“Radikal ünsürlər hər zaman olduğu kimi, bu gün də təxribatçı mövqedən çıxış edirlər. Onlar Azərbaycan daxilində antiazərbaycançı dairələrin diktəsi ilə təxribat yaratmağa çalışırlar”.
Bu fikirləri “İki sahil”ə açıqlamasında YAP Lerik rayon təşkilatının sədri Malik Mirzəyev deyib.

M.Mirzəyevin fikrincə, Azərbaycanın hər bir uğuru, möhtəşəm Zəfəri işğalçı Ermənistanı, məkrli erməni lobbisini və bu qəbildən olan bütün qüvvələri, ermənipərəst dairələri ciddi narahat edir: “Narahat olanlar sırasında Tofiq Yaqublu kimi xainlər də var. Onun sosial şəbəkələrdə ermənipərəst mövqe ortaya qoyaraq Azərbaycanı işğalçı qüvvələrlə müqayisə etməsi, ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyasına qarşı “hucumlar” təşkil etməsi bu reallığın bariz ifadəsidir”.
M.Mirzəyev əlavə edib ki, belə təxribatçı ünsürlərin heç bir ciddi sosial dayağı yoxdur, onların antimilli əməlləri ikrahla qarşılanır. Ona görə də çirkin niyyətlərini gerçəkləşdirə bilməyəcəklər.