Dövlət başçısı İlham Əliyev Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşündə bir daha bildirdi ki, hazırda beynəlxalq təşkilatlar bəşəriyyətin gözləntilərinə cavab vermir
“Sədrliyimiz dövründə Azərbaycan xalqı üçün ən önəmli və yaddaqalan məqam Vətən müharibəsində bizim tarixi Qələbəmiz oldu. 2020-ci ildə Azərbaycan Ermənistanı döyüş meydanında məğlub edərək Ermənistanın 30 illik işğalına son qoydu. İşğalçı ölkə kimi Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu. Bununla da Azərbaycan öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnaməsinin icrasını özü təmin etdi. Azərbaycanın bu Qələbəsi beynəlxalq hüququn və ədalətin zəfəridir.» İyulun 5-də Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşündə dövlət başçısı İlham Əliyev 30 illik işğal dövründə ermənilərin bu ərazilərdə törətdikləri vəhşiliklər fonunda onu onu da əlavə etdi ki, bütün bu çətinliklərə baxmayaraq, Azərbaycan işğaldan azad edilmiş 10 min kvadratkilometrlik ərazidə özünün maliyyə imkanları hesabına sıfırdan irimiqyaslı yenidənqurma işlərini uğurla həyata keçirir. Münaqişə başa çatdıqdan az sonra Azərbaycan Ermənistanla bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında sülh sazişi imzalamaq üçün beş əsas prinsipini təqdim etdi.
Ermənistanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağa məcbur olmasına baxmayaraq, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində hələ də Ermənistan silahlı qüvvələrinin qalıqları mövcuddur. «Əgər Ermənistan həqiqətən də regionda çoxdan gözlənilən sülhdə maraqlıdırsa, onda onun silahlı qüvvələri Azərbaycanın Qarabağ bölgəsindən tamamilə çıxmalıdır. Bölgədəki erməni hərbi və yarımhərbi elementləri tərk-silah edilməlidir» söyləyən dövlət başçısı İlham Əliyev onu da əlavə etdi ki, Ermənistan, həmçinin təxminən 3 il əvvəl imzaladığı kapitulyasiya aktında yer almış digər öhdəliyi olan və Azərbaycanın əsas hissəsini onun Naxçıvan Muxtar Respublikası ilə bağlayacaq Zəngəzur dəhlizinin açılmasına mane olur.
Hər zaman qeyd etdiyimiz kimi, keçirilən beynəlxalq əhəmiyyətli tədbir gündəmə gətirdiyi məsələlər, səsləndirilən çağırışların düzgün cavablandırılması üçün müəyyənləşdirilən yol xəritəsi uzun müddət müzakirə olunur. Bu baxımdan Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü, ən əsası Qoşulmama Hərəkatının sədri olan Azərbaycanın bugünədək irəli sürdüyü təşəbbüslərin gerçəkləşməsi fonunda Hərəkatın artan nüfuzu, söz sahibliyi geniş müzakirə olunmaqdadır. Dövlətimizin başçısının Qoşulmama Hərəkatının sədri kimi beynəlxalq müstəvidə davamlı və ardıcıl şəkildə irəli sürdüyü təşəbbüs və təkliflər daim həm Hərəkat, həm də digər ölkələrin geniş dəstəyini qazanıb.
Ölkəmizin Hərəkata sədrliyinin ilk illəri COVID-19 pandemiyası ilə əlaqədar dünyanı sarsıdan qlobal səhiyyə böhranı dövrünə təsadüf etsə də Azərbaycan özünün sədrlik gündəliyini çevik və effektiv şəkildə yeni reallığa uyğunlaşdırdı. Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatı pandemiya ilə mübarizədə qlobal lider rolunu öz üzərinə götürdü və dünya ictimaiyyətini bu təhdidlə mübarizədə səfərbər etdi. 2020-ci ilin mayında Hərəkatın COVID-19 ilə mübarizəyə həsr edilən liderlər səviyyəsində onlayn sammitinin keçirilməsi bu istiqamətdə atılmış ilk addımlardan biri idi. Sammitdə Prezident İlham Əliyev BMT Baş Assambleyasının pandemiya ilə mübarizəyə həsr edilən xüsusi sessiyasının keçirilməsini təklif etdi. Bu təklif 150-dən çox ölkə tərəfindən dəstəkləndi və 2020-ci ilin dekabrında xüsusi sessiya uğurla baş tutdu. Yetmişdən çox dövlət və hökumət başçısının çıxış etdiyi bu xüsusi sessiya pandemiya ilə mübarizə sahəsində ən qlobal tədbir oldu.
