07 iyul 2023 19:42
584

Erməni fitnəkarlığının iflası: Beynəlxalq Məhkəmə suverenliyin və beynəlxalq hüququn aliliyini bir daha təsdiq etdi

İyulun 6-da Beynəlxalq Ədalət Məhkəməsi (BƏM) Ermənistanın 12 may 2023-cü il tarixində sözügedən Məhkəməyə təqdim etdiyi və 23 aprel 2023-cü il tarixində Laçın yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin quraşdırılmasının “qanunsuz” olduğuna dair vəsatətini yekdilliklə rədd edib. BƏM-in bu qərarı Azərbaycan dövlətinin beynəlxalq hüquq normaları çərçivəsində fəaliyyət göstərdiyini bir daha sübut edir, həmçinin erməni fitnəkarlığının iflasa uğradığını göstərir.

Milli Məclisin deputatı Ceyhun Məmmədov mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, bu, çox ədalətli yanaşmadır: “Ermənistan çalışırdı ki, Azərbaycanın əleyhinə hansısa bir qətnamənin qəbul edilməsinə nail olsun. Amma artıq dünya birliyi də anlayır ki, bu torpaqlar Azərbaycan ərazisidir. Laçın yolunun başlanğıcında Azərbaycanın sərhəd-buraxılış məntəqəsini qurması ölkəmizin tam hüququdur.”

C.Məmmədov vurğuladı ki, beynəlxalq hüquq da təsdiqlədi ki, Laçın yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin quraşdırılması dövlətimizin suveren hüququdur. Beynəlxalq Məhkəmə suverenliyini və beynəlxalq hüququn aliliyini bununla bir daha təsdiq etdi. İşğalçı Ermənistan bu məsələdən nəticə çıxarmalıdır. Anlamalıdır ki, artıq oyunlara son qoymağın vaxtı çatıb. Ermənistanın bir yolu var. Bu yol münasibətlərin normallaşması prosesindən keçir.” 

Cavid Əkbərov, “İki sahil”