İyulun 11-də Prezident İlham Əliyevin sədrliyi ilə 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirə dövlətimizin başçısı QHT-lərin Ermənistanın bölgədə yaratdığı ekoloji təhdidlə bağlı N.Paşinyana müraciəti, o cümlədən işğalçı ölkənin dağ-mədən sənayesi müəssisələrinin ağır fəsadları barədə ətraflı danışıb.
“Pasiyent Təşkilatları İttifaqı və Hemofiliyalı Xəstələr” İctimai Birliyinin sədri Ayaz Hüseynov mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, Ermənistanda dağ-mədən sənayəsində aparılan işlər bütövlükdə regionu ciddi risk altında saxlayaraq ekologiyanın çirklənməsinə, ən əsası isə insanların sağlamlığına ciddi şəkildə mənfi təsir edir: “Bizi narahat edən əsas təhlükə ondan ibarətdir ki, axıdılan ağır metallar birbaşa Araz çayına, ya da Araz çayı ilə birləşən digər çaylara axıdılır. Bununla da, Ermənistan həm öz vətəndaşlarını təhlükədə saxlayır, həm də qonşu dövlətlərin, yəni Azərbaycan və Gürcüstan vətəndaşlarının sağlamlığına ciddi ziyan vurur. Ümumilikdə isə regionu ekoloji fəlakətə sürükləyir.”
A.Hüseynov qeyd etdi ki, QHT-lər Ermənistan dağ-mədən sənayesinin Cənubi Qafqaz regionunda ekoloji sabitliyi pozması barədə baş nazir Nikol Paşinyana açıq məktub ünvanlayıblar: “Ermənistan hakimiyyəti özlərinin və ən əsası qonşu ölkələrin vətəndaşlarına ziyan vurulmasının qarşısını almalı, atılan addımlara görə məsuliyyət daşımalıdır. Məktubda beynəlxalq standartlara uyğun işlərin aparılması üçün monitorinq qruplarının təşkili və bu qrupların tərkib hissəsində Azərbaycan nümayəndələrinin olmasının vacibliyini açıq şəkildə qeyd edilib. Bizim üçün prioritet məsələ Azərbaycan vətəndaşlarının sağlamlığını qorunması, təhlükə saçan Ermənistanın dağ-mədən sənayəsində aparılan işlərin dayandırılması və beynəlxalq hüquq normalarına əməl edilməsidir".
Cavid Əkbərov, “İki sahil”