03 iyun 2023 15:51
416

Laçın: Azadlıqdan abadlığa

Azərbaycan Respublikasının laçınlar, qartallar oylağı olan Laçın rayonunun işğalı 28 il çəkdi.

28 il...Necə deyərlər, bir igidin ömrü! Bu 28 ilin içində neçə igidlərimiz ərazi bütövlüyümüzün  bərpa edilməsi yolunda şəhid oldu, neçə igidimiz sağlamlığını itirdi, necə ömürlər yarım qaldı, nə qədər diləklər puç oldu... Daha doğrusu, insanların ümidləri qırıldı, inamlar itdi, gözlər yollardan çəkildi və...Və Laçının işğalının qarşısını almağa bəslənən ümidlər Şuşanın işğalından sonra öləzidi.  Nəhayət,  18 may 1992-ci ildə Laçın qaralara boyandı. Sevgilər rəngli ola bilər. Amma heç bir işğal rəngli deyil, heç bir işğal yaxşı ola bilməz, təbii ki...

Ümumi sahəsi 1835 km2 olan Laçının 1 şəhər, 1 qəsəbə, 125 kəndi vardı. Rayon 72 min hektar yaylaq sahəsinə, 34 min hektar zəngin meşə massivinə malik idi. İşğal nəticəsində Laçının yalnız insanları,  abidələri deyil, flora və faunası da vandallığa məruz qaldı.

Laçın rayonu Azərbaycanın qərbində, Kiçik Qafqazdayerləşir. Rayon ərazisi Narzan, İstisu, Turşsu kimi mineral bulaqlar, həmçinin qızıl, civə, kükürd, qrafit, əhəng daşı, kəhrəba, vulkanik tuf daşları, mərmər, ipək daşı və s. kimi faydalı qazıntılarla zəngindir. Rayonun iqtisadiyyatında heyvandarlıq, bitkiçilik və arıçılıq üstünlük təşkil etmişdir. Sovet hakimiyyəti 1930-cu ildə bölgəni inzibati ərazi vahidinə çevirmiş və əvvəllər Abdallar adlandırılan, 1924-cü ildən isə şəhər statusu alan Laçının inzibati mərkəz təyin etmişdir. Şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşavə Xocavəndrayonları, qərbdən isə Ermənistanla həmsərhəddir

 27 sentyabr 2020-ci ildə ikinci Qarabağ müharibəsi başlamışdır.  Azərbaycan xalqı özü tarixi ədaləti və beynəlxalq qanunların aliliyini bərpa etdi. Laçın da daxil olmaqla, işğaldan azad olunmuş hər bir şəhər, qəsəbə, kəndimiz erməni vandallığından, Azərbaycan quruculuğuna, azadlıqdan abadlığa, abadlıqdan inkişafa keçid etməkdədir.

Laçın rayonunda generasiya gücü 8 meqavat olan Güləbird Su Elektrik Stansiyası işə salınıb. Bu stansiya təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında önəmli rol oynayacaq. Burada istehsal olunan elektrik enerjisi Qubadlı rayonunun Xanlıq kəndini, Laçın rayonunun güney bölümünü elektrik enerjisi ilə təmin edəcək. Ərazidə yerləşən digər infrastruktur layihələrinin elektrik enerjisi də buradan təmin ediləcək.
  “Yol – iqtisadiyyat, mədəniyyət, bir sözlə, həyat deməkdir”! – Ümummilli liderin bu kəlamını  tez-tez xatırlayırıq. Azərbaycan nəfəsi, Azərbaycan mədəniyyəti, Azərbaycanın inkişafı ilə qayıdan Laçının yol-nəqliyyat infrastrukturu da bərpa edilir, yenidən qurulur. Prezident İlham Əliyevin Sərəncamına əsasən tikilən Kəlbəcər-Laçın avtomobil yolunun uzunluğu 72,8 km.-dir. Birinci və ikinci texniki dərəcəyə uyğun tikiləcək yolun hərəkət hissəsinin eni 9-16 metr olacaq. İki və dörd hərəkət zolaqlı olacaq yol üzərində altkeçidlər, körpü inşa ediləcək. Habelə yol üzərində 3 tunelin də tikintisi aparılacaq. Tunellərin ümumi uzunluğu 9450 metr olacaq.

Laçın Beynəlxalq Hava Limanının ideyası, layihələndirilməsi, tikintisi... işğaldan azad edilmiş torpaqlarımızda aparılan abadlıq, quruculuq işlərinin üfüqünü və dərinliyini göstərir.

 Laçınlıların birinci qrupu öz doğma şəhərinə Qorçudakı hava limanı istismara verilməmişdən xeyli öncə  qayıda bilərdi. Ancaq artıq ikinci ildir ki, çobanlar sürülərlə, arıçılar arı ailələri ilə doğma Laçına gedib-dönə bilir... Aşıq demiş, “Yayda yaylağımdır, qışda oylağım, yazda seyrangahım bu dağlar mənim” iqlimi qayıtmaqdadır Laçına... Laçın, Kəlbəcər öndə olmaqla, işğaldan azad olunmuş ərazilərimizdə istehsal olunan balın artıq xarici alıcılar üçün satışa çıxarılması mövzusu güncəllik qazanıb. Məhsul boldur, halaldır – torpağın öz əsil sakinlərinin nəfəsi dəyəndən, ayağı toxunandan bəri o torpaqlar cana gəlib, dirilib elə bil...

Çiçək Əliyeva,
YAP  Xətai rayon təşkilatının “Mehmandarov 78” ünvanı üzrə ərazi partiya təşkilatının üzvü