17 iyun 2023 10:19
489

 Bu səfər hər iki dövlətin dünyəvi imici üçün də olduqca gərəkli oldu

     Türkiyədə növbəti prezident seçkiləri başa çatdı. Rəcəb Tayyib Ərdoğan yenidən Tür­ki­yə Pespublikasının Prezidenti seçildi. Azərbaycan dövlət olaraq, xalq vətəndaş olaraq bu seç­ki­lərin nəticəsini böyük coşqu ilə qarşıladı. “Bir millət, iki dövlət, bir yumruq” deyimi təkcə kəlam kimi deyil, həm də mahiyyət kimi tarixləşdi. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın ilk dövlət səfəri Azərbaycana oldu. Bu, ehtiramdır, bu, sevgidir. İyunun 13-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış etdilər. Prezidentlərin bəyanat­la­rı dünya ictimaiyyəti üçün olduqca maraqlı oldu.

 Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında Türkiyədə keçi­ri­lən prezident seçkilərinin nəticələrinə görə sayın Rəcəb Tayyib Ərdoğanı bir daha təbrik edə­rək 2021-ci ildə Şuşada bağlanan ikitərəfli Bəyannamənin İkinci Qarabağ müharibəsini tamam­la­dı­ğından, Zəngəzur dəhlizinin açılacağı zərurətindən və onun labüdlüyündən söz açan Prezident ikitərəfli əmək­daşlığın daha da genişlənəcəyini, bu il 16 birgə hərbi təlim keçirilə­cəyini, indiki geosiyasi şəraitdə Orta Dəhlizin önəminin daha da artdığını, Azərbaycan əra­zi­sin­dən, yəni, Xəzər dənizi ilə daşınan yüklərin həcmi ildən-ilə artmaqda olduğunu, artacağını, bu sə­bəb­dən Azərbaycanda nəqliyyat və logistika imkanlarının genişləndiyini, Bakı Dəniz Limanının imkanlarının 25 milyon tona qədər genişlənəcəyini, dəmir yolunun, gəmiqayırma zavodunun və digər nəqliyyat infrastrukturunun ən müasir səviyyəyə gətirməkdə olduğunu qeyd edən Azərbay­can Respublikasının Prezidenti dedi: “... Şuşa Bəyannaməsi tarixi anlaşmadır. Bu anlaşma nəticəsində Türkiyə və Azərbaycan rəsmən müttəfiq oldular. Əslində, faktiki olaraq, biz uzun illər müttəfiqlər kimi fəaliyyət göstərirdik, ancaq Şuşa Bəyannaməsi bunu rəsmi sənədə çevirdi. Bu sənədin Şuşada imzalanması təbii ki, rəmzi xarakter daşıyır. Çünki Şuşa Qarabağın tacıdır və Şuşanın işğaldan azad olunması İkinci Qarabağ müharibəsinə son nöqtəni qoymuşdur...”.

Azərbaycanda ordu quruculuğunun daha geniş şəbəkədə aparıldığını da xatırladan Azərbaycn Respublikasınnı Prezidenti cənab İlham Əliyev dedi ki, “Mən İkinci Qarabağ müharibəsindən sonra demişdim ki, Azərbaycan Ordusu bundan sonra Türkiyə modeli əsasında inkişaf edəcək və biz bunu indi əyani şəkildə görürük”.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın bəyanatında da istər Azər­baycan ictimaiyyəti üçün, istərsə də dünya ictimaiyyəti üçün vacib məqamlara toxunuldu.

Bu dövlət səfəri hər iki dövlətin dünyəvi imici üçün də olduqca gərəkli oldu...

 

Səbinə XASAYEVA,

Milli Məclisin deputatı