Sosial mediadan istifadə etməmək insanın “asosial” olması anlamına gəlmir. Əksinə, psixoloji baxımdan bu seçim bəzən fərdin yaşadığı anı daha dərindən və tam şəkildə qavraması ilə əlaqələndirilir. Müasir rəqəmsal dövrdə yaşanan hər hansı hadisəni sosial platformalarda paylaşmaq sanki sosial norma halını alıb. Lakin psixologiya sahəsində aparılan araşdırmalar göstərib ki, həyatını davamlı olaraq paylaşmayan insanlar çox vaxt diqqətlərini tam şəkildə yaşadıqları ana yönəldə bilirlər və bu, onların emosional təcrübəsini daha güclü edir.
Mütəxəssislər bildiriblər ki, bir hadisəni bütün hisslərlə yaşamaq və eyni zamanda, onu başqaları üçün sənədləşdirmək beynin diqqət resurslarını bölür. İnsan foto çəkmək, video yazmaq və ya paylaşım üçün mətn düşünmək kimi fəaliyyətlərə fokuslandıqda, əslində yaşadığı anın emosional dərinliyindən qismən uzaqlaşır. Bu vəziyyət psixologiyada bir neçə işi eyni anda görmək illüziyası ilə izah olunur. Şəxs kadrın düzgün alınmasına və ya paylaşımının necə görünəcəyinə diqqət yetirdikcə, hadisənin özü ikinci plana keçir və yaşanan an daxili təcrübədən daha çox xarici auditoriya üçün hazırlanan bir məzmuna çevrilir.
Psixoloqlar sosial medianın təqdim etdiyi ani reaksiya və bəyənmə mexanizminin insanların davranışlarına təsir etdiyini vurğulayıblar. Bu sistem fərdlərdə yaşadıqları anları ictimailəşdirmək və başqalarının təsdiqini almaq ehtiyacı yarada bilir. Bunun əksinə olaraq paylaşım etməyən insanlar öz təcrübələrini başqalarının reaksiyasına görə deyil, şəxsi hislərinə və dəyərlərinə əsasən qiymətləndirirlər. Bu yanaşma fərdin daxili məmnunluq hissini gücləndirə və özünə hörmətinin daha sabit formalaşmasına kömək edə bilər.
Mütəxəssislərin fikrincə, rəqəmsal mühitdə hər şeyi paylaşmamaq sosial həyatdan uzaqlaşmaq deyil, əksinə şəxsi sərhədlərin və məxfiliyin qorunması deməkdir. Şəxsi anların hamısını ictimai məzmuna çevirməmək insanın öz həyatına nəzarət hissini gücləndirir və psixoloji balansın qorunmasına müsbət təsir göstərir. Bu baxımdan rəqəmsal səssizlik bəzən şüurlu seçim kimi qiymətləndirilir və fərdin emosional rifahını qoruma vasitəsi hesab olunur.
Nəticə etibarilə, texnologiyadan tam imtina etməkdən çox, hansı anların paylaşılacağına və hansının şəxsi olaraq qalacağına qərar vermək müasir insan üçün mühüm psixoloji seçimə çevrilib. Araşdırmalar göstərir ki, bəzən ən dəyərli xatirələr heç bir paylaşımda yer almayan, yalnız insanın öz yaddaşında və hisslərində qorunan anlardır.
Şahnigar Əhmədova, “İki sahil”