09 iyun 2023 23:26
872

Tarix və müasirlik kontekstində Heydər Əliyev siyasəti

Məlum olduğu kimi, 2023-cü il ölkəmizdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının yüzüncü ildönümü şərəfinə “Heydər Əliyev İli” elan edilmişdir. Bütün sahələrdə fəallığın təzahür tapdığı “Heydər Əliyev İli”ndə elm sahəsində də təqdirəlayiq işlər həyata keçirilmişdir. Bu təqdirəlayiq işlərdən biri də ümummilli lider Heydər Əliyevin mənalı ömür yolu və zəngin siyasi fəaliyətinə həsr edilən kitab və monoqrafiyaların çapı məsələsədir. AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin nəşr etdirdiyi “Heydər Əliyev siyasəti: tarix və müasirlik” monoqrafiyası da dahi liderin uzaqgörən siyasi fəlaiyyətinə nəzər salan qiymətli elmi əsərlərdən biridir. Monoqrafiyanın elmi redaktoru AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, rəyçisi AMEA A.Bakıxanov adına Tarix İnstitutunun Əliyevşünaslıq şöbəsinin müdiri, tarix elmləri doktoru Ədalət Qasımovdur. Monoqrafiya 2023-cü ildə “Elm” nəşriyyatında yüksək poliqrafik keyfiyyətlə, nəfis şəkildə çap edilmişdir.

Monoqrafiyanın əvvəlində epiqraf olaraq seçilən Ulu Öndər Heydər Əliyevin fikri əsərin başlıca məqsədi, məzmunu və ideyasına işıq tutur. Əsər Ulu Öndər Heydər Əliyevin bu müdrik fikri ilə başlayır: “Biz nadir bir irsin varisləriyik. Hər bir Azərbaycan vətəndaşı bu irsə layiq olmağa çalışaraq böyük bir tarixi keçmişi, zəngin mədəniyyəti, yüksək mənəviyyatı olan ölkəmizin həm dünəninə, həm bu gününə, həm də gələcəyinə dərin bir məsuliyyət hissi ilə yanaşmalıdır”.

Əsərin yazılma məqsədini ön səhifələrdən birində təqdim edilmiş Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan olunması haqqındakı Sərəncam da aydınladır. Sərəncamda Ulu Öndərin ümummilli statusu barədə deyilir: “Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir”.

Monoqrafiya haqqında müfəssəl məlumata əsərin müəllifi tərəfindən yazılan “Ön söz”ündə rast gəlinir.  Ulu Öndər Heydər Əliyevin şəxsiyyəti və misilsiz tarixi xidmətləri fonunda münasibət ifadə edilərək deyilir: “Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Azərbaycan tarixində, ölkəmizin hərtərəfli inkişafında, müstəqil Azərbaycan Respublikasının dünya birliyində layiqli yerini tutmasında müstəsna xidmətləri olmuşdur. Müasir Azərbaycan tarixinin otuz ildən artıq bir dövrü dahi şəxsiyyətin – Heydər Əliyevin adı ilə bağlıdır”. 

Əsər “Ön söz”dən başlayaraq altı fəsil, nəticə və ədəbiyyat siyahısından ibarətdir. Monoqrafiyanın ümumi məzmunu və qoyulan elmi problemlər əsərdəki “Heydər Əliyev şəxsiyyəti və siyasəti” (I), “Ümummilli lider Heydər Əliyevin Azərbaycana qayıdışı. Naxçıvanın milli azadlıq hərəkatının mərkəzinə çevrilməsi. Müstəqilliyə doğru böyük dönüş” (II), “Heydər Əliyevin dövlətçilik təlimi” (III), “Heydər Əliyev: tarix və tarixi günlər” (IV), “Heydər Əliyev və Naxçıvanın inkişaf strategiyası” (V), “Heydər Əliyev ideyaları Azərbaycanın uğurlarının əsasıdır” (VI) kimi fəsillər daxilində araşdırılaraq nəticələndirilmiş, özünəməxsus, sanballı təhlillər yer almış, elmi fikir və qənaətlər əks etdirilmişdir.  

