11 iyul 2023 23:05
427

“Qanunazidd” qanun?

Siyasi və riyazi savadı korşalmış Cəmil Həsənlinin yolunu “gedər-gəlməz” edən səbəblər haqqında

Şəxsi maraqları naminə, həmçinin onları kənardan idarə edənlərin tapşırıqlarına uyğun olaraq millətin və dövlətin mənafeyini ayaqlar altına atan Cəmil Həsənli, Əli Kərimli, Tofiq Yaqublu kimi xəyanətkar ünsürlər son zamanlar öz xislətlərinə sadiq qalaraq dağıdıcı, qeyri-konstruktiv əməllərinin, ölkəmizə qarşı apardıqları “qara piar” kampaniyasının miqyasını bir az da genişləndirməyə çalışırlar.

Mayası satqınlıqla, pozuculuqla yoğrulmuş bu siyasətbazların yalnız bir məqsədi var: Azərbaycanın imicini hər vasitə ilə zədələmək, ölkənin sürətli inkişafına kölgə salmaq, sabitliyi pozmaq və beləliklə də “düşmən dəyirmanına su tökmək”. İstər-istəməz sual yaranır: Yalandan pafosla dəm vurduğunuz “vətənpərvərliyin” tək bircə zərrəsi sizdə varsa niyə məhz sizin ucbatınızdan 30 il erməni işğalında qalmış torpaqlarımızın azad edilməsinə, bu gün Qarabağda və Şərqi Zəngəzurda aparılan analoqu olmayan bərpa-quruculuq işlərinə, Azərbaycanın qüdrətli dövlətə çevrilməsinə, siyasi nüfuzunun, iqtisadi və hərbi qüdrətinin artmasına sevinmirsiniz? Nədir ermənilər və digər düşmənlərimiz kimi sizləri bu qədər narahat edən?

Bu qaragüruhların hərəsi bir cür xəyanət yolunu tutub. Məsələn, “müxalifət” maskası ilə maskalanmış, ölkəni geriyə, ötən əsrin o qanlı-qadalı 90-cı illərinə sürükləməyə çalışan həmin antimilli qüvvələrin ön cərgələrində yer almış “milli şura”nın sədri Cəmil Həsənli digər “məsləkdaşları”ndan özünü fərqləndirmək üçün Azərbaycanın adını daha “elmi” böhtanlarla qaralamağa çalışır. Nə də olsa professor adamdır, Əli Kərimlidən, Tofiq Yaqubludan fərqlənməlidir, ya yox?

Ancaq görünür, “elmlə çox məşğul olması” Cəmil Həsənlinin siyasi və riyazi yaddaşının korşanmasına səbəb olub. Belə olmasaydı, bu ağıl yoxsulu artıq qüvvəyə minmiş “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanununu müzakirə mövzusuna çevirib deməzdi ki, siyasi partiyaların qeydiyyata alınması üçün 5 min üzv tələbinin olması qanunaziddir, bu, siyasi partiya yaradıb qeydiyyatdan keçirmək üçün “gedər-gəlməz” yoldur. Cümlədə nəyinsə düz olmadığının fərqindəyik. Ancaq nə etmək olar ki, “professor” qanunu “qanunsuz” hesab edir. Yenə anlaşılmadı? Deməli, “Siyasi partiyalar haqqında” Qanunun 6.1-ci maddəsində qeyd edilir ki, dövlət qeydiyyatına alınması üçün siyasi partiyanın azı 5 min üzvü olmalıdır. Yəni, mövcud qanunvericiliyin tələbi belədir və qeyd etmək lazımdır ki, bu say Azərbaycanın əhali sayı ilə müqayisədə kifayət qədər loyal və əlçatandır. Ancaq belə çıxır ki, işi bütün günü sosial şəbəkələr vasitəsilə ölkəmizin hüdudlarından kənarda Azərbaycan əleyhinə böhtanlar yağdıran simasız “jurnalist” və “bloger”lərin verilişlərinin “ekspertliyini” etmək, sevinc osmanqızılarla, qənimət zahidlərlə “youtube” platforması vasitəsilə sözügedən qanunun müzakirəsini aparmaq olan Cəmil Həsənli ya o qanunu heç düz-əməlli oxumayıb, ya da açıq-aşkar insanları aldatmağa, ictimai rəyi yanıltmağa çalışır. Axı, siyasi partiyanın dövlət qeydiyyatına alınması üçün ən azı 5 min üzvünün olması məsələsi qanunda əks olunub. Axı, 10 milyon 135 mindən artıq əhalisi olan bir ölkədə kimsə cəmi 5 min nəfər tərəfdar toplaya bilmirsə, onun siyasətdə nə işi var? 2013-cü ildəki seçkilərdən sonra özü-özünü “prezident” elan etmiş “milli şura” sədrindən soruşmaq lazımdır ki, 5 min imzanı toplamaq “gedər-gəlməz” yoldursa, qarşıdan gələn prezident seçkilərində ən azı 40 min imzanı necə toplayacaqsınız?!

Cəmil Həsənlinin qanunu “qanunsuz” adlandırması siyasi cahillik və nadürüstlük nümunəsidir. Özü də təkcə Cəmil Həsənli belə deyil, necə deyərlər, guya bu hələ “alim” olanıdır, savadsızlıq və reallıqları təhrif edərək insanları aldatmağa çalışmaq gerizəkalılıq sindromundan əziyyət çəkən dağıdıcı müxalifətin ümumi problemidir.

Vətən sevgisindən, millət təəssübkeşliyindən çox-çox uzaq olan cəmil həsənlikimilər mənfur əməlləri ilə anti-Azərbaycan dairələrin və erməni lobbisinin məkrli layihələrinin bir parçası olduqlarını nümayiş etdirirlər. Lakin bu siyasətbazların ölkəmizin əleyhinə apardıqları çirkin təbliğat hər şeyin və hər kəsin layiqli qiymətini verməyi bacaran Azərbaycan xalqı ilə Azərbaycanı inkişafa, uğurlara, işıqlı gələcəyə doğru inamla aparan dövlətin sarsılmaz birliyinə çırpılaraq darmadağın olacaq. Tarix isə xəyanətkarları heç zaman bağışlamır, bağışlamayacaq...

Mahir Rəsuloğlu, “İki sahil”