsi təşkil edir. Politoloqların fikrincə, siyasi fəaliyyətin siyasi dəyərlər sistemində yerinin düzgün, məqsədyönlü müəyyənləşdirilməsi siyasətin mahiyyətini açıqlamağa imkan yaradır. Bu baxımdan Heydər Əliyevin siyasi fəaliyyətinin məzmunu dolğun, universal və çoxcəhətlidir. Həmin konkret məzmuna əsasən dövlət işlərində fəal iştirak etmək, dövlətin fəaliyyətinin formalarını, vəzifələrini və istiqamətini müəyyənləşdirmək, hakimiyyətin bölünməsi, onun fəaliyyətinə nəzarətin, eləcə də siyasi təsisatlara təsir göstərmək prinsipləri daxildir. Axı, siyasi fəaliyyətin bilavasitə obyektinə siyasi dəyərlər,yəni- siyasi birliklər, siyasi ənənələr, siyasi prinsiplər, siyasi inam, siyasi təcrübə və başqa təsisatlar, bütövlükdə cəmiyyətin siyasi sistemi və ona aid olan sosial qruplar, partiyalar, elitalar və liderlər daxildir. Siyasi fəaliyyətin konkret subyektləri isə müxtəlifdir.

Bu baxımdan Heydər Əliyevin siyasi irsini bir daha nəzərdən keçirərkən 1993-2003- cü illərdəki yenilməz və qüdrətli dövlət siyasətinin konsepsiyası ilə Azərbaycan cəmiyyətinin konstruktiv yeniləşməsini, inkişafını daha aydın təsvir etmək olur. Böyük rəhbərin dövlət və cəmiyyət quruculuğu ideyaları bir mərhələdən başqa mərhələyə keçə-keçə, yəni Azərbaycan cəmiyyəti yeni siyasi məkana transformasiya olundu, sonra vətəndaş cəmiyyətinin bazasının yaranma prosesi başa çatdı, daha sonra isə ictimai- siyasi şüur postindustrial dəyərlər toplusunda özünə yer tapdı. Bütün bu və bu kimi siyasi fəaliyyət sosial subyektlərin fəallığının özünəməxsus sferası kimi səciyyələnir. Həyata keçirilən siyasi funksiyalar ölkədəki siyasi fəaliyyətin növlərinin ümumiləşmiş ifadəsidir. Bizim fikrimizcə, siyasi fəaliyyətə maraq müxtəlif amillərlə bağlıdır. O, hər şeydən əvvəl mənafe və tələbatla müəyyən olunur,siyasi elmə aid ədəbiyyatda siyasi fəaliyyətin səbəbləri müxtəlif mövqedən müəyyənləşdirilir. Heydər Əliyevin yenilməz liderliyinin və parlaq şəxsiyyətinin bir- birini tamamlaması onun milli dəyərlərlə ümumbəşəri dəyərləri özündə birləşdirməsi ilə ehtiva edilir.

 

 Şəxsiyyətin fəaliyyətinin siyasi mənası onun ictimai münasibətlər sisteminə nə dərəcədə cəlb olunması da əsas dəyərləndirmələrdən sayılır. Siyasi fəaliyyətin legitimliyi onun cəmiyyətdəki mövcud qaydalara uyğunluğunu əks etdirir.

Siyasi fəaliyyəti dəyərləndirən xüsusiyyətlərdən biri də onun səmərəliliyidir. Təsadüfi deyil ki, Heydər Əliyevin qurucusu və baş memarı olduğu müasir müstəqil Azərbaycan Respublikasında siyasi fəaliyyətin səmərəliliyi hər şeydən əvvəl, siyasi mənafelərin, məqsədlərin, tələbatın dərk olunmasına istiqamətlənir. Ulu Öndərin təliminə görə siyasətə yol yalnız xalqımızın, dövlətimizin mənafelərdən keçib gedir.

İnsan - dövlət, dövlət- cəmiyyət qarşılıqlı münasibətlərinin səmərəli və çoxcəhətli xarakteri siyasi fəaliyyətin təsnifatı üçün meyar kimi qəbul edilir. Müasir Azərbaycan cəmiyyətində demokratikləşmənin əsasında insanların həyat norması, davranış qaydaları sosial ədalət prinsipləri, vətəndaş təşəbbüskarlığı, acıq cəmiyyət, insan hüquq və azadlıqlarının kontekstində fundamental söz və fikir azadlığı dayanır. “Yolumuz demokratiya yoludur” deyən Heydər Əliyevin Azərbaycan cəmiyyətində yaratdığı siyasi elmə aid zəngin ədəbiyyat xəzinəsində siyasi fəaliyyət bütövlükdə bir neçə qruplara ayrılır: siyasi sistem çərçivəsində fəaliyyət; siyasi sistemin ictimai mühitə münasibəti ilə bağlı olan fəaliyyət; siyasi hakimiyyət təsisatlarını əhatə edən sosial mühitin müşahidə etdiyi fəaliyyət, demokratik dövlət quruculuğunu şərtləndirən dünyəvi hüquqi prinsiplərə əsaslanan və elmi- siyasi intellektual ehtiyatlar bazasında qurulan cağdaş modellər...Bu kimi fəaliyyət qrupunun mahiyyətini əsas kimi qəbul edən siyasi tədqiqatçılar Heydər Əliyev kimi görkəmli siyasi xadimin siyasi yanaşmalarını fəaliyyət tipləri məqsədləri və vasitələrinə görə fərqləndirirlər.

