Rusiya Qoşulmama Hərəkatının (QH) Koordinasiya Bürosunun Bakıda keçirilən Nazirlər Toplantısından sonra bu Təşkilatın tarixində ilk dəfə olaraq 2024-cü ildə keçiriləcək Yay Olimpiya və Paralimpiya Oyunlarına dair Xüsusi Bəyannamənin qəbul edilməsini alqışlayıb.
“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Qəbul edilmiş sənəddə Qoşulmama Hərəkatına üzv ölkələr “2024-cü ildə Parisdə siyasi cəhətdən neytral Olimpiya və Paralimpiya Oyunlarının keçirilməsini gözləyirlər”. Bəyannamədə həmçinin vurğulanır ki, Olimpiya Hərəkatına daxil olan idman təşkilatları Olimpiya Xartiyasında nəzərdə tutulduğu kimi neytrallığı qoruyub saxlamalı və Parisdə keçiriləcək Olimpiya və Paralimpiya Oyunlarında bütün 206 Milli Olimpiya Komitəsinin idmançılarının iştirakı "bütün müxtəlifliyi ilə bəşəriyyətin birliyinin simvolu" olacaq", - Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Qeyd edək ki, Azərbaycanın sədrliyi ilə iyulun 5-6-da Bakıda Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər iclası keçirilib.
Ümumilikdə nazirlər görüşündə 93 ölkənin, 11 beynəlxalq təşkilatın, o cümlədən Qoşulmama Hərəkatına üzv dövlətlərin, Qoşulmama Hərəkatına müşahidəçi statusu almış dövlətlərin və beynəlxalq təşkilatların nümayəndələri, həmçinin xüsusi qonaq qismində dəvət olunmuş ölkə və təşkilatların nümayəndələri qatılıb.