İyunun 23- də SOCAR-ın «Azəriqaz» İstehsalat Birliyində (İB) mətbuat nümayəndələri üçün növbəti «Açıq qapı» aksiyası keçirilib. Birliyin şöbə rəislərinin iştirakı ilə keçirilən tədbirdə jurnalistlərin sualları cavablandırılıb.
İB-nin Rejimlərə nəzarət və mərkəzi dispetçer şöbəsinin rəisi Rasim Əhmədov bildirib ki, 22 iyun 2023-cü il tarixində respublika ərazisində ümumi sutkalıq təbii qazın qəbulu 10 milyon 279 min kubmetr təşkil edib.
Şöbə rəisinin sözlərinə görə Bakı şəhəri və Abşeron yarımadası üzrə qəbul 7 milyon 357 min kubmetr, regionlar üzrə isə bu rəqəm 2 milyon 922 min kubmetr təşkil edib: «Sutka ərzində ümumi qəbulun 72 faizi Bakı şəhəri və Abşeron yarımadasının, 28 faizi isə regionların payına düşüb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 322 min kubmetr az qaz qəbul edilməsi deməkdir.
Birliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev isə hər il qazlaşma işləri ilə paralel olaraq korroziyaya uğrayan, istismar müddəti başa çatan qaz xətlərinin yenilənməsi işlərinin həyata keçirildiyini qeyd edib: «Bütün bu işlər əsasən yay aylarında həyata keçirilir ki, abonentlərimiz qış aylarında təhlükəsiz və davamlı olaraq təbii qazla təmin olunsun. Birlik tərəfindən bu addımların atılması birbaşa abonent məmnunluğunun təmin olunmasına xidmət edir».
Tədbirdə jurnalistlərin qaz təsərrüfatı ilə bağlı çox saylı sualları da cavablandırlııb.
Elçin Zaman, "İki sahil"