KÖŞƏ

Vəli İlyasov

Kim gedirsə, yol açıqdır...

13 iyun 2023 01:36
3841

Gedəni saxlamaq olmaz-deyiblər. Ancaq bu günlərdə ermənilərin bir dəstəsinin Xankəndidən köçməsi görəsən bir para adama niyə çöçin gəlir? Bəyəm kiminsə bəyənmədiyi yerdən köçməsi qadağandır? Elə isə ermənilər kütləvi surətdə Fransadan, Livandan, Suriyadan və başqa ölkələrdən köçüb Qarabağa gələndə nə üçün buna qarşı çıxan yox idi? Özü də gələnlərin əksəriyyəti ya muzdlu başkəsən, ya da narkotik biznesi ilə məşğul olan cinayətkarlar idi. İndi beş-on ailənin Ermənistana köçməsi niyə səsə-küyə səbəb olub?

Laçın sərhəd-buraxılış məntəqəsindən Xankəndidən Ermənistana və əks istiqamətə gəlib-gedənlərin sayı artmaqdadır. Xankəndidən Ermənistana köçən ailələr barədə də məlumatlar var. Bu, onu deməyə əsas verir ki, separatçı rejimin sərsəm xəyallarına və planlarına inanmayan, separatizmi dəstəkləməyən və sərbəst seçimini edən şəxslər Xankəndini tərk edirlər. Vəssalam!

Ancaq nə qədər köçən olsa da orada daimi yaşamaq üçün qalanlar daha çox olacaq. Azərbaycana qarşı könüllü vuruşmayanlar, hərbi cinayətlərdə iştirak etməyənlər, köçməyə imkanı olmayanlar və s. ölkənin qanunlarına tabe olub öz yurdlarında yaşayacaqlar. Yoxsa Qarabağ torpağından bərəkətli yer harada tapacaqlar ki?

 Qəribəlik ondadır ki, Rusiyanın adını "sülhməramlı" hərbi kontingenti ermənilərin könüllü köçünün qarşısını almaq üçün dəridən-qabıqdan çıxır. Nə üçün? Onların nə marağı var? Heç kimə sirr deyil ki,  Rusiya ermənilərin Qarabağdan getmələrini istəmir. Ona görə də  kütləvi surətdə köçü dayandırmaq üçün əldən-ayaqdan düşürlər. Ancaq sülhməramlılar sərbəst seçim edən şəxslərin hamısının iradəsinə təsir edə bilməzlər və etməməlidirlər. Xankəndidəki ermənilərin Ermənistana getməsi heç bir vəchlə Qarabağın ermənisizləşdirilməsi siyasəti kimi qələmə verilə bilməz. Çünki onlara burada "gözün üstdə qaşın var" deyən yoxdur.

Təbii ki,  araqatan siyasətin arxasında dayanan qüvvələr Cənubi Qafqaz regionunda sülh istəmirlər. O sırada Fransa başda durur. Prezident Emmanuel Makronun bölgədəki bütün manevrləri puça çıxıb. Bizə atılan çamur üstümüzə yapışmır. Azərbaycanın həyata keçirdiyi siyasi fəaliyyəti etnik təmizləmə, ermənisizləşdirmə kimi qələmə vermək mümkün deyil. Azərbaycanın belə bir niyyəti də yoxdur. Əksinə, biz birgəyaşayışın, tolerantlığın və multikultural dəyərlərin təşviqedicisiyik. Bunu bütün dünya bilir və yüksək qiymətləndirir. Köç məsələsinə gəldikdə isə bizim üçün "o tərəfdə" qalan şəxsləri haqq-ədalət yoluna dəvət etmək böyük əhəmiyyət kəsb edir. Lakin əlbəttə ki, cinayət törətmiş şəxslər-dinc soydaşlarımızı müxtəlif vəhşi üsullarla qətlə yetirənlər, şəhər və kəndlərimizi, qəbristanlıqlarımızı dağıdıb viran qoyanlar, sərvətlərimizi qarət edib Ermənistana və xarici ölkələrə daşıyanlar, Birinci və İkinci Qarabağ müharibələrində iştirak etmiş şəxslər araşdırılmalıdır. Onlar nahaq qan axıdılmasına rəvac verdiklərinə, talan-qarətlərdə iştirak etdiklərinə görə  qanun qarşısında cavab verməlidirlər. Ancaq bu məsələdə də dövlətimiz humanist mövqe tutduğunu bəyan edib.

 Prezident İlham Əliyevin Laçında verdiyi mesajın məğzi bundan ibarətdir ki, Azərbaycanın şərtləri, siyasi, diplomatik sahədə həyata keçirilən danışıqlar yerinə yetirilsə, o zaman amnistiyadan danışmaq olar. Bu, çox ciddi şəkildə verilmiş böyük əhəmiyyətə malik bir mesajdır. ABŞ Dövlət Departamentindən də buna dərhal müsbət reaksiya gəlib. Azərbaycan rəhbərinin bu addımı razılıqla qarşılanıb və alqışlanıb. Azərbaycanın ali rəhbərliyi məhz bu cür humanist mesajlar verməklə istənilən erməni təbliğatının və təxribatçı ideyalarının üzərindən xətt çəkib. Məhz buna görə regionda müxtəlif qüvvələrin hərəkətliliyi müşahidə olunur. Lakin bizim üçün önəmli olan məsələ Ermənistanla öz aramızda sərbəst, şəffaf gediş-gəlişi təmin etməkdir. Laçın postu məhz bu məqsədlə yaradılıb. Ermənilər neçə vaxtdır ki, həmin postdan maneəsiz gedib-gəlirlər və indiyədək heç bir insident baş verməyib.

Biz Ermənistana və digər ölkələrə gedən ermənilərin qarşısını kəsib geri qaytara bilmərik. Azərbaycanın qanunlarını və vətəndaşlığını qəbul edənlər burada qalıb sərbəst yaşaya bilərlər. Əvvəllər necə firavan yaşayıblarsa, bundan sonra də elə. Otuz beş ildə törədilən hadisələrdən sonra biz cinayətlərdə əli olan hər hansı ermənidən qalmasını xahiş edə bilmərik. Kim istəmirsə buyursun, yol açıqdır. Rusiyanın ərazidə müvəqqəti yerləşən hərbçiləri isə onların yolunu kəsib geri qaytarmasalar daha yaxşı olar...Yaddan çıxarmamalıdırlar ki, onların adları da, missiyası da müvəqqətidir və sülhməramlılıqdır, ərazimizdə qonaq kimi özlərini tərəfsiz və ədəb-ərkanla aparmalıdırlar. Bizim onlardan gözləntimiz və tələbimiz budur.