“Heydər Əliyev İli” çərçivəsində nəşr olunan monoqrafiya özünəməxsus keyfiyyətlərə malikdir. Tam qətiyyətlə demək olar ki, monoqrafiyanın hər bir fəsli ayrılıqda bitkin, konseptual bir əsər təsiri bağışlayır. Əsər mövzu genişliyi, tədqiqat dərinliyi və məqsəd konkretliyinə malikdir. Monoqrafiyanın ən böyük əhəmiyyət və məziyyətlərindən biri budur ki, əsərdə Heydər Əliyevin yürütdüyü siyasət, tarixi xidmətləri və qərarları konkret faktoloji baxımdan təqdim və təhlil olunduğu kimi, xüsusilə tarixi inkişaf qanunauyğunluqları, konkret nəticələri və müasir Azərbaycanın nailiyyətləri kontekstində dəyərləndirilərək daha geniş diapazonda təhlil edilmişdir.

Monoqrafiyanın ən maraqlı fəsillərindən biri əsərin “Heydər Əliyev şəxsiyyəti və siyasəti” adlanan birinci fəslidir. Burada ən müxtəlif xalq və ölkələrin görkəmli siyasi xadimlərinin fikirləri də nəzər diqqətə çatdırılaraq görkəmli dövlət xadimi və siyasət adamı kimi Ulu Öndərin şəxsiyyəti və siyasətinə nəzər yetirilmiş, oxucuların diqqətinə çatdırılmış, habelə “Heydər Əliyev öyrənilməmiş dünyadır” tezisinə konkret faktlar işığında haqq qazandırılmışdır. Belə ki, əsərdə müəllif müxtəlif görkəmli dövlət və siyasi xadimlərin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev haqqındakı fikirləri təqdim edilmişdir.

Müəllif müxtəlif fikirlərə istinad edə və ümumiləşdirərək Heydər Əliyev haqqında  yazır ki, “bir sıra hallarda Heydər Əliyevi “siyasət nəhəngi”, “siyasət qrossmeyesteri”, “siyasət patriarxı” kimi xarakterizə edirlər”. Müəllif yazır: “Xalqımız qarşıya çıxan hər hansı bir çətin problemin həllini, xilaskarlıq missiyasını Heydər Əliyevdə görürdü”, “Qüdrətli dövlət xadimi siyasət aləminin müəllimi idi” və b.

Müəllif Heydər Əliyevin türk dünyası birliyi işığında siyasi missiyasını da təqdim etmiş, əvəzedilməz şəxsiyyətin hakimiyyəti dönəmində “Kremldə ucalan türk bayrağı” olmasına konkret faktlarla  aydınlıq gətirmiş, özünəməxsus şərh, faktlar və elmi qənaətlər vermişdir. Müəllif bugünkü ictimai, siyasi və mədəni münasibətləri fonunda Azərbaycan-Türkiyə qardaşlığı və eləcə də, ümumən, türk dünyasının birliyi inkişafı fonunda da bu inkişafın və siyasi ideyanın praktiki zəmininin məhz Ulu Öndər Heydər Əliyev tərəfindən atıldığı və möhkəm təməllər üzərində ucaldıldığı qənaətlərini ifadə etmiş, dahi liderin “Bir millət, iki dövlət” tezisindən doğan siyasi-mədəni nailiyyətin təzahürü kimi meydana gəldiyi əsaslandırlmışdır.   