Azərbaycanın Hərəkata sədrliyi dövründə həyata keçirdiyi ən önəmli fəaliyyətlərdən biri peyvənd millətçiliyinə qarşı mübarizə aparması oldu. Təsadüfi deyil ki, Azərbaycanın təşəbbüsü ilə Qoşulmama Hərəkatı tərəfindən həm BMT İnsan Hüquqları Şurasında, həm də Baş Assambleyada “COVID-19 pandemiyası ilə mübarizədə bütün ölkələr üçün peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi”nə dair qətnamələr qəbul edildi.
Keçirilən tədbirlərin diqqət çəkən məqamlarından biri də Azərbaycanın tarixi həqiqətlərinin, mövcud reallıqların dünya ictimaiyyətinə çatdırılması üçün geniş imkanların yaradılmasıdır. Azərbaycan dövləti hər zaman ən yüksək tribunalardan haqq səsimizi dünyaya çatdırıb, ədalətin və beynəlxalq hüququn yanında olduğunu bildirir. BMT-dən sonra ikinci böyük təsisat olan Qoşulmama Hərəkatının sıralarında 120 üzvü birləşdirdiyini nəzərə alsaq həqiqətlərimizin təbliği üçün hansı imkanların yarandığını geniş şərh etməyə ehtiyac olmaz.
Dövlət başçısı İlham Əliyev nazirlər görüşündə yenə də diqqəti dünyanın ikili standartlara əsaslanan siyasətinə yönəltdi. BMT sistemində islahatların aparılmasının vacibliyi məsələsinin gündəmdə saxlanılması da bu kimi məqamlara işıq saldı. « Hazırda beynəlxalq təşkilatlar, xüsusilə BMT bəşəriyyətin gözləntilərinə cavab vermir. BMT-də ciddi islahatların aparılması qaçılmazdır. BMT Təhlükəsizlik Şurası keçmişin qalığıdır və hazırkı reallıqları əks etdirmir. Biz Təhlükəsizlik Şurasında daha çox ölkənin təmsil olunması və coğrafi baxımdan daha ədalətli olması üçün onun tərkibinin genişləndirilməsinin tərəfdarıyıq. Şadam ki, bu gün bu ideya ilə bağlı dünyada artan konsensus vardır» söyləyən dövlət başçısı İlham Əliyev bildirdi ki, BMT Təhlükəsizlik Şurasında Qoşulmama Hərəkatına bir daimi yer verilməlidir. Qoşulmama Hərəkatına, İslam Əməkdaşlıq Təşkilatına və Afrika İttifaqına sədrlik edən ölkələr BMT Təhlükəsizlik Şurasında veto hüququ ilə rotasiya əsasında yer almalıdırlar. Azərbaycan neokolonializm meyillərinin artmasından olduqca narahatdır. Dekolonizasiya prosesi nəticəsində yaranmış Qoşulmama Hərəkatı keçmişin bu utancverici mirasına qarşı qətiyyətlə mübarizə aparmalı və onun tamamilə aradan qaldırılmasına öz töhfəsini verməlidir.
