30 iyun 2023 17:46
522

Avropa İttifaqının tam mərkəzində jurnalistə hücum cinayət əməlidir

Fransada AzTV-nin çəkiliş qrupuna hücumla bağlı insident dünyanın müxtəlif ölkələrinin ictimaiyyəti arasında əsas müzakirə mövzularından biri olmaqda davam edir.

“İki sahil” xəbər verir ki,  macarıstanlı müxbir Attila Çarnai AZƏRTAC-a müsahibəsində bu məsələyə münasibət bildirib.

“Öz peşə fəaliyyətini yerinə yetirən jurnalistlərə hücum bütün dövrlərdə nalayiq hərəkət hesab olunub. Üstəlik, hər hansı səbəbsiz hücum cinayət əməlidir. Jurnalistlərə hücum yolverilməzdir, çünki onlar cəmiyyətin xidmətindədirlər, vətəndaşlara hazırda ən vacib “qida” növü olan xəbərləri çatdırırlar.

Fransada Azərbaycan Televiziyasının - AzTV-nin operatoruna və müxbirinə hücum onu sübut edir ki, buna bənzər hadisələr təkcə Suriya, Somali və sair kimi təhlükəli zonalarda və hərbi əməliyyat bölgələrində deyil, hətta Avropa İttifaqının tam mərkəzində də baş verir.

Fransa hökuməti dərhal təhqiqat aparmalı, təqsirkarları tapmalı və əlbəttə ki, jurnalistlərin müdafiəsi üzrə tədbirləri təkmilləşdirməlidir. Bu, jurnalistlərin cəmiyyətə xidmətlərini davam etdirmək və hadisə yerindən bizə obyektiv informasiya çatdırmalarından ötrü vacib addımdır”, - deyə Attila Çarnai bildirib.