Yatmazdan əvvəl dişlərinizi fırçalayın. Bu, təkcə dişimizin sağlamlığı üçün deyil, hətta ürəyiniz üçün də yaxşı bir haldır. Çünki Yaponiyada aparılan araşdırmalar, yatmazdan əvvəl fırçalamamağın ürək xəstəlikləri riskini artıra biləcəyini ortaya qoydu.
“News Medical”ın hesabatına görə, tədqiqat fırçalama və ürək xəstəlikləri riski arasındakı əlaqəyə yönəldilib.
Tədqiqat çərçivəsində 2013-2016-cı illər arasında Yaponiyanın Osaka Universitetinin Xəstəxanasında yatanlardan 1675 xəstə seçilib.
İştirakçılar gündə iki dəfə - səhər və axşam fırçalayanlar, yalnız gecə fırçalayanlar, yalnız səhər fırçalayanlar və heç fırçalamayanlar kimi dörd qrupa bölünüblər.
Tədqiqatçılar iştirakçıların yaşını, cinsini və siqaret çəkmə tezliyini də nəzərə alıblar. Bundan əlavə, iştirakçıların sağlamlıq qeydləri dörd müstəqil tədqiqatçı tərəfindən retrospektiv olaraq nəzərdən keçirilmişdir.
Tədqiqat ürək çatışmazlığı, ürək ritminin pozulması, infarkt, sinə ağrısı, ürək qapağı və cərrahiyyə tələb edən aorta xəstəlikləri kimi ürək-damar xəstəlikləri üzərində cəmlənmişdir.
Gündə iki dəfə fırçalayanların və yalnız gecə fırçalayanların ürək-damar xəstəliklərindən (təxmin edilən) sağ qalma nisbətləri ümumiyyətlə, fırçalamayanlara nisbətən əhəmiyyətli dərəcədə yüksək idi.
Araşdırmanın nəticələri, yalnız səhər fırçalamanın qeyri-kafi olduğunu və gecə fırçalamanın həyati əhəmiyyət daşıdığını ortaya qoydu.
Nəticələr “Scientific Reports” jurnalında dərc olunub.
Nubar Süleymanova, “İki sahil”