“Bir az əvvəl biz, həmçinin xarici siyasətimizə dair vacib məsələlərə toxunduq. Mən Prezidentə bildirdim ki, ötən həftə Vaşinqtonda Azərbaycan və Ermənistan arasında keçirilən görüşləri diqqətlə izləyirdim”.
“İki sahil” xəbər verir ki, bu fikirləri Albaniya Prezidenti Bayram Beqay Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuata bəyanatında söyləyib.
Onun sözlərinə görə, Albaniya Cənubi Qafqazda etibarlı tərəfdaşlar və beynəlxalq təşkilatların vasitəçiliyi ilə uzunmüddətli sülhün bərqərar olunmasını dəstəkləyib və dəstəkləyəcəkdir: “Prezident Əliyevə dedim ki, Albaniya hər zaman Azərbaycanın ərazi bütövlüyünü və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını dəstəkləyib. Hətta Qərbi Balkan regionunda da dialoq vacibdir ki, biz bir-birimizə keçmişin kini deyil, gələcəyin imkanları baxımından yanaşaq. Mən Qərbi Balkanlarda regional sabitliyin zəruri element olması ilə bağlı əminliyimi ifadə etdim. Serbiya və Kosovo mübahisənin həlli və aralarında yeni əməkdaşlıq ruhunun yaradılması ilə bağlı danışıqlarında iştirak edən tərəflərdir. Tərəflərin öz aralarında və beynəlxalq forumlarda irəli sürdükləri arqumentlərə hörmət dayanıqlı sülhün bərqərar olması üçün istiqamətverici məqamlar olmalıdır. Münaqişə əvəzinə firavanlıq – bu, ikitərəfli və regional tərəqqi üçün kompas olmalıdır. Bu nə qədər tez baş versə, bizim xalqlarımız ondan bəhrələnəcək”.