16 iyun 2023 14:56
980

İlin sonunadək daha 59 kənd və 102 yaşayış massivi qazlaşdırılacaq VİDEO

İyunun 16-da SOCAR-ın «Azəriqaz» İstehsalat Birliyində (İB)  mətbuat nümayəndələri üçün növbəti «Açıq qapı» aksiyası keçirilib.

Birliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyevin moderatorluğu ilə keçirilən tədbirdə jurnalistlərin sualları cavablandırılıb.

E. Vəliyev ölkə üzrə aparılan qazlaşdırma barədə məlumat verərək bildirib ki, bu ilin yanvar ayından bu günə qədər Azərbaycanda 15 kənd və 25 yaşayış massivinə təbii qaz verilib: «Artıq həmin ərazilərdə təzyiq və təhlükəsizlik qaydaları gözlənilməklə əhalinin təbii qazdan istifadəsində heç bir məhdudiyyət yoxdur. «

Şöbə rəisi bildirib ki, 2023-cü ildə ölkənin qazlaşdırılması istiqamətində işlər daha da sürətlənib.  İndi «Azəriqaz» İstehsalat Birliyində mal və material təminatı da normallaşıb: «Bu isə imkan verir ki, qarşıya qoyduğumuz məqsədlərə vaxtında çataq. Hər hansı fors-major hadisəsi baş verməsə, ilin sonuna kimi 59 kənd və 102 yaşayış massivinin qazlaşdırılmasının tam olaraq bitirilməsi nəzərdə tutulub.»

E. Vəliyev «Azəriqaz» İB-nin rəhbərliyi  səviyyəsində paytaxtda və bölgələrdə sahibkarlarla keçirilən görüşlər barədə məlumat verərək bildirib ki, özəl sektor təmsilçilərinin, yəni  sahibkarların fəaliyyətinin stimullaşdırılmasına dəstək vermək bir dövlət müəssisəsi olaraq bizim əsas vəzifələrimizdən biridir: «Ona görə də onların təbii qazla bağlı  problemlərini həmişə diqqətdə saxlayırıq. Hətta təbii qaza olan borclarını ödəmələri üçün bəzi hallarda onlara vaxt güzəştləri də tətbiq edirik. Anlayırıq ki, sahibkarlar ölkədə yeni iş yerləri açan, ərzaq bolluğu yaradan işgüzar bir təbəqədir. Möhtərəm Prezidentimiz İlham Əliyevin də daim çıxışlarında qeyd etdiyi kimi, sahibkarlara dəstək  inkişafa dəstək deməkdir.»

Şöbə rəisinin sözlərinə görə, istər Bakıda, istərsə də rayonlarda qazlaşdırmaya dair dövlət planına düşməyən məhəllələrin sakinləri öz şəxsi vəsaitləri hesabına qazlaşdırmanı sürətləndirə bilərlər: «Bunun üçün ilk növbədə mülkiyyəti təsdiq edən sənədlər və şəxsiyyət vəsiqəsi tələb olunur. Bundan sonra  məhəllə sakinləri «Azəriqaz» İB-nin «ASAN kommunal» xidmətlərindəki nümayəndəliyinə müraciət edib layihələndirmə işlərinə icazə almalıdırlar. Daha sonra isə qazlaşdırma işləri ilə məşğul olan və müvafiq lisenziyalara malik ixtisaslaşmış podratçı təşkilatlarla razılaşmaq və müqavilə bağlamaq lazımdır. Qaz çəkilişləri ilə məşğul olan podratçı təşkilatlara nağd ödənişlər etmək qeyri-qanunidir.»

Onun sözlərinə görə, yalnız bu proseslər tam başa çatandan sonra sakinlərin vəsaitləri hesabına məhəllələrin qazlaşdırılmasına başlamaq olar: « Belə çəkilişlər qanuni hesab olunur və sakinlərin məişət firvanlığını təmin edir. Çəkiliş başa çatandan sonra istismara qəbul prosesini «Azəriqaz» İB-nin müvafiq qurumları həyata keçirir»

Eldəniz Vəliyev əhalinin istehlak etdiyi təbii qazın limiti barədə də məlumat verib: «Bu ilin yanvar-may aylarında əhali sektorunda təbii qazla təmin olunan 1 milyon 720 min  abonent, yəni ümumilikdə abonentlərin 68,8 faizi 12 qəpik tarifi ilə qaz istifadəsi limitini keçməyib. Həmin dövrdə 705 min 12 abonent, yəni ümumi abonentlərin 28,2 faizi 20 qəpik, 75 min abonent (abonentləin 3 faizi) isə 25 qəpik tarifi ilə qaz istehlak ediblər.»

Qeyd edək ki, 2021-ci il oktyabrın 16-da Tarif Şurasının iclasında təbii qaz üzrə topdansatış və pərakəndə satış qiymətlərinin tarif tənzimlənməsinə dair qərar qəbul edilib. Qərara əsasən, əhalinin illik istehlakının 1200 kubmetrədək olan hissəsi üçün tariflər 10 qəpikdən 12 qəpiyə artırılıb. Əhali üçün 1200-2500 kubmetrədək və 2500 kubmetrdən çox olan hissələr üçün tariflər müvafiq olaraq 20 və 25 qəpik olmaqla dəyişməyərək əvvəlki həddə saxlanılıb. Qeyri-əhali kateqoriyasından sənaye və kənd təsərrüfatı üzrə qazın tarifləri isə 20 qəpikdən 22 qəpiyə artırılıb.

Elçin Zaman, "İki sahil"