Həyatını insanların sağlam yaşamasına həsr edən akademik Cəmil Əliyevin tibb elmində qazandığı nailiyyətlər daha çox bəşəri mahiyyət daşıyır
Nyu-York Elmlər Akademiyasının üzvü
Rusiya Tibb Elmlər Akademiyasının həqiqi üzvü
Rusiyanın Təbiət Elmləri Akademiyasının həqiqi üzvü
İngiltərə Nammersmit Kral Universitetinin professoru
Anderson Xərçəng Əleyhinə Mərkəzin professoru
Beynəlxalq Ekoenergetika Akademiyasının üzvü
Avropa Tibbi Onkologiya Elmi Cəmiyyətinin üzvü
Gürcüstan Elmlər Akademiyasının akademiki
Dağıstan Respublikasının əməkdar elm xadimi
Bunlar Azərbaycanın dünya şöhrətli alimi, Əməkdar elm xadimi, akademik, Milli Onkologiya Mərkəzinin baş direktoru Cəmil Əliyevin beynəlxalq səviyyəli titullarının bir hissəsidir. Bu titullar, bir Azərbaycan aliminin tibb elmində qazandığı nailiyyətlər bütün dünya və bəşəriyyət üçün nə qədər vacib olmasının göstəricisi sayıla bilər. Bu, həm də onun göstəricisidir ki, akademik Cəmil Əliyevi elmdə, xüsusilə də tibb elmində qazandığı nailiyyətlər millilikdən daha çox bəşəri mahiyyət daşıyır.
Təsadüfi deyil ki, Cəmil müəllim 17 monoqrafiyanın, dərs vəsaitinin, 10 ixtiranın, 600-ə yaxın elmi əsərin müəllifidir. Elmi əsərlərin böyük əksəriyyəti isə məhz xaricdə çap olunub.
Onun hələ 1979-cu ildə yazdığı “Dərinin bədxassəli şişlərində plastik operasiyalar” mövzusunda monoqrafiya SSRİ Tibb Elmləri Akademiyasının N.N.Petrov adına mükafatına layiq görülüb. Cərrahiyyə əməliyyatından əvvəl müalicənin yeni və effektiv metodlarının işlənib hazırlanması, praktik onkologiyada müvəffəqiyyətlə tətbiq edilməsi də məhz akademik Cəmil Əliyevin elmi nailiyyətlərinə əsaslanır. Bunun nəticəsində bir sıra onkoloji xəstəliklər zamanı orqansaxlayıcı cərrahiyyə əməliyyatlarının yerinə yetirilməsi mümkün olub.
Onun rəhbərliyi ilə 8 elmlər doktorluğu və 40-dan çox tibb elmləri üzrə fəlsəfə doktorluğu dissertasiyası müdafiə olunub. Məhz bu mənada, onkologiya elminin inkişafında müstəsna xidmətləri olan Cəmil Əliyev həm də Azərbaycan səhiyyəsinin tərəqqisində böyük əmək sərf edən çox az sayda akademiklərdəndir. Təkcə Respublika Milli Onkoloji Mərkəzinə rəhbərlik etdiyi dövrdə bu tibb ocağının regionun ən aparıcı səhiyyə müəssisəsinə çevrilməsini xatırlatmaq kifayətdir. Məhz bu sahədəki gərgin əməyi akademikə Azərbaycan dövlətinin ali mükafatlarını - “Şöhrət” və “Şərəf” ordenlərini qazandırıb.
Milli Onkologiya Mərkəzinin baş həkimi, Səhiyyə Nazirliyinin baş onkoloqu, Əməkdar həkim, tibb üzrə fəlsəfə doktoru Azad Kərimli akademik Cəmil Əliyevin tibb elmində qazandığı nailiyyətlərdən ürəkdolusu danışır. Cəmil Əliyev şəxsiyyəti haqqında ilk dəfə hələ tələbəlik illərində eşitdiyini xatırladan baş onkoloq həmin illərdə cərrahiyyə dərsləri zamanı tanınmış həkimlərlə söhbətlərdən bu görkəmli alim barəsində geniş məlumatlar aldığını deyir: “Hələ o vaxtdan Cəmil Əliyevin onkologiyanın inkişafı sahəsindəki nailiyyətlərindən məlumatlı idim. Sonradan elə oldu ki, mən özüm də onkologiya sahəsini seçməli oldum. Cəmil müəllim Rentgenologiya, Radiologiya və Onkologiya Elmi-Tədqiqat İnstitutunda (indiki Milli Onkologiya Mərkəzi - red.) direktor vəzifəsində çalışarkən onun rəhbərliyi altında 7-8 ay müddətində internatura təhsili aldım. Bu müddətdə Cəmil müəllimi həm bir alim, həm də sadə insan kimi yaxından tanımağa başladım. O vaxt təsəvvür edə bilmirdim ki, Cəmil Əliyev kimi kövrək qəlbə malik insan necə ürək edib hansısa ağır əməliyyata girə bilər. Sonradan başa düşdüm ki, onkoloq-cərrah olan Cəmil Əliyev praktikada da çox güclü, hətta əvəzedilməz həkimdir”.
