İntellektual, innovativ xarakterli müsabiqələr bilikli və bacarıqlı gənc nəslin formalaşmasında böyük rol oynayır. İnanırıq ki, Azərbaycan gəncləri Ulu Öndər Heydər Əliyevin işıqlı ideyalarını davam etdirəcəklər.
“İki sahil” xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov iyunun 17-də “Heydər Əliyev irsinin təşviqi innovativ həllərdə” adlı Rəqəmsal İdeya Müsabiqəsinın bağlanış mərasimində səsləndirib. Dünyamiqyaslı siyasi xadim, əsl azərbaycanlı Heydər Əliyevin Azərbaycan xalqının taleyində müstəsna rol oynadığını vurğulayan YAP Mərkəzi Aparatının rəhbəri qeyd edib ki, Ümummilli Lider Azərbaycanı dünyada öz sözü və nüfuzu olan bir ölkəyə çevirməyə müvəffəq olub.
O, müsabiqədə yeni yanaşmalar vasitəsilə Heydər Əliyev irsinin öyrənilməsinin gənclərimiz üçün əhəmiyyətini qeyd edib.
Ulu Öndərlə bağlı xatirələrini də bölüşən Tahir Budaqov vurğulayıb ki, Heydər Əliyevin irsi çox zəngindir və gənclərimizin öyrənməli olduğu çox məsələ var.