Təbii ki, hər bir məsələnin gündəmə gətirilməsini zəruri edən səbəblər vardır. Reallıq budur ki, BMT Təhlükəsizlik Şurası bu gün səmərəli deyil. Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə günün içində icra olunub. Lakin Azərbaycana gəldikdə isə, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasına dair BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə 30 ilə yaxın bir müddətdə məhəl qoyulmamışdır. Aparıcı beynəlxalq təşkilatların qərarları ya icra olunmur, ya da selektiv yanaşma və ikili standartlar tətbiq edilir. İki il əvvəl Azərbaycan ərazi bütövlüyünü və tarixi ədaləti hərbi-siyasi yolla bərpa etdi və Təhlükəsizlik Şurası qətnamələrinin icrasını özü təmin etdi.
Bu gün böyük əminliklə qeyd edirik ki. işğaldan azad edilmiş ərazilərimiz erməni vəhşiliklərinin şahidləridir. Bu ərazilər tamamilə dağıdılıb. Tarixi, dini abidələrimiz yerlə-yeksan edilib. Bu gün erməni vandalizminin göstəricisi olan həmin dağıntılar, evlərin yandırılması, yaşıllıqların məhvi, ekologiyaya vurulan ziyan Ermənistanın beynəlxalq hüquq çərçivəsində dəymiş ziyanı ödəməsi tələbini yerinə yetirməyə məcbur edəcək. Heç bir cinayət cəzasız qalmır. 30 il havadarlarının əlində ərköyün uşaq kimi böyüyən işğalçı Ermənistana Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində elə bir dərs verdi ki, heç zaman unutmayacaq, Artıq bundan sonra işğalçı dövlətin rəhbərliyi beynəlxalq hüququn mövcudluğundan özünü xəbərsiz aparmayacaq. Çox qısa zamanda Azərbaycanın malik olduğu iqtisadi və maliyyə imkanları işğaldan azad olunan ərazilərimizin əvvəlki vəziyyətinə qayıtmasını təmin edəcək. Məscidlərin, tarix memarlıq abidələrinin dağıdılması, mal-qara saxlanılaraq təhqir edilməsi erməni vandalizminin bariz nümunəsidir və bu fakt təkcə Azərbaycanın deyil, ümumilikdə, dünyanın mədəni irsinə barbar münasibət kimi beynəlxalq ictimaiyyət tərəfindən kəskin qınanmalıdır.
Reallıq budur ki, işğal dövründə Azərbaycanın yüzlərlə şəhər və kəndi Ermənistan tərəfindən məqsədyönlü şəkildə dağıdılmış, bütün mədəni və dini abidələr talan və qarət edilmişdir. Azərbaycanın işğaldan azad olunmuş əraziləri klassik urbisid, kultursid və ekosid nümunələridir. 2020-ci ilin sonundan etibarən Qoşulmama Hərəkatına üzv ölkələr də daxil olmaqla, bir çox ölkədən minlərlə xarici diplomat, jurnalist, QHT üzvü və siyasətçi işğaldan azad olunmuş əraziləri ziyarət edərək Ermənistan tərəfindən törədilmiş vəhşiliklərin şahidi olmuşdur.
Azərbaycan işğaldan azad olunmuş ərazilərdə öz maliyyə resursları ilə genişmiqyaslı yenidənqurma işləri aparır. Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2022-ci il tarixli üçtərəfli Bəyanatın imzalanmasından dərhal sonra dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərimizə səfərləri bərpa-quruculuq işlərinin sonrakı mərhələsi barədə aydın təsəvvür yaratdı. Ölkə Prezidentinin hər bir səfəri tarixi hadisə olmaqla yanaşı, Böyük Qayıdışı daha da sürətləndirən mühüm addımlarla yadda qalır. Ötən iki ildən artıq dövrdə bu ərazilərdə infrastrukturun yenilənməsi, təkmilləşdirilməsi, yenidən qurulması prioritet məsələ kimi öndə dayandı. Bir mühüm hadisəni xüsusi qeyd etməliyik ki, 2021-ci ildə Qarabağın, ötən il isə Şərqi Zəngəzurun hava qapıları dünyaya açıldı. Füzuli və Zəngilan Beynəlxalq Hava limanlarının istifadəyə verilməsinin iqtisadi və strateji əhəmiyyəti bu gün də geniş müzakirə olunmaqdadır. Üçüncü beynəlxalq hava limanı- Laçın aeroportu isə 2025-ci ildə istifadəyə veriləcək. Hər bir bölgədə yol infrastrukturunun təkmilləşdirilməsi sahibkarlığın inkişafında, həmin rayonların malik olduqları potensialdan səmərəli istifadə də mühüm rol oynayır. Cənab İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Priortietlər”də qarşıdakı dövrün əsas prioritetləri və icra mexanizmi öz əksini tapıb. Dövlət başçısı İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə səfərlər ilə yanaşı, bu ərazilərimizin bərpasına, sosial-iqtisadi inkişafına yönələn Fərman və sərəncamları da silsilə xarakteri daşıyır.
