Dövlət başçısı İlham Əliyevin bu bəyanatı sülh müqaviləsinin imzalanması prosesinin uzadılması istəyini törətdiyi təxribatlarla təsdiqləyən Ermənistana və ona havadarlıq edən dövlətlərə ciddi mesajdır
İki ildən artıqdır ki, tarixi Zəfərimizin reallıqları fonunda bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi, Ermənistanla münasibətlərdə yeni səhifənin açılması üçün ölkəmizin qarşı tərəfə təklif etdiyi sülh müqaviləsinin imzalanması istiqamətdə müxtəlif formatlarda görüşlər və danışıqlar aparılır. Azərbaycan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan irəli gələn öhdəlikləri, eyni zamanda, keçirilən görüşlərdə qəbul edilən qərarlardan irəli gələn vəzifələri yüksək səviyyədə yerinə yetirib sülh müqaviləsinin tezliklə imzalanmasına səy göstərdiyi halda Ermənistan təxribatları ilə bunun əksinə çalışdığını təsdiqləyir. . Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin iyunun 23-də Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birində yaradılan şəraitlə tanış olub, hərbi hissəyə Döyüş bayrağının təqdim olunması mərasimində «Biz haqq-ədaləti tələb edirik. Bu gün Ermənistanla aparılan sülh danışıqlarının yekunlaşması həm bizə lazımdır, həm də daha çox Ermənistana lazımdır. Bu sülh anlaşması beynəlxalq hüququn norma və prinsipləri əsasında imzalanmalıdır. Bu sülh anlaşmasında postmüharibə reallıqları nəzərə alınmalıdır. Bu, təbiidir. Biz qalib gəlmişik, biz qan tökmüşük, şəhidlər vermişik. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Biz öz torpağımızda müharibə aparmışıq və bu gün öz torpağımızda yaşayırıq və yaşayacağıq» söyləyərək belə bir çağırışı da səsləndirdi ki, Ermənistan keçən ilin oktyabr ayında rəsmən Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Bu, müsbətə doğru atılan bir addımdır. Ancaq bundan sonra həmin bu ifadələr kağız üzərində də olmalıdır və Ermənistan buna imza atmalıdır. Belə olan halda Cənubi Qafqazda uzunmüddətli sülh yarana bilər. Əks təqdirdə, sülh olmayacaq.
Dövlət başçısı İlham Əliyev hər bir çıxışında Azərbaycanın xarici siyasətinin əsas prinsiplərini də önə çəkir. Təbii ki, burada söhbət ədalətin və beynəlxalq hüququn yanında olmaqdan, bütün məsələlərin məhz bu prinsiplər əsasında həllindən gedir. İstər 30 illik işğal, istər 44 günlük İkinci Qarabağ müharibəsi, istərsə də postmünaqişə dövründə Azərbaycan dünyanın ikili standartlara əsaslanan siyasətindən irəli gələn qərəzli yanaşmalarla üz-üzə qalıb. Bütün hallarda ölkəmizin müstəqil siyasəti özünün uğurlu nəticəsini verib. Azərbaycan o ölkələrdəndir ki, heç bir kənar qüvvə iradəmizə təsir edə bilməz. Çünki güclü iradəmiz, ordumuz, eyni zamanda, imkanlarımız var. Azərbaycan daxili resursları hesabına Qarabağı, Şərqi Zəngəzuru yenidən qurur.”
Bu gün bütün dünya azərbaycanlıları qürur hissi ilə qeyd edirlər ki, sözün əsl mənasında, müstəqil ölkə kimi yaşayırıq. Azərbaycanda təhlükəsizlik təmin edilir, əmin-amanlıq hökm sürür. Dünyanın hər bir yerində müharibələr, toqquşmalar, qarşıdurmalar hökm sürür. Azərbaycan isə sabitlik, təhlükəsizlik adasıdır.
Prezident İlham Əliyev daim çıxışlarında bu reallığı da xüsusi vurğulayır ki, Azərbaycan xarici siyasətlə bağlı nümunəvi ölkə sayıla bilər. Xarici siyasətimiz daxili siyasətimizin məntiqi davamıdır. Bu gün Azərbaycanın beynəlxalq aləmdə sabit, eyni zamanda, yeni əməkdaşlıq formatlarının təşəbbüsçüsü kimi tanınmasının və nüfuz qazanmasının da təməlində düşünülmüş və məqsədyönlü siyasət dayanır. Ölkəmizdə mövcud olan sabitlik Azərbaycan xalqının iradəsi ilə təmin edilir. Dövlətimizin siyasəti xalq tərəfindən dəstəklənir. Siyasət konkret işlərlə ölçülür. Bu fikir xarici ekspertlər, siyasətçilər tərəfindən də etiraf olunur ki, xalq-iqtidar birliyinin möhkəm olduğu, ən əsası həyata keçirilən siyasətin, təşəbbüslərin vətəndaşlar tərəfindən dəstəkləndiyi ölkədə hansısa narazılıqdan söhbət gedə bilməz. Azərbaycanın adının nümunəvi ölkələr sırasında qeyd olunması məhz bu reallığın təsdiqidir ki, daxili siyasətin uğurları beynəlxalq aləmdə reytinqin müəyyənləşdirilməsində stimulverici amildir. Cənab İlham Əliyev bu uğurlara söykənərək bildirir ki, uğurlu xarici siyasət aparmaqla biz özümüzü mümkün olan xarici risklərdən qoruyuruq və buna nail oluruq.
