07 iyul 2023 22:13
662

Ermənistanın “miatsum” layihəsi rəsmən beynəlxalq səviyyədə iflasa uğradı - Hicran Hüseynova

Məlum olduğu kimi Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın 12 may 2023-cü il tarixində Məhkəməyə təqdim etdiyi və 23 aprel 2023-cü il tarixində Laçın yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin quraşdırılmasının “qanunsuz” olduğuna dair vəsatətini yekdilliklə rədd edib. Xatırladım ki,  Ermənistan Azərbaycan tərəfindən 23 aprel 2023-cü il tarixində Ermənistanla şərti dövlət sərhədində, Laçın yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin quraşdırılmasını Məhkəmənin 22 fevral 2023-cü il qərarını pozduğunu, bunu nəzərə alaraq Azərbaycan tərəfindən SBM-nin təcili ləğv edilməsini, Laçın yolundan və yol boyu Azərbaycanın hər hansı silahlı qüvvələrinin çıxarılmasını tələb etmişdi. 15 iyun 2023-cü il tarixində Ermənistan Məhkəməyə bir daha müraciət edərək Azərbaycan tərəfindən Laçın yolunun tam bağlanması barədə məlumat verərək, Məhkəmədən məsələyə təcili olaraq müdaxilə edilməsini bir daha israrla tələb etmişdi. Məhkəmə Azərbaycanın təqdim etdiyi sübutları və gətirdiyi arqumentlərlə tam razılaşmış, Ermənistanın vəsatətini yekdilliklə rədd etmişdir. Beynəlxalq Ədalət Məhkəməsinin qərarı Azərbaycanın haqlı olduğunu bir daha təsdiq etdi.

Bu fikirləri “İki sahil”ə açıqlamasında Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova bildirib.

Deputat qeyd edib ki, Beynəlxalq Ədalət Məhkəmə tərəfindən bir daha təsdiq olunub ki,  Azərbaycanın Ermənistanla şərti dövlət sərhədlərində nəzarət buraxılış məntəqəsi qurması beynəlxalq hüququn norma və prinsiplərinə uyğundur. Eyni zamanda Azərbaycanın suveren hüququdur. Bütün dünya görür ki, Azərbaycanın Laçın yolunda qurduğu sərhəd buraxılış məntəqəsi tam qanunidir. Ermənistandan fərqli olaraq Azərbaycan bütün addımlarında beynəlxalq hüquq və normalarına əməl edir, məntiqli davranır, üzərinə düşən vəzifə və öhdəlikləri yerinə yetirir. Bu, Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin nəticəsidir. Biz artıq görürük ki, Azərbaycana münasibət müsbət mənada dəyişir. ölkəmizin nüfuzu , region və dünyada gedən geosiyasi proseslərin fonunda Azərbaycanın siyasi və iqtisadi çəkisi artır.

Hicran Hüseynova bildirib ki, Beynəlxalq Ədalət Məhkəməsinin qərarı ilə Ermənistanın 1988-ci ildə başlatdığı “miatsum” layihəsi rəsmən beynəlxalq səviyyədə iflasa uğradı. Beynəlxalq Məhkəmə suverenliyini və beynəlxalq hüququn aliliyini bununla bir daha təsdiq etdi. Ermənistan reallıqdan uzaq olan xam xəyallardan əl çəkməli, üzərinə düşən öhdəliklərə əməl etməlidir. Onların başqa yolu yoxdur.

Orxan Vahidoğlu, “İki sahil”