“Fransada daha bir zorakılıq hadisəsi baş verdi. Əfsuslar olsun ki, insan hüquq və azadlıqlarından danışan ölkədə polis yeniyetməyə ilə zorakı davranır. Ötən il isə eyni hadisə səbəbindən 13 nəfər öldürülmüşdür. Bu il isə Fransada yol polisi tərəfindən öldürülən ikinci şəxsdir. Hadisənin irqi zəmində baş verdiyi istisna edilmir.”
Bu fikirləri “İki sahil”ə açıqlamasında Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova deyib.
H.Hüseynova qeyd edib ki, qanunu pozan hər kəs məsuliyyət daşıyır: “Lakin polisin soyuqqanlılıqla silahsız yeniyetməni qətlə yetirməsi Fransanın hakimiyyət nümayəndələrinin irqçiliyinin göstəricisidir. Vətəndaşın bu aksiyanı keçirməsinin başlıca günahkarı isə Fransa Prezidenti Emmanuel Makron və hakimiyyətinin ayrı-seçkilik siyasəti, öz vətəndaşalrının social problemlərinə laqeyd münasibəti insanlarda dövlət qurumlarına və onların nümayəndələrinə qarşı nifrət hissi yaradır. Qətli törətmiş polis həbs edilsə də, bu hadisə kütləvi iğtişaşlara səbəb olumuşdur. Bir sıra şəhərlərdə barrikadalar qurulub, avtomobillərə od vurulmuş, polislə toqquşmalar baş vermişdir.”

Komitə sədri vurğulayıb ki, bu hadisə və onun doğurduğu hadisələr mövcud hakimiyyət Fransa cəmiyyətində irqi, dini, etnik ayrı-seçkiliyi dərinləşdirir: “İki il əvvəl BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Mişel Baçelet yaydığı hesabatda bildirmişdi ki, dünyada polis tərəfindən 190 Afrika mənşəli şəxs qətlə yetirilmişdir. Onların hamısı irqi ayrı-seçkiliyin qurbanı olmuşlar. Hesabatda qeyd edilir ki, hadisələrin 98 faizi Avropa ölkələrində baş verir və Afrika mənşəlilər irqi ayrı-seçkiliklə ən çox Fransada üzləşirlər. Bu zorakılığa qarşı çıxanlar isə polis tərəfədən işgəncələrə məruz qalırlar.”

Hicran Hüseynova onu da diqqətə çatdırıb ki, bir çox Avropa ölkələri, beynəlxalq təşkilatlar Fransa da daxil olmaqla başqa dövlətlərdə baş verən uyğun halları demokratik dəyərlərin, o cümlədən sərbəst toplaşmaq, söz və fikir azadlıqlarının pozulması kimi qiymətləndirirlər: “Əlbəttə ki, belə bir yanaşma yeni deyil. Vaxtı ilə Afrikada insanları məhkəməsiz qətlə yetirən Fransa hakimiyyətinin nümayəndəsi indi yeniyetməni atəş açaraq qətlə yetirəcəyi ilə hədələyir və ardınca bu cinayəti törədir. Bəlkə Fransa, bəzi qərb ölkələri, ikili standartlar əsasında fəaliyyət göstərən beynəlxalq təşkilatlar bu cinayətləri unudub, və ya unutdurmağa çalışır. Lakin tarix və bu dəhşətli cinayətə məruz qalan xalqlar heç vaxt unutmayacaqlar.”
Orxan Vahidoğlu, “İki sahil”