10 iyul 2023 22:58
852

Bəs kimin uğurudur, Fuad Qəhrəmanlı?

Ə.Kərimlinin təlimatı və xarci qrantların başgicəlləndirici dozası ilə danışan F.Qəhrəmanlı əslində özünü ifşa edir

Bu gün sanki yer üzü od tutub yanır. Dünyada qanlı müharibələr, münaqişələr demək olar ki, yeni-yeni əraziləri əhatə edir. Planetimiz sözün əsl mənasında xaos, anarxiya girdabına yuvarlanıb. Dünyada və bölgədəki çoxsaylı mənfi proseslərə rəğmən çətin, mürəkkəb geosiyasi şəraitdə Azərbaycan uğurlu daxili və xarici siyasəti sayəsində beynəlxalq münasibətlər sistemində mövqeyini möhkəmləndirdi, iqtisadi gücünü artırdı, güclü sarsılmaz xalq-iqtidar-ordu birliyi ilə torpaqlarımız 30 illik erməni işğalından azad edildi. Qırx dörd günlük Vətən müharibəsindəki tarixi Zəfəri ilə yeni reallıqlar yaradan, ədaləti bərpa edən Azərbaycan bu gün tarixinin ən şərəfli dövrünü yaşayır. 

Hazırda ölkə başçısının rəhbərliyi ilə işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzura Böyük Qayıdış planı uğurla reallaşdırılır. Bu gün Azərbaycan müharibədəki Qələbəni diplomatiya masasında uğurla davam etdirir. Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində atılan addımlar, Ermənistanla sülh danışıqlarının davam etdirilməsi, münasibətlərin normallaşdırılması, Qarabağda yaşayan ermənilərin Azərbaycana reinteqrasiya olunması ilə bağlı görülən tədbirlər bunun əyani təsdiqidir.

Təbii ki, bütün bunları ictimaiyyətimiz çöx yüksək qiymətləndirir. Lakin  çox təəssüf ki, uzun müddət özünü cəmiyyətdən təcrid edərək marginallaşan radikal müxalifət nümayəndələri, başda AXCP sədri Əli Kərimli olmaqla satqın antimilli ünsürlər sosial şəbəkələrdə bu məsələlərlə  bağlı ölkəmizə qarşı qarayaxma kampaniyası aparırlar. Bu “sapı özümüzdən olan baltalar”, naxələflər əsl həqiqətləri təhrif edir, “YouTube” və “Facebook”dakı çıxışları, absurd monoloqları ilə cəmiyyətdə yanlış ictimai rəy yaratmağa çalışırlar. Bu günlərdə AXCP-nin başbilənlərindən biri- ənənəvi inkarçılıq, pozuculuq, dağıdıcılıq xəstəliyinə mübtəla olan Fuad Qəhrəmanlının ABŞ səfirinin fikirlərini təhrif etməsi, necə deyərlər, tərsinə oxuması dediklərimizin əyani sübutudur. Belə ki, səfir deyir ki, “Qarabağ erməniləri Azərbaycanın tərkibində təhlükəsiz yaşaya bilərlər”. Bununla Fuad Qəhrəmanlı kimi xəyanətkar satqından fərqli olaraq amerikalı diplomat Azərbaycanın təhlükəsiz və etibarlı ölkə olduğunu bildirir.

Təbii ki, Ə.Kərimlinin təlimatı və xarci qrantların başgicəlləndirici dozası ilə danışan F.Qəhrəmanlı əslində özünü ifşa və təkzib edir. Bu xəyanətkar ünsür deyir: “Milli maraqlarımıza cavab verən mövqe Azərbaycan diplomatiyasının uğuru deyil”. Bəs kimin uğurudur, Fuad Qəhrəmanlı?

Nəhayət, Qərbin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsini başqa amillərlə əlaqələndirmək cəfəngiyyatdır. Əgər F.Qəhrəmanlıda azacıq da olsa mənlik, milli təəssübkeşlik varsa özündə cəsarət tapıb etiraf etməlidir ki, bütün bu müsbət reallıqlar, əldə olunan nailiyyətlər Azərbaycanın fərqli geosiyasi qütblər arasında uğurla manevr edərək maraqları uzlaşdırması ilə əlaqədardır.

Anti-Azərbaycan şəbəkənin missionerləri olan dağıdıcı düşərgədəkilərin iç üzü budur. Şübhəsiz, onların həşəmətli nümayəndələrindən olan F.Qəhrəmanlı da elə-belə danışmır. Əlbəttə ki, onu danışdıranlar var. Hamımız yaxşı bilirik ki, anti-Azərbaycan dairələr, erməni lobbisi və mənfur düşmənlərimizin havadarları daxildəki bu cür dağıdıcı qüvvələri ölkəmizin əleyhinə daha da fəallaşdırmaq üçün var qüvvələri ilə çalışır, onlara ayırdıqları maliyyə yardımlarını birə-beş qat artırırlar. Ancaq həmin dairələr unutmasınlar ki, bütün bunlar əbəsdir və heç bir nəticə verməyəcək.

Zahid Rza, “İki sahil”