KÖŞƏ

Vəli İlyasov

Yiyəsini yıxmış at sürüsü

08 iyun 2023 01:58
3913

Onun-bunun kölgəsində indiyədək mövcud olan Ermənistan taleyin ümidinə buraxılsa, yəni, müstəqil olsa da özünü idarə edə bilməz. Son üç ildə və hazırkı şəraitdə Hayastanın heç bir müstəqil siyasət apara bilməməsi göz önündədir. İkinci Qarabağ müharibəsində ağalarının köməyindən məhrum olan Ermənistan Azərbaycan Ordusunun qarşısında heç iki ay da duruş gətirə bilmədi. Bir vaxtlar "Ohanyan xətti"nin alınmazlığından, Hayastan ordusunun qüdrətindən lovğa-lovğa danışan erməni ideoloqları və başbilənləri biabırçılıqla məğlub olduqdan sonra günahı xarici ölkələrdə axtarır, hamını özlərinə borclu hesab edir, umub-küsürlər. Hazırda Rusiyadan birdəfəlik üz döndərmələri də elə bu səbəbdəndir. Bütün dünya bilir ki, Azərbaycan torpağında zorakılıqla Ermənistan dövlətini məhz çar Rusiyası qondarıb və 1917-ci ildə hakimiyyəti ələ alan bolşeviklər ərazisi cəmi 9 min kvadratkilometr olan bu cırtdan dövləti daim himayəsində bəsləyib. Onu da vurğulayaq ki, Azərbaycan əraziləri hesabına Ermənistanın ərazisini 29, 8 min kvadratkilometrə çatdıran elə Sovet hökuməti olub.

Ancaq ermənilər “yiyəsini yıxmış at sürüsüdür”. Onlara o cür “xidmət” göstərənləri bu gün çətin günündə rədd edirlər. Onlar hətta ABŞ, Fransa və bəzi Qərb ölkələrinə olan ərköyün və gülünc iddialarından belə utanmadan danışırlar. Görün kütbeyin erməni nə deyir: “ABŞ Ermənistanı xilas etməyəcək və Qarabağdakı ermənilərə kömək etməyəcək”. Bunu erməni politoloq Artur Xaçikyan söyləyib. Onun sözlərinə görə, ABŞ Dövlət Departamenti Qarabağın öz müqəddəratının təyinatına haqqının olmadığına qərar verib. O, ABŞ-ın maraqlarının Azərbaycana fokuslandığını söyləyib: “Müvafiq olaraq Vaşinqton üçün müttəfiqlər Bakı, Ankara və Təl-Əvivdir. Bu gün bizə 3-4-cü kateqoriya ölkənin vətəndaşları kimi yanaşmaya tam layiqik”.

Xaçikyan erməni diplomatiyasının uğursuzluğa düçar olduğunu deyib: “Həm Rusiya, həm də Qərbdə diplomatiyamız uğursuzluğa düçar olub. Ona görə də bu gün heç kimə lazım deyilik”.

Əlbəttə, belə də olmalı idi. Çünki yalanlar, iftiralar və heç kəsin qəbul etmədiyi "kəşflər" üzərində qurulan diplomatiya və siyasət bir gün iflasa uğramalı idi və uğradı da. Haqq nazildi, amma üzülmədi. İndi Ermənistanın baş naziri Nikol Paşinyan ərazi iddialarını yerə qoyduqlarını bildirir və Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu etiraf edir. Bu şərtlərlə sülh müqaviləsi bağlanmasına razılıq verir. Başqa cür ola da bilməz. İndiyədək onun-bunun hesabına ərazisini genişləndirən Ermənistan bu gün acizanə surətdə “biz heç kimə lazım deyilik” etirafında bulunursa, təbii ki, Azərbaycanın diktə etdiyi şərtlər əsasında hazırlanmış sülh müqaviləsini imzalamaqdan başqa yolu qalmır.

Vəli İlyasov, "İki sahil"