Bu fakt da tədbir iştirakçılarının diqqətinə çatdırıldı ki, Ermənistanın işğalına görə Azərbaycan dünyada mina ilə ən çox çirkləndirilmiş ölkələr arasındadır. 2020-ci ilin noyabrında Vətən müharibəsi başa çatdıqdan sonra mina partlayışı nəticəsində təxminən 300 azərbaycanlı həlak olub və ya ağır yaralanıb. İşğaldan azad edilmiş ərazilərdə baş verən hər bir mina partlayışı Ermənistanın törətdiyi hərbi cinayətlərin uzun siyahısının davamıdır. Mina problemi Ermənistan tərəfindən Azərbaycan xalqının fundamental insan hüquqlarının pozulmasıdır. 2020-ci ildə kapitulyasiyadan sonra da Ermənistan külli miqdarda mina istehsalını davam etdirirdi və onları Laçın sərhəd-gömrük buraxılış məntəqəsi yaradılana qədər Azərbaycanın Qarabağ bölgəsinə daşıyırdı. Minalar yenidənqurma prosesini və keçmiş məcburi köçkünlərin azad edilmiş ərazilərə qayıdışını ləngidir. Azərbaycan humanitar minatəmizləmə üzrə xüsusi milli Dayanıqlı İnkişaf Məqsədi müəyyənləşdirib. Bundan başqa, Azərbaycan qlobal miqyasda humanitar minatəmizləmə səylərini dəstəkləyir və minatəmizləmənin 18-ci Dayanıqlı İnkişaf Məqsədi olması təklifini irəli sürmüşdür.
Qoşulmama Hərəkatı, eyni zamanda, Hərəkata üzv dövlətlərin hər biri Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən mövqeyini dəstəkləyir. Ölkəmizə artan inamın və etimadın göstəricisi Hərəkata sədrlik müddətinin bir il uzadılması oldu. Azərbaycan həqiqətin yanındadır. Real faktlara, tarixi həqəqətlərə əsaslanan təbliğat uzunömürlü olmaqla yanaşı, ges-tez zəfər çalır. Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi vurğuladığı məsələlərdən biri də neokolonializmlə mübarizə məsələsidir. Dövlətimizin başçısı bu ilin martındakı sammitdə vurğuladı ki, dekolonizasiya mühitində yaranmış Qoşulmama Hərəkatı bu mövzuya xüsusi önəm ayırmalıdır. Prezident İlham Əliyev Fransanı Afrika, Cənub-Şərqi Asiya və digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqırımı aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırdı. Beləliklə, məhz Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının beynəlxalq aləmdə nüfuzu daha da yüksəldi, onun beynəlxalq gündəlikdə duran qlobal məsələlərin həllində rolu daha da artdı. Prezident İlham Əliyevin sədrliyi ilə Hərəkat sürətlə dəyişən bugünkü dünyada öz mövqeyi və yeri olan mötəbər beynəlxalq təsisata çevrilib. Bu gün Qoşulmama Hərəkatı multilateralizm nümunəsi kimi qəbul edilir. Bu uğurlu sədrliyi ilə Azərbaycan göstərdi ki, böyük ərazisi və əhalisi olmasa da, məhz güclü Liderin rəhbərliyi altında qlobal nailiyyətlərə imza ata bilər.
Yeganə Əliyeva, "İki sahil"