Bu günlərdə çox mühüm hadisələr baş verdi. Türkiyənin yenidən seçilmiş dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş nazir Məhəmməd Şahbaz Şərifin Bakıya səfərləri, verilən mesajlar, imzalanan sənədlər bu ölkələr arasında strateji tərəfdaşlığın bariz nümunəsidir.
Azərbaycan, Türkiyə, Pakistan - bu üç dövlətin əməkdaşlığı həm ikitərəfli, həm üçtərəfli, həm də çoxtərəfli formatda inamla inkişaf edir. Eyni zamanda “Böyük Qayıdış” planına uyğun olaraq Laçına ikinci köç baş tutdu.
Bütün bu önəmli hadisələrin fonunda Ermənistan silahlı qüvvələri Laçın dövlət sərhədindən buraxılış məntəqəsinə qarşı hərbi təxribat törədiblər. Nəticədə bir hərbi qulluqçumuz yaralanıb. Ordumuz layiqli cavab verib. Həmçinin Baş Prokurorluq tərəfindən də araşdırma aparılır. Bu, Ermənistanın və onun havadarlarının növbəti hərbi və siyasi təxribatıdır.
Belə ki, hadisənin əsl məqsədi Azərbaycan tərəfdən sərhəd buraxılış məntəqəsinin uğurlu fəaliyyətinə, erməni sakinlərin təhlükəsiz, sərbəst və maneəsiz keçidinə, habelə Laçın yolu ilə hərəkətinə əngəl yaratmaqdır. Bu həm də Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı təcavüzdür. Bu təxribat göstərir ki, ya Ermənistan öz silahlı qüvvələrini idarə edə bilmir. Ya da hələ də xəyallar quran revanşist qüvvələrin, daha doğrusu cinayətkar hərbi dəstələrin nəyəsə, kiməsə olan ümidləridir.
Növbəti danışıqlar ərəfəsində belə bir hadisənin baş verməsi iki ölkə arasında normallaşma və sülh prosesinə maneə yaradır. Lakin Ermənistan və ona dəstək verən qüvvələrin bu kimi təxribatlarının qarşısı qətiyyətlə alınır və alınacaqdır. Əlbəttə ki, beynəlxalq ictimaiyyət Ermənistan tərəfinin bu təxribatını pisləməli və Ermənistanı bölgədə sülh və sabitliyə hədə olan təcavüzkar hərəkətlərdən çəkindirməyə çağırmalıdır.
Hicran Hüseynova,
Milli Məclisin Komitə sədri, professor