12 iyul 2023 17:20
393

Ermənistanın dağ-mədən sənayesi ölkəmizin ekoloji mühitinə, su resurslarına qarşı təhdid yaradır - Elman Cəfərli

Azərbaycan tərəfinin razılığı olmadan sərhəddə belə bir zavodun tikintisi 1991-ci ildə qəbul olunmuş Espo Konvensiyasına tamamilə ziddir

Ermənistanın bütün dağ-mədən sənayesi obyektlərinin qapılarını beynəlxalq ekspertlərin, ölkəmizin vətəndaş cəmiyyətləri təşkilatlarının üzünə açmalıdır

İyulun 7-də Azərbaycanda fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatları Ermənistanın baş naziri Nikol Paşinyana onun ölkəsi tərəfindən beynəlxalq ekoloji norma və standartların kobud şəkildə pozulması, dağ-mədən sənayesində aparılan işlərin ətraf mühitə regional və qlobal təsirlərinin yol açdığı ciddi fəsadlarlaa bağlı dərin narahatlığı ifadə edən məktub ünvanlayıb.

“Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, Ermənistanın dağ-mədən sənayesi təkcə Azərbaycana yox, bütövlükdə Cənubi Qafqazın ekoloji mühitinə ciddi təhdid yaradıb: “Bir müddət öncə, Ermənistanın sərhədyanı bölgədə, Arazdəyəndə ABŞ şirkəti ilə birgə 70 milyon dollarlıq iri metallurgiya zavodu inşa etməsinə dair xəbər yayıldı. Azərbaycanın vətəndaş cəmiyyəti institutları buna dərhal haqlı etiraz səsini ucaltdı. Çünki Ermənistan bu zavodu inşa etməklə beynəlxalq konvensiyaları kobud şəkildə pozur. Məlum olduğu kimi, BMT Dayanıqlı İnkişaf Məqsədləri ekoloji, sosial və iqtisadi problemlərin həlli üçün hərtərəfli çərçivə təqdim edir. BMT-yə üzv dövlətlər təmiz hava, təhlükəsiz içməli su və sanitariya kimi amilləri sağlamlığın ətraf mühit faktoru kimi tanıyıb. Eyni zamanda, BMT təmiz, sağlam və davamlı ətraf mühiti əsas insan hüququ kimi tanıyır. Lakin Ermənistan bu ekoloji cinayətləri törətməklə, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin tamamilə əleyhinə çıxış edir.” 

Rəsmi İrəvan Ermənistanın bütün dağ-mədən sənayesi obyektlərinin qapılarını beynəlxalq ekspertlərin, ölkəmizin vətəndaş cəmiyyətləri təşkilatlarının üzünə açmalıdır

E.Cəfərli qeyd etdi ki, bundan başqa, Azərbaycan tərəfinin razılığı olmadan sərhəddə belə bir zavodun tikintisi 1991-ci ildə qəbul olunmuş Espo Konvensiyasına da tamamilə ziddir: “Həm Azərbaycan, həm də Ermənistan bu Konvensiyanı imzalayan dövlətlərdir. Espo Konvensiyasına uyğun olaraq, zavodun ətraf mühitə təsirinin hərtərəfli qiymətləndirilməsi aparılmalıdır. Ermənistanın törətdiyi ekosid faktları ilə bağlı araşdırmaları davam etdirilir. Məlum olub ki, Ermənistanın ətraf mühitə mənfi təsir edən müəssisəsi tək Arazdəyəndə inşa edilən zavod deyil. Bütövlükdə Ermənistanın dağ-mədən sənayesi ölkəmizin ekoloji mühitinə, su resurslarına qarşı təhdid yaradır. Qacaran şəhərindəki Zəngəzur Mis-molibden Kombinatı, Qafandakı dağ-mədən kombinatı xrom, nikel, mis, molibden, sink, alüminium, vanadium, qurğuşun və digər ağır metal tərkibli mədən tullantıları Oxçuçayı və Araz çayını çirkləndirir. Əkərək Mis-molibden Kombinatının da ağır metal tərkibli mədən tullantıları Kərçivançay vasitəsilə Araz çayını zəhərləyir.” 
QHT sədri söylədi ki, Göyçə vilayətində ilə təxminən 10.000 unsiya qızıl hasil edən Daşdəm Qızıl Mədəni yerli su təchizatını aramsız şəkildə çirkləndirir: “Mədənin çirkab suları yaxınlıqdakı çayları, o cümlədən əsas içməli su mənbəyi olan Bərgüşad çayını da zəhərləyir. Bu çay Araza tökülür. Lori vilayətindəki Axtala mədəni ildə təxminən 5 min ton mis və qurğuşun istehsal edir. Mədənin çirkab suları yaxınlıqdakı Tona çayını çirkləndirir. Həmin çay Kür çayına tökülür. Qafan Manqan Zavodu Cənubi Qafqaz regionu üçün vacib içməli su mənbəyi olan yaxınlıqdakı Bərgüşad çayını əhəmiyyətli dərəcədə çirkləndirir.”
Ekoloq qeyd etdi ki, göründüyü kimi, Ermənistanın dağ-mədən sənayesinin tullantıları birbaşa və dolayısı ilə Azərbaycanın əsas içməli su qaynağı olan çaylarını çirkləndirir: “Bu tullantılar çayların flora və faunasını məhv edir. Bu azmış kimi, çay kənarında yaşayan əhalinin sağlamlığına ciddi təhdid yaradır. Bununla bağlı Azərbaycan vətəndaş cəmiyyəti fəalları, QHT-lər dəfələrlə beynəlxalq təşkilatlara müraciət ünvanlayıb, həmçinin Ermənistanın baş naziri Nikol Paşinyana müraciət etmişik. Müraciətdə Ermənistanın beynəlxalq ekoloji norma və standartları kobud şəkildə pozduğu, bu ölkənin dağ-mədən sənayesində aparılan işlərin ciddi regional və qlobal ekoloji böhrana yol açdığı bildirilir. Rəsmi İrəvan Ermənistanın bütün dağ-mədən sənayesi obyektlərinin qapılarını beynəlxalq ekspertlərin, ölkəmizin vətəndaş cəmiyyətləri təşkilatlarının üzünə açmalıdır.”

Cavid Əkbərov, “İki sahil”