Ceyhun Məmmədov: Bu kimi hadisələr Fransa dövlətinin hansı təfəkkürə və siyasətə malik olduğunu göstərir
Təəssüflər olsun ki, söz azadlığı, insan hüquqları guya müdafiəçisi kimi çıxış edən, demokratik dəyərlərə üstünlük verdiyini əlində bayraq tutan Fransada son illərdə cərəyan edən hadisələr bu ölkənin iç üzünü ortaya qoyur.
Fransanın Nanter şəhərində polisin ona tabe olmaqdan imtina edən Əlcəzair əsilli yeniyetməni irqi zəmində soyuqqanlıqla qətlə yetirməsi fransız cəmiyyətində şok yaradan növbəti rüsvayedici hadisədir. Kütləvi iğtişaşlarla müşayiət olunan bu qətl hadisəsinə görə şəhərdə barrikadalar qurulub, avtomobillərə od vurulub. Polislə toqquşmalar və s. bu kimi gərgin hadisələr paytaxt Parisin digər vilayətlərinə də keçib, bir neçə şəhərdə iğtişaşlar törədilib.

Bütün bunlar fransız xalqının Emmanuel Makron hakimiyyətinə qarşı növbəti dəfə kütləvi itaətsizlik nümayiş etdirdiyini, Fransada demokratiyanın böhran yaşadığını, ölkədə ciddi islahatların keçirilməsinə ehtiyac olduğunu bir daha təsdiqlədi.
Milli Məclisin deputatı Ceyhun Məmmədov mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, proseslər onu göstərir ki, həqiqətən də Fransa hökuməti öz vətəndaşlarına qarşı əsl vəhşilik nümayiş etdirir: “Ümumiyyətlə, bu ilk hal deyil, yəni dəfələrlə Fransada müsəlmanlara, o cümlədən əlcəzairlilərə, həmçinin digər etnik qruplara qarşı dəfələrlə bu cür hadisələr baş verib. Bu kimi hadisələr Fransa dövlətinin hansı təfəkkürə və siyasətə malik olduğunu göstərir. Bu gün Azərbaycanı ittiham edən Fransa əslində etnik zəmində münaqişəni tətikləyən, dini və milli ayrı-seçkilik siyasəti həyata keçirən dövlətlərdən biridir.”

C.Məmmədov qeyd etdi ki, bütün bunlar onu göstərir ki, həqiqətən də Makron hakimiyyəti etimadı itirib və diktatura yolunu seçib: “Bu hakimiyyət belə addımlarla günü-gündən öz etimadını itirir.”
Cavid Əkbərov, “İki sahil”