Xarici siyasətimiz milli maraqlar üzərində qurulub. Milli maraqlar isə diktə edir ki, bütün ölkələrlə işgüzar, bərabərhüquqlu, bir-birinin daxili işinə qarışmamaq şərti ilə münasibətlər quraq və qurmuşuq. Azərbaycanın qonşu və Avropa dövlətləri ilə əlaqələrinin bugünkü səviyyəsi göz önündədir. Azərbaycanın dünyadakı rolunu və ölkəmizə münasibəti əks etdirən çox parlaq bir nümunənin-120 ölkəni öz sıralarında birləşdirən Qoşulmama Hərəkatına sədrlik müddətinin quruma üzv dövlətlərin yekdil qərarı ilə bir il uzadılmasını xüsusi qeyd etməliyik. Dövlət başçısı İlham Əliyev diqqəti ölkəmizin beynəlxalq nüfuzuna yönəldərək bildirir ki, bu gün beynəlxalq təşkilatlarda Azərbaycanın hörməti artır. Qoşulmama Hərəkatı kimi dünyanın ikinci beynəlxalq təsisatına 4 ilə yaxın rəhbərlik edirik: «Əgər belə olmasaydı, bizim sədrlik müddətimiz 120 ölkənin yekdil səsi ilə daha bir il uzadılmazdı. Bu gün Avropa üçün Azərbaycan çox önəmli ölkəyə çevrilib. Biz Avropa İttifaqına üzv ölkələrin üçdəbiri - doqquz ölkə ilə strateji tərəfdaşıq. Yəni, beynəlxalq mövqelərimiz kifayət qədər güclüdür. Biz beynəlxalq müstəvidə bizə lazım olan bütün sənədləri, qətnamələri qəbul etdirə bilmişik və bu, İkinci Qarabağ müharibəsinin uğurla aparılması üçün də öz rolunu oynamışdır. Çünki biz həqiqəti sübut etmişik. Biz yalnız həqiqəti sübut etməyə çalışırdıq və ona nail olduq ki, bu, bizim torpağımızdır. Bax, durduğum torpaq Azərbaycan torpağıdır. Biz beynəlxalq təşkilatlar çərçivəsində fəal işimizlə bu hüquqi və siyasi bazanı yarada bilmişik.»
Azərbaycanın xarici siyasət uğurları artıq tarixə qovuşmuş Qarabağ münaqişəsinin həllində öz sözünü dedi. Arxada qalan hər il Azərbaycanın diplomatiya sahəsində qazandığı uğurlara yeni əlavələr edir. Münaqişənin həllində möhkəm hüquqi bazanın mövcudluğu Azərbaycanın döyüş meydanında qələbəsini şərtləndirdi. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi 28 il kağız üzərində qalsa da bu sənədlərdə Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu, erməni hərbi birləşmələrinin bu ərazilərdən qeyd-şərtsiz çıxarılmasının vacibliyi öz əksini tapmışdı. Azərbaycan dövləti istər 30 ililk işğal , istərsə də postmünaqişə dövründə belə bir çağırışla çıxış edir ki, BMT qətnamələrinin icrası üçün vahid mexanizm müəyyənləşdirilməlidir. Elə ölkələr var ki, onlar üçün bu qətnamələr 1-2 saat ərzində icra edilir, amma Azərbaycana gəldikdə isə 28 il gözlədik.