Cəmiyyət üzvlərinin siyasi fəaliyyəti onların davranışı ilə sıx surətdə bağlıdır. Siyasi sferada fəallıq təzahür etdirmək yalnız siyasi fəaliyyətlə uzlaşmır, eləcə də siyasi aktiv davranışla şərtlənir. Siyasi davranış siyasi fəaliyyət prosesində sosial subyektlərin statusunu da əks etdirir. Siyasi davranış fərdlərin, sosial təbəqə və qrupların siyasi sistemə, hakimiyyət təsisatlarına, bütövlükdə bütün siyasi təsisatlara və mövcud sosial sistemin - cəmiyyətin siyasi quruluşuna münasibətini aydın ifadə edir. Ümummilli Lider Heydər Əliyev dövlət quruculuğu ilə demokratik cəmiyyətin formalaşmasını bir- biri ilə bağlı və qarşılıqlı surətdə əlaqəsinin ciddi əsaslarını həmişə önə gətirərək deyirdi: “Dövlət quruculuğu və cəmiyyətin formalaşması məhz demokratik prinsiplər əsasında olmalıdır. Siyasət və iqtisadiyyatda sərbəstlik, hüriyyət, insan azadlığı, insan haqlarının qorunması və sərbəst iqtisadiyyat, bazar iqtisadiyyatı prinsipləri ilə bərqərar olmalıdır.”

Siyasi hürriyyət siyasi subyektlərin siyasi fəaliyyətinin müxtəlif növləri və onların qarşılıqlı münasibətləri həmin proseslərin təzahürünə səbəb olur. Siyasi proses ümumiləşdirici mahiyyət kəsb edir. Sözün geniş mənasında siyasi proses anlayışı cəmiyyətin siyasi sisteminin bütün ünsürlərini və tərəflərini əhatə edir. Siyasi prosesin öyrənilməsi siyasi təsisatların və subyektlərin xüsusiyyətlərini həmişə geniş təbliğ etməklə rəhbərin, siyasi fəaliyyətin dərin, dolğun mənasını strateji siyasi obraz, milli və ümumbəşəri ideya və gələcəyin işıqlı üfüqləri kimi xarakterizə edirlər.

Çünki siyasi dəyişikliklərin səbəbi və məzmunu kimi səciyyələnən məsələləri özündə ifadə edən siyasi inkişaf və siyasi prosesin öyrənilməsi siyasi həyatı dinamik baxımdan nəzərdən keçirməyə imkan yaradır. Ölkəmiz siyasi inkişafı cəmiyyətin siyasi sferasında elə dəyişiklikləri əks etdirir ki, o, siyasi sistemin yeniləşməsini bütün dolğunluğu ilə ifadə edir. Məhz bu konsepstual yanaşma da Azərbaycan Respublikasında ideoloqu və qurucusu Ulu Öndərimiz Heydər Əliyev olan Yeni Azərbaycan Partiyası da əsasən belə bir ideologiyanı -etnik və dini mənsubiyyətindən asılı olmayaraq bütün Azərbaycan vətəndaşlarının mənəvi, ideoloji, siyasi vəhdətini anlamını özündə əks etdirən azərbaycançılıq ideologiyasını yaratdı. Həmin milli ideologiya siyasi həyatın yeni keyfiyyətinin, məsələn, totalitarizmdən demokratiyaya keçidin, siyasi rejimlərin dəyişməsinin təzahürü ilə bağlı idi.

Heydər Əliyevi siyasi irsinin konsepsiyasında göstərilir ki, siyasi dəyişikliklərin başlıca mənbəyi çox vaxt cəmiyyətin siyasi sferasının özünə əsaslanır. Siyasi inkişaf cəmiyyətin siyasi sferasında müəyyən dəyişikliklər prosesi kimi səciyyələnir. Siyasi prosesin gedişində cəmiyyətin siyasi sisteminin bəzi elementləri təkrar oluna, eləcə də aradan qalxa və yarana bilər. Məhz bu baxımdan nəinki siyasi inkişafın, həmçinin siyasi fəaliyyətin xarakteristikası siyasi prosesin mahiyyətini və xüsusiyyətlərini nəzərdən keçirmədən mümkün deyildir.

Azərbaycan cəmiyyətində baş verən uğurlu dəyişikliklər siyasi həyat hadisələrində təcəssümünü tapdıqca siyasi proseslər müxtəlif səviyyələrdə milli maraqların qlobal strateji tələblərlə başdan-başa və tamamilə uyğunlaşması özünü daha qabarıq surətdə göstərir. Əvvəla, bu cəmiyyətin siyasi sisteminin mövcudluğunun formasıdır, onun təkamülünü yetkinləşdirir. İkincisi, siyasi proses hüquqi, iqtisadi, ideoloji və digər proseslərdən fərqlənən ictimai proseslərin inkişafına təkan verir. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan, gündən -günə qüdrətlənən Azərbaycanın yeni cəmiyyət ideyaları Müzəffər Ali Baş Komandan, möhtərəm Prezidentimiz İlham Əliyevin müdrikliyi və fədakarlığı sayəsində sosial-iqtisadi, hərbi, milli, mənəvi-mədəni inkişafa doğru inamla irəliləyir...

Tahir Məmmədov, “İki sahil”

Yazı YAP-ın “Heydər Əliyev İli” çərçivəsində jurnalistlər arasında elan edilən “Heydər Əliyev və yeni Azərbaycan” mövzusunda fərdi yazı müsabiqəsinə təqdim etmək üçündür.