Qadının ən vacib aksessuarlarından biri də çanta hesab olunur. Çanta müasir moda dünyasında qadın obrazının tamamlanmasında zəruri amil kimi qiymətləndirilir. Əminik ki, çantalar haqqında topladığımız məlumatlar hər kəs, xüsusilə qadınlar üçün maraqlı olacaq.
Müasir formalı qadın çantaları ötən əsrin ortalarında meydana çıxıb. Buna qədər isə çantanı başlanğıcını XVII əsrdə – XIV Lüdovikin zamanından götürən cibi xatırladan xırda kisəciklər əvəz edirdi. Bu kisəciklərdə pullar saxlanılırdı. Bu kisələr kişilərin kəmərindən asılırdı, qadınların isə ətəyinin altında saxlanılırdı. XVII əsrdən başlayaraq qadınlar bu çantacıqları ətək altında gizlətməkdən vaz keçdilər. Ötən əsrin iyirminci illərində bir qadın individual çanta sifariş etdikdən sonra çanta indiyədək əhəmiyyətini və aktuallığını itirməyən aksessuara çevrildi.
2019-cu ildə Britaniyada "milyarderlərin dizayneri" kimi tanınan Debbi Uinqhem dünyanın ən bahalı və unikal qadın çantasını hazırlayıb. 6,7 milyon dollar dəyərində olan çantanın hazırlanmasında 24 karatlıq qızıldan və platindən, "Hermes" şərfindən, emu dəvəquşusunun yumurtasından, 8000 brilyant qaşdan və "Cartier" brendinin əsəri olan sırğalardan istifadə olunub. Çantaya forma verən emu yurutmasının səthi mavi almaz tozlu emalla örtülüb. Yumurtanın qızıl qabığını isə italyan dizayner Alessandro Qalanti hazırlayıb.
Sinqapurda yaşayan Cemi Çua dünyanın ən böyük çanta dizaynı kolleksiyasına sahibdir.
Onun 2 milyon dollar dəyərindəki kolleksiyasında “Hermes” və “Channel” kimi dünyaca məşhur firmaların çantaları var.
Bu yaxınlarda Nyu-Yorkda yerləşən “MSCF” şirkəti yeni mikroskopik çanta dizaynı ilə gündəmə gəlib. Həmin çanta ölçülərinə görə iynə dəliyindən belə keçə bilər. Dünyaca məşhur brendin modelindən ilhamlanan çantanı aydın görmək üçün mikroskopdan istifadə etmək lazım olacaq.
Mini çanta “Louis Vuitton” kişi geyimlərinin yaradıcı direktoru olan müğənni Pharrell tərəfindən gələn həftə Parisdə keçiriləcək hərracda satışa çıxarılacaq.
Bel çantaları
Heç bilirdinizmi ki,bel çantasının modellərinin 5000 ildən çox yaşı var. Onlar 1991-ci ildən bəri məşhurlaşdılar. O, zamanlar Tirolda (Alp dağlarında) səyahətçilər mumiyalanmış bir insan cəsədini aşkar etmişdilər. Aparılan müayinənin nəticələri onun təxminən eramızdan əvvəl 3300-cü ildə öldüyünü göstərdi. Həmin cəsədin yanında qeyri-adi bel çantası var idi. Həmin bel çantası ağacdan hazırlanmışdı.
Müasir bel çantaları 19-cu əsrdən etibarən istehsal edilməyə başlanıb. O, əsgər geyiminin elementlərindən biri, daha doğrusu, döyüş sursatı sayılırdı. Daha sonra bu çanta növü çoxsaylı dəyişikliklərə məruz qaldı. Əslində bel çantası bir müddət məktəb geyimlərinin elementlərindən birinə çevrilmişdi. Təxminən XX əsrin 50-ci illərində məktəblilər bu tip çanta vasitəsilə kitab və dəftər gəzdirməyə başladılar. Daha öncə onlar tutacaqlı adi çantalardan istifadə edirdilər.
Miuccia Pradanın 1984-cü ildə parlaq neylon loqotipli bel çantasını təqdim etməsi dünya modasında ajiotaj doğurdu. Bu, bizim qarderobumuza sərbəstlik gətirən bel çantalarının taleyinin başlanğıcı idi. 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində bütün gənclər cins və dəri gödəkçələri ilə bel çantaları götürməyə başladılar. Bununla da bel çantalarının yüksəlişi başladı və dəb sahəsində öz yerini möhkəmləndirdi. Həmin dövrdən bel çantalarının zamşa, dəri, cins, velvet kimi materiallarda müxtəlif formaları müxtəlif brendlərin kolleksiyalarında yer aldı.
Ən böyük bel çantası 2015-ci ildə Rusiyanın Krasnodar şəhərində hazırlanıb. Onun tikilməsi üçün təxminən 400 metr xüsusi materialdan, həmçinin 7500 kilometr sapdan istifadə olunub. Bu çanta nəhəng ölçüsünə görə “Ginnesin Rekordlar Kitabı”na daxil edilmişdir.
Hazırda ən bahalı bel çantasının qiyməti 79 min dollardır. O, “ Louis Vuitton” markasına aiddir.
Düzgün çanta seçimi necə olmalıdır?
Bəstəboy xanımlar üçün ən ideal çanta modellərindən biri də kiçik çantalardır. Kiçik çantalar bəstəboy xanımları olduğundan daha uca göstərir. Bu bədən quruluşuna sahib olan xanımlar bacardıqca uzun və böyük çantalardan qaçmalıdılar.
Arıq və uzunboylu xanımlar isə çox şanslıdırlar. Bu tip qadınlara demək olar ki, bir çox çanta növləri yaraşır. Məsələn, onlar üçün böyük çantalar, çiyində çarpaz daşınan modellər və ya klaç çantalar ideal hesab olunur. Onlar, həmçinin rəngli və aksesuarlı modellərə üstünlük verə bilərlər.
Əgər bədənizin üst hissəsi daha iridirsə uzunqollu çantalar sizin üçün ideal hesab olunur. Bu bədən quruluşuna sahib olan qadınlar öz növbəsində qısa qollu modellərdən istifaə etməməlidirlər.
Sən demə, çantanı əldə tutmaq qadının hansı vəziyyətdə olduğunu və psixoloji durumunu büruzə verir. İngilis mütəxəssisi Patti Vud çanta tutmaq formasına görə, qadınlar haqqında maraqlı məlumat verib.
Onun sözlərinə görə, qolunda çantanı tutan qadınlar adətən özünü hamıdan üstün tuturlar. Əldə tutulan və çiyinə taxılan çanta isə qadının çox yorğun olduğunun göstəricisidir. Qadınlar yorğun olan zaman çantanı əldə və çiyində saxlayır. Qolunun altında isə çantasını daşıyan qadınlar adətən məqsədə nail olmaq üçün mübarizə aparanlardı.
Samirə Tağıyeva, “İki sahil”