04 iyun 2023 14:03
365

Laçın yenidən qurulur

Vətən bizim yaşadığımız kənddən, şəhərdən, qəsəbədən, rayondan başlanır. Vətən onun gözəlliyinin şahidi olan atlaz çəmənlərdən, dibi görünməyən yamyaşıl meşələrdən, durna gözlü bulaqlardan, coşqun çaylardan, mavi göllərdən başlanır.  Vətən müqəddəsdir, ülvidir. Onun hər şeyi - dağı, daşı, torpağı, suyu, səması bizim üçün əzizdir, doğmadır.  Əgər öz yaşadığın yerin, oxuyub təhsil aldığın, boya-başa çatdığın torpağın keçmişini, bu gününü yaxşı bilməsən, onun sərvətini qorumaq, çoxaltmaq və gələcək nəsillərə saxlamaq qayğısına qalmasan, sən əsl vətəndaş ola bilməzsən.

Bu torpaq həmişə dara düşəndə özünün igidlərinə arxalanıb. XX əsrin sonları da yurdumuzun başından acı külək kimi əsdi. İllər boyu bizə sığınaraq əziz tikəmizi yeyən nankor ermənilər rus hərb maşınına arxalanaraq qısqırdılmış itlər kimi Azərbaycanı sınağa çəkdi. Belə bir vaxtda yenə də yurdumuzun igid oğulları onun köməyinə gəldi. Bu savaş Azərbaycana neçə-neçə qəhrəman bəxş etdi və tarix sübut etdi ki, qəhrəman Azərbaycan oğulları həmişə Vətənə sadiqdirlər və onun yolunda canlarını qurban verməyə hazırdırlar.

Azərbaycan mütərəqqi yolla irəliləyərək demokratikləşmə sahəsində yeni-yeni uğurlara imza atır. Respublikamızda sosial-iqtisadi inkişafın, siyasi sabitliyin, vətəndaş həmrəyliyinin bərqərar olması gələcək yüksəlişimizə etibarlı təminat yaradır. Azərbaycanın bugünkü hərtərəfli inkişafının əsas səbəbi ümummilli lider Heydər Əliyevin böyük uzaqgörənliklə həyata keçirdiyi islahatlar kursunun yeni mərhələdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsidir. Ölkəmizin dinamik inkişafı ilə yanaşı, ağrılı problemi də mövcuddur. Ermənistanın təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin işğal edilməsi, 1 milyondan artıq soydaşımızın öz doğma yurdlarından didərgin düşməsi ümumi inkişafa mane olurdu.

Ermənistanın təcavüzü nəticəsində işğal edilmiş Azərbaycanın dilbər guşələrindən biri olan Laçın şəhəridir. Laçın şəhərinin yerini görkəmli ziyalı Tağı Şahbazi Simurğ seçib. O zaman Azərbaycan İctimai Şura Cümhuriyyəti Mərkəzi İcraiyyə Komitəsinin katibi işləyən bu yazıçı Laçın şəhərinin adını yaxınlıqdakı Laçın dağından götürüb. Beləliklə, Şuşa-Gorus yolunun təxminən 200 metr kənarında yerləşən Abdallar kəndi 1924-cü ildən şəhər statusu alıb. 1930-cu ildə isə Laçın inzibati rayonu təşkil edilərkən Laçın şəhəri onun mərkəzinə çevrilib.

   İkinci Qarabağ savaşından qalib ayrılan Azərbaycan artıq işğal olunmuş ərazilərə tam nəzarəti ələ alır. Üçtərəfli razılaşmaya əsasən, bölgədə qanunsuz məskunlaşmış ermənilər şəhər və kəndlərimizdən çıxarılır. Bu ərazilərin əsl sakinləri isə uzun illərdən sonra doğma el-obalarına qaytarılır. Artıq yerli əhalinin Laçın şəhəri də daxil olmaqla Zabux, Sus və digər kəndlərə köçürülməsi prosesinə hazırlıq görülür.

Laçına ilk köç karvanı Bakı şəhərinin Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu park 3” yaşayış kompleksindən yola salındı.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, keçmiş məcburi köçkünlərin bərpa edilən və yenidən qurulan Laçın şəhərinə qayıdışı başlanıb.

Birinci mərhələdə şəhərə 20 ailə, yəni 97 nəfər köçürüldü. Laçına ilk köç karvanı Bakı şəhərinin Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu park 3” yaşayış kompleksindən yola salındı.

İlkin mərhələdə köçürülən ailələr, əsasən, Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda ən ağır şəraitdə yaşayanlar arasından seçilib. Onlar Laçın şəhərində işğaldan əvvəl yaşadıqları və işğala son qoyulduqdan sonra dövlət başçısının göstərişi əsasında aparılan təmir-bərpa işləri nəticəsində tamamilə yenilənmiş və zəruri yaşayış şəraitinin yaradıldığı evlərdə məskunlaşacaqlar.

Bütövlükdə 7-8 ay ərzində 700 bina inşa edilib, onlardan 620-si fərdi yaşayış binası, 9 çoxmənzilli bina və orada 144 mənzil hazırlanıbdır. Beləliklə, artıq 764 ailə Laçın şəhərində yaşaya bilər. Laçın şəhərinin Baş planı hazırlanıb və ilin sonuna qədər daha çox insan Laçında yaşaya biləcək.
Bununla paralel olaraq  tibb məntəqəsi hazırlanır. Məktəb yeni dərs ili üçün hazır olacaq, bütün digər lazımi şərait yaradılır. Onlarla müəssisənin yaradılması nəzərdə tutulur. Artıq Aqro və Sənaye Parkı yaradılmaqdadır, 1100-dən çox iş yeri yaradılacaq. Yəni, burada həm yaşamaq, həm işləmək üçün bütün şərait yaradılır və  bu gün Laçın şəhəri dünyanın ən gözəl şəhərlərindən birinə çevrilibdir.

Erməni revanşistləri də, onların havadarları da anlamalıdırlar ki, bugün regionda Azərbaycanın sözü keçərlidir. Azərbaycanın razılığı olmadan hər hansı layihənin həyata keçirilməsi mümkün deyildir. Nəinki Azərbaycan torpaqlarında hansısa qondarma qurumun varlığı arzu olaraq qalamaqdan o tərəfə keçə bilməz. Əksinə, bu arzu yolunda ermənilər olan-qalan dövlətlərini də itirə bilərlər. Çünki hazırda yaşadıqları torpaqların kimə məxsus olduğunu özləri də yaxşı bilirlər.

Şəhla Muradova, 
Bakı şəhəri,Xətao rayonu, 263 nömrəli tam orta məktəbin Təlim-tərbiyə işləri üzrə direktor müavini,
YAP  Xətai rayon təşkilatının üzvü