Uzun müddət akademiklə birgə çalışan baş onkoloq Cəmil Əliyevin rəhbərliyi ilə aparılan cərrahiyyə əməliyyatlarında bir neçə dəfə assistent kimi iştirak edib. Onun çox sadə, təmkinli və peşəkar cərrah olduğunu da məhz bu əməliyyatlar zamanı yaxından görüb və hiss edib. Onun sözlərinə görə, bəzi cərrahlar əməliyyatlar zamanı hansısa həlledici vəziyyətdə həyəcan keçirməyə başlasa da, Cəmil Əliyev sakit və təmkinli əməliyyatları ilə təkcə gənc həkimlərə yox, həm də təcrübəli cərrahlara nümunə göstərir: “Mən iki il təyinatım üzrə başqa xəstəxanada çalışdıqdan sonra yenidən Milli Onkologiya Mərkəzinə qayıtdım və bu vaxta qədər də Cəmil müəllimin rəhbərliyi altında işləyirəm. Cəmil Əliyev Azərbaycanda böyük bir onkoloqlar ordusu yaradıb ki, özü isə bu ordunun sərkərdəsidir. Mən internaturaya gələndə cəmi iki nəfər idik. O vaxt Azərbaycan Tibb İnstitutunun tələbələri onkologiya sahəsinə gəlmək istəmirdilər. Çünki onkologiya çətin sahə olduğundan tələbələr özlərini bu ağır işin altına verməyə çəkinirdilər. Ancaq indi böyük onkoloqlar ordusu yaranıb. Çünki tələbədə maraq yaratmaq lazım idi, Cəmil Əliyev bu işin öhdəsindən layiqincə gəldi”.
Yeri gəlmişkən, Cəmil Əliyev hələ Milli Onkologiya Mərkəzinin direktor müavini işlədiyi dövrdə istedadlı məzunları öz təşəbbüsü ilə Moskvadakı N.N.Bloxin adına Onkologiya Elmi Mərkəzinə təkmilləşməyə göndərib. Hazırda onun rəhbərlik etdiyi tibb ocağında çalışan həkimlərin əksəriyyəti məhz akademikin vaxtilə Moskvaya təkmilləşdirməyə göndərdiyi, namizədlik və doktorluq dissertasiyalarını N.N.Bloxin adına Onkologiya Elmi Mərkəzində müdafiə edib Azərbaycana qayıdan mütəxəssislərdir. Hazırda isə bu ənənə dünyanın ən məşhur tibb ocaqlarında davam etdirilir. Belə ki, görkəmli alimin təşəbbüsü ilə Azərbaycan onkoloqları bilik və bacarıqlarının artırılması məqsədilə ABŞ və Avropanın analoji tibb ocaqlarında təkmilləşdirmə kurslarına cəlb olunurlar.
Akademik Cəmil Əliyevin fəaliyyəti təkcə Azərbaycanda onkologiya elmi məktəbinin yaradılması ilə bitmir. Dünyaca məşhur alim elmi-texniki tərəqqinin sürətlə yayıldığı indiki vaxtda rəhbərlik etdiyi tibb ocağının maddi-texniki bazasının yüksəldilməsinə də xüsusi diqqət göstərir. Məqsəd vətəndaş məmnunluğunu artırmaq, son ümid yeri kimi Milli Onkologiya Mərkəzinə müraciət edən xəstələrin şəfa tapması üçün geniş imkan yaratmaqdır. Azad Kərimlinin sözlərinə görə, əvvəllər Milli Onkologiya Mərkəzinin cəmi bir binası olduğu halda, indi bu tibb ocağı üçün böyük bir şəhərcik yaradılıb: “Biz bir binada işləyəndə ildə orta hesabla 350 xəstəni əməliyyat edirdik. Amma bu gün 4000-ə yaxın əməliyyat həyata keçiririk. Hətta ABŞ-dan, İtaliyadan, Avstriyadan, İsraildən, Türkiyədən gələn mütəxəssislər Milli Onkologiya Mərkəzində yaradılan şəraitlə tanış olanda heyrətlərini gizlədə bilmirlər. Ölkə başçısı cənab İlham Əliyevin göstərişi ilə Milli Onkologiya Mərkəzinin cərrahiyyə korpusu inşa olunub. Eyni zamanda, Milli Onkologiya Mərkəzinin uşaq klinikası yaradıldı. Buna qədər Azərbaycanda uşaqların onkoloji müalicəsi demək olar ki, yox idi. Bütün bu şəraiti akademik Cəmil Əliyev burada çalışan tibbi personalın səmərəli xidmət göstərməsi, sadə insanların keyfiyyətli tibbi xidmət alması üçün yaradıb”.