Dövlətimizin qətiyyəti, rəşadətli ordumuzun gücü, qüdrəti sayəsində tarixi Zəfərə imza atdıq. Azərbaycan Ordusu dünya güclərinin 30 ildə icra edə bilmədikləri BMT qətnamələrin cəmi 44 gündə icra etdi. İkinci Qarabağ müharibəsindəki Qələbə tarixi uğurumuz, Zəfərimizdir. Ölkə Prezidentinin bəyan etdiyi kimi, bu Zəfər Azərbaycan durduqca qəlbimizdə, yaddaşımızda, kitablarda, əsərlərdə qalacaq. Bu, qəhrəmanlıq dastanıdır: «Ermənistan 30 il ərzində öz himayədarlarının dəstəyi ilə bu torpaqları bizə verməmək üçün gecə-gündüz əlləşirdi. Həm coğrafi relyefə arxalanırdı, 5, 6, bəzən 7 xətt müdafiə istehkam qurğularına arxalanırdı və himayədarlarına arxalanırdı. Hesab edirdi ki, biz bu vəziyyətlə barışacağıq. Amma mən deyirdim ki, yox, barışmayacağıq. Deyirdim bunu, gərək məni eşidəydilər. Deyirdim ki, gec-tez gələcəyik, bir təpiklə düşməni qovacağıq, öz Bayrağımızı qaldıracağıq və öz doğma torpaqlarımızda yaşayacağıq. İkinci Qarabağ müharibəsi bütün dünyaya Azərbaycan xalqının əyilməz ruhunu göstərdi.»
Əvvəldə də qeyd etdiyimiz kimi, Azərbaycanın xarici siyasətinin prinsipləri dəyişməzdir. Ölkəmiz böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmət və milli maraqlar əsasında əlaqələr qurur və yeni prioritetlər üzə inkişaf etdirir. Tarixi Zəfərimizin yaratdığı reallıqlar Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsində öz sözünü deyir. Dünyaya ədalətin və beynəlxalq hüququn mövcudluğunu bəyan edən Azərbaycan daim bu prinsipləri öndə saxladığını bildirir.
Hazırkı dövrün əsas çağırışı regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi, dünyada etimad mühitinin yaradılmasıdır. Azərbaycan tarixi Zəfərimizdən sonra qarşı tərəfə sülh müqaviləsinin imzalanması təklifini etsə də ötən bu dövr ərzində Ermənistanın hansı yanaşmanı ortaya qoyduğu göz önündədir. Sülh müqaviləsinin imzalanmasına əngəl törətmək üçün Ermənistanın mütəmadi təxribatlar törətməsi artıq adi hala çevrilib. Bu adi halların yaranmasına səbəb havalarlarının hələ də bu dəstəkdən geri çəkilmək barədə düşünməməsidir. Ermənistan Soçi və Praqa görüşlərində Azərbaycanın beynəlxalq huüququn 5 əsas prinsipini özündə ehtiva edən sülh müqaviləsini dəstəklədiyini bildirdi. Bu, tərəflərin biri-birinin ərazi bütövlüyünü dəstəkləməsinin bariz nümunəsidir. Azərbaycan qarşı tərəfdən konkret addım ataraq sülh müqaviləsini imzalamasını gözlədiyi halda, Ermənistan təxribatları ilə gündəmin əsas müzakirə mövzusuna çevrilir. Əksər dünya güclərinin Ermənistanın beynəlxalq hüquqa zidd bu kimi əməllərinə göz yumması onun daha böyük iddialarla yaşamasına gətirib çıxarar. Ermənistan sərhədyanı bölgələrdə Azərbaycana qarşı hərbi təxribatlarını genişləndirir. Ermənistanın danışıqlar prosesinə xələl gətirən bu kimi əməlləri beynəlxalq ictimaiyyət tərəfindən rədd edilməli və ciddi şəkildə qınanılmalıdır. İşğalçı dövlətin təxribatlarının qarşısını almaq məqsədilə Azərbaycan Silahlı Qüvvələri bütün lazımi tədbirləri görür. Vəziyyətin qəsdən gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Bu məqamı da qeyd edək ki, ötən il Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında bir neçə görüş keçirildi. Dekabrda məhz Ermənistan tərəfi Brüsseldə eyni formatlı görüşdə iştirakdan imtina etdi, bununla da prosesə maneçilik törədildi. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi və iştirakı ilə Azərbaycan və Ermənistan liderlərinin bu il mayın 14-də Brüsseldə, iyunun 1-də isə Kişineuda görüşü sülh müqaviləsinin imzalanmasının vacibliyini bir daha nümayiş etdirir. Kişineu görüşündə Fransa Prezidenti Emmanuel Makron və Almaniya Kansleri Olaf Şolts da iştirak etmişdir.
