«XX əsrin sonlarında yenidən müstəqillik qazanmaq kimi tarixi fürsəti əldə edən Azərbaycan qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə üzləşdi. Ölkədə vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurma nəinki dövlət müstəqilliyimizi, hətta, milli varlığımızı belə hədəfə aldı.
Dövlət idarəetməsində heç bir təcrübəsi olmayan şəxslərin vəzifəyə gətirilməsi suverenliyimizə təhdid yaratmışdı. AXC-Müsavat cütlüyünün bir illik hakimiyyəti ölkədə anarxiya, xaos, özbaşınalığın tüğyan etməsi və iqtisadiyyatın çökməsi ilə nəticələnmişdi. Dövlətçilik anlayışından bixəbər olan və hərbi birləşmələri əslində öz məqsədləri üçün istifadə edən ayrı-ayrı şəxslərin hədələrindən qorxub gizlənmiş AXC-Müsavat iqtidarının özü də xilas üçün sonda Heydər Əliyevdən kömək istədi. Ümummilli Liderin yenidən siyasi hakimiyyətə qayıdışı artiq tarixi zərurət idi.»
Bu fikirləri "İki sahil"ə açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov bildirib.
K.Bayramov qeyd edib ki, Azərbaycan xalqı qanı və canı bahasına əldə etdiyi müstəqilliyin qorunması üçün bu müstəqilliyin əldə olunmasına ən çox töhfə vermiş və onu qoruya biləcək əvəzsiz lideri dəvət etdi. Hələ 1992-ci ilin oktyabrında Azərbaycanın «91-lər» adlanan dəyərli ziyalıları Heydər Əliyevə hakimiyyətə qayıdışı üçün müraciət etmişdilər. 1993-cü il iyunun 9-da Heydər Əliyev, nəhayət, xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib Bakıya gəldi. Bu isə daxili və xarici düşmənlərimizin bütün planlarının pozulmasının başlanğıcı oldu. Xilaskarlıq missiyasını öz üzərinə götürən Heydər Əliyev Bakıda hakimiyyət davasının getdiyi bir vaxtda həyatını təhlükə altında qoyaraq dərhal Gəncəyə yollandı və bölgədə hələ də davam edən qiyamın və qardaş qırğınının qarşısını aldı. Ölkədə yaranan xaosu xalqın taleyinə yazılan qaranlıq səhifə adlandıran ulu öndər Heydər Əliyev Gəncə hadisələrindən vahiməyə düşən xalqı səbirli olmağa çağırdı.Ulu Öndər qan tökülməməsi, vətəndaş müharibəsinin başlanmaması üçün tədbirli hərəkət etməyi biri-birini ittiham edən tərəflərin hər ikisindən tələb edirdi. Vətəni təhlükəli vəziyyətdən xalqın birliyi və həmrəyliyi qurtardı.
Deputat diqqətə çatdırıb ki, 4 iyun hadisələri qurtuluşa gedən yolun başlanğıcı kimi qəbul olunur. 15 iyun 1993-cü ildə Milli Məclisin iclasında təşkilati məsələyə baxılaraq, həmin dövrdə Naxçıvan Ali Məclisinin Sədri Heydər Əliyev parlamentin Sədri seçildi. Ulu öndər Heydər Əliyev Azərbaycan Ali Sovetinin Sədri kimi ilk gündən parlamentarizm ənənələrinə sadiq qalaraq aşkarlıq prinsipinə üstünlük verdi. Milli Məclisin iclasları, mətbuat konfransları, respublika əhəmiyyətli müşavirələr birbaşa yayımla televiziya ekranlarına verildi. Ölkədəki vəziyyət olduğu kimi xalqa çatdırıldı. İctimai-siyasi həyatdakı gərginliyin aradan qaldırılması üçün lazımi tədbirlər görülməyə başlandı. Bu tarix Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu. Qurtuluşdan başlanan yol Azərbaycanın daha yüksək zirvələri fəth etməsini şərtləndirir.
K.Bayramov xüsusi olaraq vurğulayıb ki, Parlamentin 24 iyun tarixli iclasında Milli Məclis Prezident səlahiyyətlərinin Azərbaycan Respublikası Ali Sovetinin Sədri Heydər Əliyevə verilməsi barədə qərar qəbul etdi. Bu, artıq bütün hadisələrin dövlətin nəzarəti altına götürülməsi, xalqın iradəsinə tabe edilməsi demək idi. Ulu öndər Heydər Əliyevin 1993-cü il iyunun 15-dən oktyabrın 3-dək Ali Sovetə rəhbərlik etdiyi dövrdə parlamentarizm ənənələri yeni nəfəs, yeni qüc aldı. Ordu quruculuğu sahəsində mühüm qərarlar qəbul edildi. Cəmi 4 ay Ali Sovetin Sədri vəzifəsində çalışsa da, Heydər Əliyev bu qısa müddətdə parlamentin ruhunu kökündən dəyişdi, Milli Məclisə siyasi mədəniyyət gətirdi. Onun iclası aparmaq tərzi, fikirlərini dəqiq əsaslandırması, çıxışların məğzini tutmaq bacarığı, qiymətli fikirləri ümumiləşdirmək qabiliyyəti özlüyündə parlamentin üzvləri üçün yeni bir örnək, əsl parlamentarizm məktəbi idi.
K.Bayramov əlavə edib ki, 1993-2003-cü illər tariximizdə dirçəliş, inkişaf dövrü, 2003-cü ildən sonrakı dövr isə Böyük Yolun davamı kimi yer tutur. Ulu öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasət nəticəsində Azərbaycan xaos, anarxiya, özbaşınalıq və iqtisadi böhrandan xilas oldu, sabitlik, inkişaf dövrünü yaşadı. Ölkəmizin bugünkü uğurları Heydər Əliyev siyasətinin məntiqi nəticəsidir. Bu gün Ümummili Liderin ideyalarının işığında sabaha böyük inamla addımlayan müasir, müstəqil, qalib Azərbaycanı qarşıda daha böyük uğurlar gözləyir.