06 iyul 2023 23:21
597

Azərbaycan yaxşı qonşudur, bəs İran?

Hüseyn Əmir Abdullahiyanın avazı yaxşı gəlir, oxuduğu Quran olsa...

Bakıda keçirilən Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşündə iştirak etmək üçün ölkəmizdə səfərdə olan İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan həm Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul edilərkən, həm də daha sonra jurnalistlərə açıqlamasında ağızdolusu sülhdən, mehriban qonşuluq və qardaşlıqdan danışdı. Ancaq məlumdur ki, hazırda faktiki olaraq iki ölkə arasındakı münasibətlər son dərəcə gərgindir və vəziyyətin belə hal almasının səbəbi birmənalı olaraq cənub qonşumuzun Azərbaycana münasibətdə tutduğu məkrli mövqe, düşmən münasibətidir. Bu baxımdan bu il yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə terror hücumu nəticəsində diplomatik korpusumuzun mühafizə xidmətinin rəisi Orxan Əsgərovun qətlə yetirilməsindən (hadisə vaxtı terrorçunun mühafizə xidməti əməkdaşlarının qəhrəmanlığı sayəsində vaxtında zərərsizləşdirilməsi daha böyük faciənin qarşısını almışdı-red.) sonra pik nöqtəyə çatmış gərginlik fonunda iranlı diplomatın “aranı düzəltməyə” hesablanmış mesajlarını haradasa münasibətlərin normallaşması prosesinin sonrakı inkişafı üçün atılmış müsbət addım kimi dəyərləndirmək olardı. Ancaq Hüseyn Əmir Abdullahiyanın “dostluq”, “qardaşlıq” haqqında dediklərində səmimi olmadığını, sözlərinin ölkəsinin yürütdüyü xarici siyasətlə üst-üstə düşmədiyini təxmin etmək üçün ciddi səbəblər var...

Başlayaq elə səfirliyimizə qarşı terror hücumundan. Məlum olduğu kimi, hadisə ilə əlaqədar diplomatlarımızın və onların ailə üzvlərinin təhlükəsizliyi səbəbindən terror aktının baş verməsindən iki gün sonra, yanvarın 29-da onların Tehrandan Azərbaycana təxliyəsi həyata keçirildi və səfirlik öz fəaliyyətini dayandırdı. Əgər İran hökuməti həqiqətən Abdullahiyanın dediyi kimi, diplomatik nümayəndəliyimizə qanlı hücumdan “kədərlənib”, “hiddətlənib” və “təəccüblənib”sə (cənab nazirin “təəccüblənmək” ifadəsi özü də təəccüb doğurur-red.) niyə beynəlxalq qaydalara uyğun olaraq Azərbaycandan bu vaxta qədər rəsmi surətdə üzr istəməyib? Və niyə hadisənin üstündən yarım ilə vaxt keçməsinə baxmayaraq həmin gün tutulmuş terrorçu, bu işdə günahı olan digər şəxslər və ya qurumların nümayəndələri hələ də cəzalandırılmayıblar?

Abdullahiyan jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycan İran üçün yaxşı qonşu və qardaş ölkə hesab olunur: “Azərbaycanın milli təhlükəsizliyini İranın və regionun təhlükəsizliyi hesab edirik. İran və Azərbaycan xalqları demək olar ki, regionda ən çox ortaq məxrəcə malik olan xalqlardır. Biz anlaşılmazlıqları aradan qaldıraraq ölkələrimiz və xalqlarımız arasındakı müşətərək əlaqələri yenidən bərpa edə bilərik. Cənubi Qafqazdakı bütün problemlərin sülh və danışıqlar yolu ilə həll oluna biləcəyinə inanırıq.”

Azərbaycan əlbəttə ki, yaxşı qonşu və qardaş ölkədir. Bu vaxta qədər İranın dövlət maraqlarına zidd olan hər hansı siyasət yürütməyib. Hər zaman İrandakı tarixi torpaqlarımızda, Cənubi Azərbaycanda 30 milyondan artıq soydaşımızın yaşadığını da nəzərə alıb. İki ölkənin “regionda ən çox ortaq məxrəcə malik olması” da əsasən elə bu amillə bağlıdır. Ancaq İran da Azərbaycana qarşı “yaxşı qonşu və qardaş” münasibəti göstərirmi? Göstərirsə niyə bu ölkədə yaşayan bir ovuc erməniyə göstərdiyi qayğıya rəğmən əhalisinin yarısınını təşkil edən azərbaycanlılara öz dillərində yazmaq, oxumaq, az qala danışmaq haqqı vermir? Niyə torpaqlarımızın Ermənistan tərəfindən işğalına göz yumdu, 30 il dağıdılmış məscidlərimizdə ermənilər donuz saxlayıb dinimizi təhqir edəndə bircə dəfə olsun etiraz etmədi? Bu necə Azərbaycanın milli təhlükəsizliyini İranın milli təhlükəsizliyi hesab etməkdir ki, İkinci Qarabağ müharibəsində Ermənistanın tərəfini saxladı, ona yardım etdi, yanacaq, ərzaq, silah-sursat daşıdı? Bu gün isə Ermənistanı silahlandırmaqla, Azərbaycana isə narkotik və terrorçu “ixrac etməklə” məşğuldur. Budurmu Azərbaycanın yaxşı qonşu və qardaş münasibətinin qarşılığı?  

Kommunikasiya sahəsində İran-Azərbaycan münasibətlərinin inkişaf etdirilməsindən, Şimal-Cənub nəqliyyat dəhlizindən, regionun tranzit imkanlarından istifadə edilməsinin zəruriliyindən dəm vuran Hüseyn Əmir Abdullahiyanın səmimiliyinə necə inanmaq olar ki, Azərbaycanın əsas hissəsini Naxçıvana birləşdirəcək Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın da razılaşmaq istədiyini hiss edən kimi tezbazar Qafanda yarımçıq, mal tövləsinə oxşayan binada konsulluq açdılar. İndi təkcə Azərbaycan deyil, region və Cənubi Qafqazdakı hadisələrə maraq göstərən dünya dövlətlərinin hamısı yaxşı bilir ki, Zəngəzur dəhlizinin açılmasına ən çox mane olmaq istəyən İrandır.

Bax bütün bunlara və daha neçə ciddi səbəblərə görə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın Bakıda verdiyi açıqlamalar səmimi təsir bağışlamır. Necə deyərlər, avazı yaxşı gəlir, bəs onun oxuduğu Qurandırmı? Yuxarıdakı təhlillərimiz göstərir ki, yox...

Mahir Rəsuloğlu, “İki sahil”