24 iyun 2023 23:46
1095

SOCAR-ın qeyri-neft ixracında payı artıb

Cari ilin yanvar-may ayları ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 1 milyard 465 milyon 801,51 min ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 22,1 faiz artımla ümumi ixracın 9,1 faizini təşkil edib.  

Rəsmi statistikaya görə, hesabat dövründə yeyinti məhsulları üzrə ixrac 334,4 milyon ABŞ dollarına bərabər olub. Spirtli və spirtsiz içkilərin ixracı 5,9 dəfə, şəkər ixracı 43,8 faiz, meyvə-tərəvəz ixracı isə 10,4 faiz artıb. Aqrar və aqrar-sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 16,9 faiz artaraq 349,1 milyon ABŞ dolları təşkil edib. Aqrar-sənaye məhsullarının yaratdığı dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 55,8 faiz artaraq 92,2 milyon ABŞ dolları təşkil edib.

Elektrik enerjisi qeyri-neft ixracında liderliyini davam etdirir. Yanvar-may ayları ərzində elektrik enerjisinin ixracının dəyəri 313,9 milyon ABŞ dolları birinci olub. Bu siyahıda pomidor (91,5 milyon ABŞ dolları) ikinci, ilkin formalı polipropilen (57,2 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb. Ötən 5 ayda elektrik enerjisinin ixracının dəyərinin əsas hissəsi yanvar-aprel aylarının payına düşüb. May ayı ərzində cəmi 200 min dollar dəyərində elektrik enerjisi ixrac edilib. Ötən ay qeyri-neft ixracında fərqlənən məhsul pomidor olub. Belə ki, mayda 37,3 milyon dollarlıq pomidor ixrac edilib ki, bu da 5 aylıq ixracın 40,8 faizi deməkdir. 

Qeyri-neft ixracının coğrafiyasına gəlincə, burada qardaş ölkə liderdir.  2023-cü ilin yanvar-may ayları ərzində Türkiyəyə 464,6 milyon , Rusiyaya 404 milyon, Gürcüstana 161,2 milyon, İsveçrəyə 53 milyon, Qazaxıstana isə 47,7 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub. Siyahıda İsveçrə istisna olmaqla digərləri üzrə ixracın dəyəri artıb.

Qeyri-neft ixracına subyektlər üzrə nəzər saldıqda məlum olur ki, qeyri-dövlət şirkətlərinin ilk onluğunda “MKT İstehsalat Kommersiya” MMC, “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, “Baku Steel Company” QSC, “Best Logistik” MMC,  “STP Global Cable” MMC, Şirinov Elvin Valeh oğlu, “My Fruit” MMC, “Lexus-Bakı” MMC, “P-Aqro” MMC, “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC kimi müəssisələr yer alıb.

Dövlət şirkətlərinin siyahısına isə “Azərenerji” ATSC  başçılıq edir. Daha sonra bu siyahıda SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi, “SOCAR Polymer” MMC, “Azəralüminium” MMC, “AzerGold” QSC, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “Azərbaycan Hava Yolları” QSC, “Azərbaycan Dəmir Yolları” QSC, “Azəripək” MMC, “ASK Tütün” MMC var.

Bu dövrdə SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin (157,2 milyon dollar) və “SOCAR Polymer” MMC-nin (126,6 milyon dollar) birgə ixracı qeyri-neft ixracının 19,4 faizini təşkil edib. Müqayisə üçün qeyd edək ki, birinci rübün sonunda bu göstərici 18,3 faiz, yanvar-aprel ayları üzrə isə 18,7 faiz olmuşdu.

Ceyhun Piriyev, “İki sahil”