Əsərdə Ulu Öndər Heydər Əliyevin doğma vətəni olan Naxçıvanla bağlılığı da məxsusi olaraq yer almışdır. Əsərin iki fəsli dahi liderin həyatı və siyasi fəaliyyətində Naxçıvanın yeri və roluna həsr olunmuşdur. Əlbəttə, yaxşı məlumdur ki, blokadanın yaratdığı problemlər məngənəsində məhv olmaq təhlükəsilə üzbəüz qalan Naxçıvana Ulu Öndərin dönüşü və xidmətləri Azərbaycan və ümumən türk dünyası üçün böyük starateji əhəmiyyət daşıyan Naxçıvanın taleyində mühüm nailiyyətlərlə yadda qalmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşadan Azərbaycan xalqına müraciət edərkən qeyd etdiyi kimi: “Heydər Əliyevin gələcək fəaliyyəti üçün Naxçıvan dövrünün böyük əhəmiyyəti var. Xalq məhz onu özünə rəhbər seçdi, bu, demokratiyanın əsl təntənəsi idi. ...Naxçıvan, demək olar ki, blokadada boğulurdu, onlar isə Naxçıvana qarşı təxribatlar törədirdilər, desant göndərirdilər, çevrilişə cəhd edirdilər. Sanki istəyirdilər ki, Naxçıvan da işğal altına düşsün. Ancaq xalq buna imkan vermədi, öz lideri ətrafında sıx birləşmişdir və bir daha demək istəyirəm, məhz Heydər Əliyevin qətiyyəti, fəaliyyəti nəticəsində Naxçıvan torpaqları erməni işğalına məruz qalmadı”. Məlum olduğu kimi, Moskvadan Azərbaycana dönən Heydər Əliyevi o zamankı hakimiyyət Bakıya düşməyə icazə vermədiyindən dahi lider doğma vətəni olan Naxçıvana üz tutmuşdu. Naxçıvanlılar Heydər Əliyevi dərin məhəbbətlə bağrına basıb, qoruyaraq hifz etdikləri kimi, Heydər Əliyev də müdrik qərarları və uzaqgörən siyasi fəaliyyətilə Naxçıvanın müdafiə olunması və blokadanın çətinliklərini aşmasında misilsiz rol oynamışdır. Ulu Öndərin Naxçıvandakı tarixi siyasi fəaliyyəti Azərbaycan tarixinə milli dirçəliş hadisələri olaraq daxil olmuş və dövlət müstəqilliyinin zəminini hazırlamışdır.

Beləliklə, aksademik İsmayıl Hacıyevin 2023-cü ildə ortaya qoyduğu “Heydər Əliyev siyasəti: tarix və müasirlik” monoqrafiyası özünəməxsus elmi sanbala malik olmaqla dahi lider Heydər Əliyevin siyasi fəaliyyətinə məxsusi nəzər yetirən yaddaqalan bir elmi mənbədir. Müəllif monoqrafiyada Ulu Öndərin Azərbaycanın ictimai-siyasi həyatında oynadığı mislisiz və uzaqgörən fəaliyyətini maraqlı tarixi faktlar, ciddi elmi təhlillər və konkret qənaətlərlə işıqlandırmış, xüsusi əhəmiyyət kəsb edən bir əsəri elmi dövriyyəyə buraxmışdır. Əsərdə də gəlinən nəticədə ifadə edildiyi kimi, “XX əsr Azərbaycan tarixinin ən parlaq siması olan Heydər Əliyevin siyasi obrazı Azərbaycan xalqının dövlətçilik şüurunun, tarixin sınağından şərəflə çıxmış bütöv bir idarəçilik məktəbinin, müasir ictimai-siyasi fikrin ən davamlı keyfiyyətlərinin canlı mənzərəsidir. ...Ulu Öndər Azərbaycana rəhbərlik etdiyi illərdə ölkəmizi bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxara bilmiş, gələcək inkişaf strategiyasını müəyyən etmiş və onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır”. Bu vəsilə ilə də müasir Azərbaycanın ümummilli tale, inkişaf və taleyüklü məsələlərinin həlli istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi altında əldə etdiyi nailiyyətlər də məhz müdrik və dahi liderin uzaqgörən siyasi konsepsiyası və ideyalarının uğurla davam və inkişaf etdirilməsi sayəsində mümkün olmuşdur.

Ramiz Qasımov,
AMEA Naxçıvan Bölməsinin əməkdaşı,
filologiya üzrə fəlsəfə doktoru, dosent