12 iyul 2023 18:05
546

Ekoloji zərərin transsərhəd xarakteri regionda və ondan kənarda yaşayan icmaların sağlamlığını və rifahını riskə atır - Vamiq Babayev

Ermənistan bu ekoloji cinayətləri törətməklə, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin 3-cü, 6-cı, 12-ci, 13-cü, 15-ci Məqsədlərinin tamamilə əleyhinə çıxır

Ermənistanın dağ-mədən sənayesi Cənubi Qafqaz regionunu ciddi ekoloji fəlakətlə üz-üzə qoyub. Azərbaycan tərəfi Ermənistan hökumətini məsuliyyətli idarəetməyə, regionumuza, planetimizə təhlükə saçan dağ-mədən sənayesindəki işləri dərhal dayandırmağa, region əhalisi üçün davamlı inkişafı, sağlam gələcəyi təmin edən qərarlar qəbul etməyə çağırır.

“Şəfəq” Ekoturizm İctimai Birliyinin prezidenti Vamiq Babayev mövzunu "İki sahil"ə şərh edərək vurğuladı ki, ölkəmizdə fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatları olaraq biz hər zaman Ermənistan tərəfindən sərhəd ərazilərimizdə ekoloji fəlakətə yol açan işlərin görülməsini qətiyyətlə pisləyir və müxtəlif etirazlar formasında belə işlərin görülməsinin qarşısını almağa çalışırıq: “Çünki bu proseslər təkcə Ermənistanın və Azərbaycanın ekoloji sisteminə təhdid deyil, eyni zamanda Cənubi Qafqaz regionunun ekoloji vəziyyətinin pisləşməsinə səbəb olur. Ekoloji zərərin transsərhəd xarakteri regionda və ondan kənarda yaşayan icmaların sağlamlığını və rifahını riskə atır. Bu problemlərin qarşısının birdəfəlik alınması üçün zəruri tədbirlərin görülməsinin artıq vaxtı çatıb. Biz, eyni zamanda Ermənistanın vətəndaş cəmiyyəti təşkilatlarının da öz ölkələrində genişlənən ekoloji problemlərlə bağlı artan həyəcanını diqqətlə izləyirik. Ona görə də hazırda Azərbaycan QHT-ləri olaraq beynəlxalq ekoloji norma və standartları kobud şəkildə pozmaqla, Ermənistanın dağ-mədən sənayesində aparılan işlərin ətraf mühitə regional və qlobal təsirlərinin yol açdığı ciddi ekoloji böhranla bağlı narahatlığı ifadə edən məktubu bu ölkənin baş naziri Nikol Paşinyana ünvanlamışıq.”

V.Babayev vurğuladı ki, bizim Paşinyana ünvanladığımız açıq məktub beynəlxalq ekoloji norma və standartları, region əhalisinin hüquqlarını pozmaqla aparılan dağ-mədən sənayesi işlərinin dayandırılması tələbidir: “Qeyd edim ki, BMT-yə üzv dövlətlər təmiz hava, təhlükəsiz içməli su və sanitariya kimi amilləri sağlamlığın ətraf mühit amilləri kimi tanıyıb. Lakin Ermənistan bu ekoloji cinayətləri törətməklə, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin 3-cü, 6-cı, 12-ci, 13-cü, 15-ci Məqsədlərinin tamamilə əleyhinə çıxır. Ermənistanda aparılan dağ-mədən sənayesi işlərində heç bir ekoloji norma və prinsiplər gözlənilmədən istehsalat işləri aparılır. İşğalçı ölkə bu işlərin görülməsinə bir sıra xarici şirkətləri də cəlb edərək, onları törətdikləri cinayətlərə şərik edirlər. Təəssüf edirik ki, xarici şirkətlər də transsərhəd kontektsində zavodların fəaliyyətində heç bir beynəlxalq hüquq normalarını gözləmir.” 

QHT sədri bildirdi ki, Naxçıvanla həmsərhəd Arazdəyən kəndində ekoloji normaların, beynəlxalq konvensiyaların tələblərinə zidd inşa olunan yeni metallurgiya zavodunun tikintisi də ətraf mühitin, ekosistemin pozulmasına, biomüxtəlifliyin məhvinə, havanın zəhərli tullantılarla çirklənməsinə, mal-qaranın və əkinlərin məhvinə, insanların ciddi xəstəliklərlə üzləşməsinə gətirib çıxaracaq: “Bu, həm Azərbaycan, həm də Ermənistan üçün ciddi ictimai səhiyyə böhranı yaradacaq. Onu da qeyd edim ki, Azərbaycan tərəfi ilə razılaşdırmadan sərhəddə belə bir müəssisənin tikintisi “Transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” 1991-ci il Espo Konvensiyanın kobud şəkildə pozulmasıdır. Sözügedən konvensiyanın şərtlərinə görə, tərəflər öz ölkə ərazisində planlaşdırdığı iri təsərrüfat fəaliyyətinin digər ölkələrin ərazisinə mənfi ekoloji təsiri ola bilərsə, bu fəaliyyət həmin ölkələrin müvafiq qurumları ilə razılaşdırılmalı, ətraf mühitə təsirinin qiymətləndirilməsi ilə bağlı sənəd hazırlanmalıdır. Azərbaycan və Ermənistan da məhz həmin konvensiyanın tərəfləridir.”

Ekoloq vurğuladı ki, qeyd olunan faktlar Cənubi Qafqaz regionu üçün təhlükə saçan fəlakətlərin bir qismidir: “Çünki, Ermənistan torpaqlarımızın işğalı dövründə tarixi abidələrimizi, təbiət ərazilərimizi məhv etməklə məşğul olmuşdur. Bunun əyani sübutunu biz daim görmüşük, eyni zamanda belə terrorçu hərəkətləri beynəlxalq ictimaiyyətə çatdırmaqda müvafiq addımlar atmışıq. Hər zaman olduğu kimi, Ermənistan hakimiyyəti transsərhəd kontekstində regionun ətraf mühitinə mənfi təsir göstərə biləcək dağ-mədən sənayesinin təşkilində qonşu kəndlərdə yaşayan gürcü, azərbaycanlı və o cümlədən ermənilərin də bu günədək rəylərini, fikirlərini nəzərə almayıb və onları ətraf mühitin qiymətləndirilməsi prosesinə cəlb etməyib. Biz Ermənistan hökumətini məsuliyyətli idarəetməyə, regionumuza və ölkəmizə təhlükə yaradan dağ-mədən sənayesindəki işləri dərhal dayandırmağa, region əhalisi üçün davamlı inkişafı, sağlam gələcəyi təmin edən qərarlar qəbul etməyə çağırırıq.”

Ekoloq həmçinin qeyd etdi ki, 2023-cü ilin sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə Prezident İlham Əliyev Ermənistanın dağ-mədən sənayesi sahəsində həyata keçirdiyi ekoloji terroru qətiyyətlə pislədi və eyni zamanda, Azərbaycanın, həmçinin beynəlxalq QHT-lərin bu istiqamətdəki fəaliyyətini yüksək qiymətləndirdi: "Ermənistanın ekoloji terroruna qarşı səsləndirdiyimiz bəyanatların, etdiyimiz müraciətlərin dövlətimizin başçısı tərəfindən ən ali səviyyədə qiymətləndirilməsi bizim bu istiqamətdə uğurlu fəaliyyətimizin daha da genişləndirilməsinə əlavə stimul vermiş oldu."

Cavid Əkbərov, “İki sahil”