Almanların hər kəsi təəccübləndirəcək bir çox qeyri-adi vərdişləri var. Onlardan bəzilərini təqdim edirik.
İtləri niyə çox sevirlər?..
Almaniyada itlər çox sevilir. Burada insanlar ev heyvanları ilə restorana, ticarət mərkəzinə və mağazaya gedə bilərlər. Ev heyvanları ilə uşaq bağçasına, qocalar evinə də getmək mümkündür. Burada müxtəlif yerlərdə ev heyvanlarına mütləq bir qab su təklif olunur. Həmçinin bir çox restoran, pub və kafelərdə itlər sahiblərinin yanında otura bilərlər.
Xüsusi çörək növləri
Almanların “Abendbrot” adlı xüsusi çörəyi var. Alman dilindən tərcümədə "axşam çörəyi" deməkdir. Bu çörək adətən nahardan sonra qəlyanaltı olaraq təklif olunur. Umumiyyətlə, burada yerləşən çörək zavodları müxtəlif çeşidlərdə çörəklər istehsal edir. Bu müxtəlif çörək növləri taxıldan, kətan toxumundan , balqabaqdan və günəbaxandan hazırlanır. Həmin çörəklər əsasən restoranlarda qonaqlara təklif olunur.
Dayanacaqlardan düzgün istifadə qaydası
Almaniyada dayanacaqlardan düzgün istifadəetmə qaydaları mövcuddur. Məsələn, Almaniyanın bəzi regionlarında əgər siz stansiyada və dayanacaqda elə-belə oturmusunuzsa, buna görə cərimələnə bilərsiniz.
Həftə sonu qadağası
Bu ölkədə bazar günləri səs-küy salmaq olmaz. Burada günorta saat 13.00-dan 15.00-dək və gecə saat 22.00-dan səhər 07.00-yə kimi sakitliyə riayət etmək lazımdır.
Küçədə siqaret çəkdinsə cərimənələcəksən
Almaniyada siqareti küçədə çəkmək və sonra kötüyünü yerə atmaq olmaz. Buna görə cərimə 20 avrodur.
Hər bir almanın kredosu
Qənaət və təmizlik hər bir almanın kredosudur. Burada hətta qida qabları təkrar emala göndərilməmişdən əvvəl mütləq yuyulur. Bu qayda hətta plastik torbalara da aiddir. Təkrar emal üçün yalnız təmiz qablar qəbul edilir.
Qəlyan çəkdinsə...
2017-ci ilin aprelindən Kölndə qəlyan çəkmək qadağan olunub. Daha doğru desək bu qadağa şəhərin yalnız bir ərazisinə -Reyn sahilində yerləşən Doyts rayonuna aiddir. Qaydanı pozanların 75 avrodan 150 avroyadək cərimə ödəmək qorxusu var.
Gül toplamaq qadağandır
Almaniya parklarında çiçək toplamaq və ya gül dərmək qadağandır.
Oğru olsa belə...
Almaniyada evə girən oğruya yastıqla vurmaq və ya bıçaq zərbəsi endirmək arasında heç bir fərq yoxdur. Yastıqla vurdunsa, yenə cinayət törətmiş olursan.
Çiy ət hansı hallarda yeyilir?..
Almaniyada ət mağazaları o qədər təmiz olur ki, onlar çiy qiyməni yeməkdən çəkinmirlər. Burada çiy qiymədən bir çox yeməklər hazırlanır. Bu tip yeməklərə adətən daha çox ədviyyatlar və soğan əlavə olunur. Almaniyada çiy qiymədən hazırlanan yeməklərə "mett" deyilir.
İctimai nəqliyyatda spirtli içki içərsənsə...
Almaniyanın bir çox şəhərlərində ictimai nəqliyyatda alkoqol qəbul etmək həqiqətən də qadağandır. Avtobus, metro və tramvaya pivə və çaxır şüşəsi ilə daxil olmaq mümkündür. Lakin alkoqol şüşəsini nəqliyyatda açıb qəbul etmək qadağan edilir. Bu qaydalar Berlin, Münxen, Nürnberq, Ştutqart və Duysburqa tətbiq edilir. IC və ICE tipli sürətli qatarlara bu qayda aid edilmir.
İctimai nəqliyyatda, həmçinin yemək-içmək xoş qarşılanmır. Burada əgər siz yeməyiniz və ya içkinizlə oturacağı çirkləndirsəniz, o halda 40 avro cərimə ödəməlisiniz.
Heç bitməyən yol hərəkəti qaydaları
Almaniyada avtobanda sürərkən dayanmağa icazə verilmir. Burada yanacağınız bitsə belə, hərəkətə davam etməlisiniz. Bu ölkədə yolda gəzmək də qadağandır. Bu qanunu pozanları 100 avro məbləğində cərimə gözləyir.
Qəribə yuyunma üsulları
Çox maraqlıdır ki, almanlar nədənsə çimərkən kisədən istifadə etməyi sevmirlər. Onlar adətən çimərkən bədənlərini sadəcə əlləri ilə yuyurlar. Məhz buna görə də bu ölkənin mağazalarında kisə tapmaq çox çətindir.
Həssas mövzular
Almaniyada nasist rejimi haqqında danışmaq olmaz. Almanlar Hitler və nasizm mövzusuna münasibətdə çox həssasdırlar. Buna görə də xüsusən də yad insanlarla bu məsələni şərh və müzakirə etməkdən çəkinin.
Poçt qutuları
Hər bir almanın poçt ünvanında soyadı mənzil nömrəsindən daha önəmlidir. Burada sakinlər nömrələrlə deyil, soyadları ilə müəyyən edilir. Soyadlar qapı zənglərində, poçt qutularında, domofonlarda göstərilir. Yeri gəlmişkən, burada həmsöhbətinizə hörmətinizi göstərmək üçün ona çəkinmədən soyadla müraciət edin.
Müxtəlif kartof növləri
Almanlar kartofu tərkibində olan nişastaya görə ayırırlar. Burada mağazalarda satılan kartof üç növdə olur. Məsələn, daha yumuşaq və tez dağılan kartof növü Mehliqkoçənd adlanır. Bu kartof növü tez bişdiyinə görə, kartof püresi üçün istifadə olunur. “Festkochend” kartof növü isə qızartma və salatlar üçün istifadə olunur. “Vorwirgend festkochend” kartof növü isə bir çox yeməklərinin hazırlanması üçün istifadə olunur.
Şirələr heç sevilmir
Almaniyada şirələr nədənsə heç sevilmir. Burada onlar adətən mineral su ilə qarışdırılır. Yaz və yay aylarına bu tip içkilərə buz da əlavə olunur. Bu içki “İçki Chorle” adlanır.
Qənaətcillik sərhəd tanımır
Almanlar qənaətcilliyi ilə məşhurdurlar. Məhz buna görə də Almaniyada faydalı qidaya qənaət etmək üçün sosial və ekoloji layihələr hazırlanır. Məhsulları utilizasiyadan xilas etmək istəyənlər xüsusi sayta müxtəlif şəkilləri yükləyirlər. Burada, həmçinin istifadə müddəti bitmiş iştahaaçan yeməklər böyük endirimlərlə satılır.
Samirə Tağıyeva, “İki sahil”