Diqqət yetirsək görərik ki, Ermənistan tərəfi hər bir görüşə mane olmaq, sülh müqaviləsinin imzalanması prosesinin uzanması üçün təxribatları ilə diqqətdə olur. Dövlət başçısı İlham Əliyev mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransda bir daha 30 illik işğal dövrünün reallığına diqqəti yönəldərək bildirmişdir ki, onlar düşünürdülər ki, işğalı legitimləşdirə biləcəklər. Düşünürdülər ki, öz ərazi bütövlüyümüzlə bağlı bir kompromisə gedəcəyik: «Hesab edirdilər ki, onların beynəlxalq sponsorları həmişə onların yanında olacaq və onlar üçün mübarizə aparacaqlar. Lakin bu, səhv hesablanmış bir addım idi. Onlar yanlış idilər.» Ölkə Prezidenti günümüzün reallıqlarına söykənərək bu çağırışı etmişdir ki, tarix onlara dərs verməlidir: «Ümid edirik ki, onlar bunu başa düşəcəklər.»
İyunun 26-da Qarabağda törədilən təxribat regionda sülhün təminatına qarşı növbəti cəhd oldu. Təxribatın Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda keçirilən görüşləri ərəfəsinə təsadüf etməsi də bir çox məqamların açıqlanmasına yardımçı oldu. Ermənitsan açıq-aşkar təsdiqləyir ki, sülh müqaviləsinin imzalanmasında maraqlı deyil. Erməni təxribatı nəticəsində Azərbaycan hərbi qulluqçusunun yaralanmasına cavab gecikmədi. “Qisas” əməliyyatı nəticəsində qanunsuz hərbi birləşmələrin 5 üzvü məhv edildi.
Baş verən hər bir hadisə arxada qalan dövrə nəzər salmağı bir zərurətə çevirir. Hər zaman qeyd etdiyimiz kimi, 44 günlük İkinci Qarabağ müharibəsinə qədər Azərbaycan Ordusu 2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin Günnüt əməliyyatında nəyə qadir olduğunu təsdiqləmişdi. 2017-ci ildə BMT Baş Assambleyasının 72-ci sessiyasında çıxışı zamanı dövlət başçısı İlham Əliyev Ermənistanın davamlı təxribatlarına diqqəti yönəldərək bu çağırışı etmişdir ki, Azərbaycan münaqişənin sülh yolu ilə həllinə sadiqdir. Lakin, eyni zamanda, Ermənistanın hərbi təxribatı davam edərsə, ölkəmiz BMT-nin xartiyasına uyğun olaraq, öz vətəndaşlarını qoruyacaq və lazım gələrsə, təcavüzkarı 2016-cı ilin aprelində olduğu kimi yenidən cəzalandıracaq.
2018-ci ilin Günnüt əməliyatı bunun təsdiqi oldu. Artıq 2020-ci ildə təxribatların davamlılığı dövətimizin, xalqımızın səbir kasasını doldurdu. Ermənistan açıq-aşkar yeni ərazilər uğrunda müharibə planlarını təsdiqlədi. 2020-ci ilin 27 sentyabr tarixində Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini müxtəlif istiqamətlərdən atəşə tutması rəşadətli ordumuzun əks-hücum əməliyyatını aparmasına səbəb oldu. Azərbaycan Ordusu 44 gündə işğalçı Ermənistanı diz çökürdü və tarixdə heç vax unuda bilməyəcəyi dərsi verdi.
Bu xatırlatmalara səbəb Ermənistanın törətdiyi təxribatlarına cavab olaraq verilən dərsdən nəticə çıxarmamasıdır. Postmünaqişə dövrünün «Qisas», «Qətiyyətli cavab» kimi əməliyyatları erməni silahlı birləşmələrinin hansı cavabla qarşılaşmalarından asılı omayaraq sülh müqaviləsinin imzalanması prosesinin uzadılmasında maraqlı olduğunu nümayiş etdirir. Rəsmi Bakının postmünaqişə dövründə səsləndirdiyi bəyanatlarda daim bu çağırış əsas yer tutur ki, «dəmir yumruq» yerindədir. Müzəffər Ali Baş Komandan İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birində yaradılan şəraitlə tanış olub, hərbi hissəyə Döyüş bayrağının təqdim olunması mərasimində bir daha tarixi Zəfərimizdən sonra Ermənistanın sülh müqaviləsinin imzalanması məsələsinə yanaşmasına diqqəti yönəldərək bildirdi ki, biz hələlik özümüzü təmkinlə aparırıq: «Son iki il yarım ərzində biz bir neçə dəfə məcbur olub Ermənistan tərəfinə öz gücümüzü göstərmişik, birincisi, onların hərbi təxribatlarına cavab olaraq. İkincisi, onlara bir siqnal göndərmişik ki, özlərini yaxşı aparmasalar, öz imzalarına hörmət etməsələr, nəticə onlar üçün acınacaqlı olacaq. Ona görə hələ də özümüzü təmkinlə aparırıq. Biz heç vaxt tələskənliyə yol verməmişik, buna ehtiyac yoxdur.»
Yeganə Əliyeva, "İki sahil"