Xəyanətkar sədrinin xəyanətkar kursu ilə ömrünü çoxdan başa vurmuş AXCP buraxılmalıdır
Vətəni, milləti çoxdan Azərbaycan düşmənlərinin pullarına, Soros fondunun qrantlarına satmış Əli Kərimli dəstəsinin özü kimi xəyanətkar üzvləri ilə sanki pusquda dayanıb məqam gözləyir. Gözləyir ki, kimlərsə ictimai rezonans doğuran qanun pozuntusu törətsin, hansısa cinayət baş versin və kimsə törətdiyi əməlinə görə məsuliyyətə cəlb edilsin. Əslində heç bir normal insan, namuslu vətəndaş belə bir şeyi arzulamamılıdır. Çünki hamımızın əməl etməli olduğumuz qanunların pozulması, deyək ki, keçmiş deputat, iş adamı Nazim Bəydəmirlinin vətəndaşa hədə-qorxu gələrək, onu haqqında rüsvayedici materialları yayacağı ilə şantaj edərək 50 min manat pul istəməsi yumşaq desək, xoşagəlməz haldır. Ölkədə sağlam cəmiyyətin mövcudluğunu istəyən hər bir şəxs bu tip qanunsusluqların baş verməsinə qarşı çıxmalıdır. Bəs Əli Kərimli niyə bu və ya bunun kimi hadisələrin baş verməsini hərisliklə gözləyir? Cavab çox sadədir. Törətdiyi cinayətin ağırlıq dərəcəsindən və ictimai təhlükəliliyindən asılı olmayaraq az-çox tanınan istənilən şəxsin həbsi Əli Kərimlinin “siyasi məhbus” siyahısını genişləndirir. Hər şeyə, az qala bir neçə gün əvvəl baş vermiş zəlzələyə belə siyasi don geyindirə biləcək qədər ustalaşmış Kərimliyə siyahının genişlənməsi isə çox lazımdır. Başqa cür pullarını alıb əvəzində xəyanətkar öhdəliklər götürdüklərinin qarşısında “iş görürəm” görüntüsü yaratmaq olmur axı. Başqa cür davransa ermənilər, onların havadarları, Soros fondu ondan razı qalmaz, pul verməz axı.
Utanmadan, abır-həya etmədən hakimiyyətin gördüyü işlərin bir qismini öz adlarına çıxmağa çalışan əli kərimlikimlər naftalin iyi verən siyasi baxışları ilə hələ də ötən əsrin 90-cı illərində qalsalar da əslində dövlətimizin Azərbaycanın parlaq gələcəyi naminə yürütdüyü siyasəti də, xalqın öz dövlətinin, dövlət başçısının ətrafında yumruq kimi birləşdiyini də yaxşı görürlər, dərk edirlər. Çünki daha xalqımız otuz il əvvəlki xalq deyil, nifrəti də, sevgisi də zamanla formalaşıb, sınaqlardan çıxıb. İndi Əli Kərimlinin saxta pafosu, bayatı, daha dəqiqi ağı deyirmiş kimi həzin səslə, sözləri farsvari uzadaraq etdiyi “təmtəraqlı” çıxışları yanındakı xaricdən aldığı pullarla dolandırdığı 3-5 nəfərdən başqa heç kimə lazım deyil. Hələ onu demirik ki, qurultayında sədrliyə gizli səsvermənin açıqlanmış nəticələrini yenidən səsverməyə çaxarmaq istəyəcək qədər savadsızların “rəhbərlik” etdiyi AXCP heç lazım deyil. Xəyanətkar sədrinin xəyanətkar kursu ilə ömrünü çoxdan başa vurmuş, yeri tarixin zibilliyi olan bu “partiya”nı buraxmaq bəlkə Əli Kərimlinin Azərbaycan xalqı qarşısında yeganə “xidməti” olardı ki, bəlkə avara etdiklərinin hərəsi gedib başqa xeyirli bir işlə məşğul olsunlar....
Torpaqlarımızın 30 ilə yaxın əsarətdə qalmasında ermənilər qədər günahkar olan, düşmənin kəndlərimizi, şəhərlərimizi işğal və talan etdiyi günlərdə Vətənə sahib çıxmaq əvəzinə Bakıda hakimiyyət, vəzifə davası aparmış, xalqın ümidini, etimadını isa qəmbərlərlə, pənah hüseynovlarla, rəhim qaziyevlərlə, cəmil həsənlilərlə birlikdə yerə vurmuş Əli Kərimlinin bu gün müqəddəs şəhidlərimizin adını hallandırmağa mənəvi haqqı yoxdur. Çünki Birinci Qarabağ müharibəsində minlərlə qəhrəman oğullarımızın şəhid olmasının baiskarlarından biri də odur, onun vaxtilə təmsil olunduğu AXC-Müsavat hakimiyyətidir. Şəhidlərimizin adını siyasi alver predmetinə çevirmək, şəhid ailələrinin duyğularından şəxsi maraqları üçün yararlanmağa çalışmaq hansı ləyaqətə, hansı şərəfə sığır?
Azərbaycan dövləti bütün vətəndaşlarının yanındadır, şəhid ailələrinə göstərilən qayğı və diqqəti görməmək üçün isə təkcə kor olmaq kifayət etmir. Guya Əli Kərimli oxumayıb, eşitməyib ki, təkcə “YAŞAT” Fondunun xətti ilə cəmi iki il ərzində şəhid ailələrinin məişət şəraitinin yaxşılaşdırılması, qazilərimizin müalicəsi, onların borclarının bağlanması məqsədilə 71 milyon 600 mindən artıq vəsait xərclənib? Özü də bu, yalnız adıçəkilən fond üzrə göstəricidir. Dövlətin aidiyyəti qurumlarının xətti ilə şəhid ailələri, qazilər üçün tikilmiş çoxsaylı çoxmənzilli binaları da görmür, bilmir ki, bütün sahələr üzrə dövlət və özəl sektorda işverənlərə ilk növbədə şəhidlərimizin ailə üzvlərini, qazilərimizi işlə təmin etmək tapşırığı verilib?
Əli Kərimli bütün bunları yaxşı bilir. Ancaq Vətən müharibəsində qazandığımız böyük Qələbəmizin mahiyyətini anlasa da qiymət vermək istəmədiyi, hamilərinin, pulverənlərinin qorxusundan tarixi Şuşa Bəyannaməsinə sədri olduğu AXCP dəstək nümayiş etdirmədiyi, özündə azad olunmuş torpaqlarımıza getmək cəsarəti tapmadığı kimi, onu adından danışmaq istədiyi xalqın hissləri, sevinci və qayğıları, Azərbaycanın inkişafı, milli təhlükəsizliyimiz, azad edilmiş torpaqlarımızda aparılan bərpa-quruculuq işləri maraqlandırmır. Bütün bunlardan sonra hökumətdən nəyisə tələb etmək, üstəlik bu tələbinə xalqın adını da qoşmaq üçün sadəcə üz lazımdır.
Bu gün sürətlə inkişaf edən, regionun şəriksiz liderinə çevrilmiş, güclü, dayanıqlı iqtisadiyyatı, qüdrətli ordusu düşmən gözü çıxaran müasir Azərbaycanın bütün bunlara nail olmasının bünövrəsində xalq-dövlət birliyi dayanır. Bu birliyi pozmağa çalışanların ən tutarlı cavabını da həmişə olduğu kimi, yenə xalq özü verib, verir və verəcək. Bu xalqa isə nə əli kərimlilər lazımdır, nə də onun AXCP-si...
Mahir Rəsuloğlu, “İki sahil”