Akademik Cəmil Əliyev dünya miqyasında tibbi texnologiyalar sahəsində meydana çıxan yenilikləri daim izləyir və tez bir zamanda Azərbaycana gətirilməsinə çalışır. Məsələn, xeyli vaxt idi ki, Azərbaycanda qalxanvari vəzin xərçəngi xəstəliyinin radioaktiv yodla müalicəsi üçün xəstələrin böyük bir qismi xarici ölkələrə üz tuturdu. Bu həm çətin, həm də bahalı müalicə prosedurudur. Məhz regionun aparıcı Milli Onkologiya Mərkəzinə rəhbərlik edən tanınmış alim Cəmil Əliyevin səyi nəticəsində bu gün Azərbaycanda radioaktiv yodla müalicələr aparılır. Eyni zamanda, Milli Onkologiya Mərkəzinə dünyanın əksər ölkələrində mövcud olmayan ən son texnologiyalara əsaslanan Pozitron Emission Tomoqrafiya (Positron Emission Tomography) adlanan tibbi avadanlıq gətirilib. Bu avadanlıq da yaxın vaxtlarda istifadəyə veriləcək.
Bundan əlavə, bir neçə il əvvəl tibbi avadanlıqlar sahəsində yüksək səviyyədə ixtisaslaşmış ABŞ-ın “Varian Medikal Sistems” şirkətinə məxsus avadanlığı idarə etmək üçün akademik Cəmil Əliyev gənclərdən ibarət həkim heyətini bu avadanlıqların tətbiq olunduğu ölkələrə, o cümlədən Avstriya və Çexiyaya göndərmişdi. Hazırda bu avadanlıqlardan ölkəmizdə şüa terapiyasında istifadə olunur. “Varian Medikal Sistems” şirkəti bunu nəzərə alaraq yerli mütəxəssislərin avadanlıqdan istifadəsinə dair bilik və bacarıqlarını öyrəndikdən sonra Milli Onkologiya Mərkəzinə rəsmi qaydada şirkətin beynəlxalq tədris və məsləhət mərkəzi statusu verib. Bu məqsədlə 2014-cü ilin oktyabrında Milli Onkologiya Mərkəzi ilə ABŞ-ın xərçəng xəstəliyində şüa müalicəsinin aparılması üçün ən müasir texnologiyaları layihələndirən və istehsal edən “Varian Medikal Sistems” şirkəti arasında əməkdaşlıq sazişi imzalanıb. Bu yaxınlarda qazaxıstanlı həkimlər də “Varian Medikal Sistems” şirkətinə məxsus avadanlıqları idarə etmək üçün Azərbaycanda təkmilləşdirmə kursları keçiblər. Azad Kərimli bütün bunları böyük alim Cəmil Əliyevin gərgin əməyinin nəticəsi kimi dəyərləndirir: “Bu, bir daha onu göstərir ki, dünya şöhrətli akademikin yetirmələri təkcə Azərbaycanda deyil, həm də ölkəmizin xaricində fəaliyyət göstərirlər”.
...“Qənimət adam”. Bu sözü adətən, ömrünü cəmiyyətin inkişafına, millətinə, elinin-obasının tərəqqisinə həsr etmiş insanlar haqqında deyirlər. Ömrünün yetmiş birinci baharına qədəm qoyan akademik Cəmil Əliyev də Azərbaycan xalqı üçün qənimət sayılan insanlardandır. Mənalı həyatını onkologiya elminin inkişafına, insanların sağlam yaşamasına həsr etmiş dünya şöhrətli akademikdən öyrəniləcək çox şeylər var hələ. İstər Azərbaycan, istərsə də dünya onkologiya elmi hələ Cəmil müəllimdən çox yararlanacaq. Bu şərəfli işinizdə Sizə uğurlar, möhkəm cansağlığı arzulayırıq, Cəmil müəllim!
Elxan Salahov,
Ceyhun Piriyev “İki sahil”