Dövlət başçısı İlham Əliyev bu əminliyi də ifadə edir ki, bundan sonra qaz ixrac planlarımız daha tez bir zamanda və daha böyük həcmdə təmin ediləcək
Dövlət başçısı İlham Əliyev iyulun 11-də 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə bir daha diqqəti son günlərin uğurlarından olan «Abşeron» qaz-kondensat yatağından çıxarılan ilkin qazın əhəmiyyətinə yönəldərək bildirdi ki, ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin edilməsindəki rolunu daha da artıracaq.
Tarixi Zəfərimizdən sonra ölkəmizin beynəlxalq münasibətlər sistemində artan rolu enerji sektorunda qazandığımız uğurlarda da özünün aydın ifadəsini tapır. Təkcə son iki ildə imzalanan və dünyanın enerji təhlükəsizliyinin təminatına böyük töhfə kimi dəyərləndirilən sənədlərə diqqət yetirsək bunun bir daha şahidi olarıq. 2022-ci ilin iyul ayında Azərbaycan Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin iştirakı ilə Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu, dekabr ayında Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalandı. Həmçinin həmin ilin oktyabr ayında Bolqarıstanın paytaxtı Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimi, aprel ayında isə dövlət başçısı İlham Əliyevin Bolqarıstana işgüzar səfəri zamanı «Bulgartransgaz» (Bolqarıstan), «Transgaz» (Rumıniya), FGSZ (Macarıstan) və «Eustream» (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu imzalandı. Sonuncu sənəd Azərbaycandan Avropaya əlavə qazın tədarükü üçün 4 ötürücü sistem operatoru ilə SOCAR arasında əməkdaşlığın istiqamətlərini müəyyən edir. Əlavə qaz tədarükü “Həmrəylik Halqası” adlandırılan Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın təkmilləşdirilmiş ötürücü şəbəkə sistemləri vasitəsilə həyata keçiriləcək. “Həmrəylik Halqası” təşəbbüsü Cənub Qaz Dəhlizinin genişlənməsi vasitəsilə imkanlar təqdim edir, eyni zamanda, enerji sahəsində Azərbaycan və Avropa İttifaqı arasında strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsinə töhfə verəcək.
Dövlət başçısı İlham Əliyevin Anlaşma Memorandumunun imzalanması mərasimində qeyd etdiyi kimi, biz fəal enerji diplomatiyamızı davam etdiririk. Bir sözlə, Avrasiyanın enerji xəritəsini yenidən cızırıq. “Əsrin müqaviləsi”ndən sonra XXI əsrdə davam etdirilən layihələr Azərbaycanı Avropanın enerji təhlükəsizliyində əsas rol oynayan iştirakçılardan birinə çevirməklə ölkəmizin dünyadakı nüfuzunun və əhəmiyyətinin artmasına şərait yaradır. Azərbaycan Avropa İttifaqı ilə münasibətlərin inkişafında maraqlıdır. Bugünümüzün reallıqları gələcəkdə Azərbaycan ilə Avropa İttifaqı, həmçinin quruma üzv dövlətlər arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanların mövcudluğunu təsdiqləyir. Ulu Öndər Heydər Əliyevin dünya təcrübəsinə istinadən söylədiyi «Heç bir ölkə beynəlxalq əməkdaşlıq, təcrübə mübadiləsi olmadan, səylər və ehtiyatlar birləşdirilmədən təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz» tezisi bütün dövrlər üçün öz aktuallığını qoruyur.
Azərbaycan 2027-ci ilə qədər Avropa İttifaqı bazarına qaz təchizatımızı iki dəfə artırmağı planlaşdırır. «Qaz hasilatı və ixracımız artacaq» söyləyən dövlət başçısı İlham Əliyev bu hədəfi açıqlamışdır ki, biz hasilatı mövcud qaz yataqlarında artıracağıq və gələn illərdə isə yeni yataqlarda təbii qazın hasilatını gözləyirik. Bu gün Azərbaycan qazı Gürcüstana, Türkiyəyə, Yunanıstana, Bolqarıstana və İtaliyaya ixrac edilir. Ötən ildən başlayaraq qaz Rumıniyaya da çatdırılır. Ölkə Prezidenti bu hədəfi də diqqətə çatdırır ki, qaz təchizatımızın coğrafiyasını 6 ölkədən ən azı 10 ölkəyə qədər genişləndirəcəyik: «Mən “ən azı” ona görə deyirəm ki, fikrimcə, bu, planların sonu deyil. Biz Avropanın qaz bazarında fəaliyyətimizi daha da genişləndirməyi planlaşdırırıq. Tərəfdaşlardan ibarət güclü komandanı yaratmaq kimi bu təşəbbüsdə Bolqarıstan Prezidenti cənab Radevin xüsusi rolunu qeyd etmək istərdim. Əminəm ki, “Həmrəylik Halqası” birgə geniş planlarımızın icrasında mühüm rol oynayacaq.»
Təbii qaz Azərbaycanın Avropaya ixrac etdiyi yeganə enerji məhsulu deyil. İyirmi ildən artıqdır ki, ölkəmiz xam nefti ixrac edən iri təchizatçı kimi etibarlı tərəfdaşdır. Neft-kimya məhsulları və elektrik enerjisi ixracın bir hissəsidir. Bütün bunlar təsdiqləyir ki, enerji sahəsində etibarlı tərəfdaş kimi Azərbaycan bütün hədəflərə nail olmaq üçün bu istiqamətdə addımları davam etdirməyə hazırdır.
Azərbaycan Avropanın nəinki enerji, digər sahələrdə də etibarlı tərəfdaşıdır. İmzalanan sənədlərin uğurlu icrası Avropanın enerji təhlükəsizliyini birmənalı olaraq gücləndirəcək və Azərbaycan üçün Avropa ölkələrinə daha çox qaz ixrac etməyə fürsət yaradacaq. O da məlumdur ki, Avropa İttifaqının 9 üzv dövləti ilə Azərbaycan Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalayıblar. Bu, o deməkdir ki, Avropa İttifaqına üzv dövlətlərin üçdəbiri Azərbaycanın strateji tərəfdaşıdır. Bu tərəfdaşlığın çox böyük gələcəyi vardır. Bir mühüm məqamı da xüsusi qeyd etmək lazımdır ki, dövlət başçısı İlham Əliyevin ötən il Bolqarıstana işgüzar səfəri çərçivəsində Sofiyada SOCAR-ın ofisinin açılışı oldu. İmzalanan sözügedən sənəd, SOCAR-ın ofisinin açılışı və sair kimi mühüm addımlar Şirkətin fəaliyyətinin genişləndirilməsinin təsdiqidir.
Qısa təhlildən də göründüyü kimi, Azərbaycanın həyata keçirdiyi uğurlu enerji siyasəti öz bəhrəsini verməkdədir. Avropa ölkələrinin Azərbaycan təbii qazına olan marağının artması və bu sahədə əməkdaşlığı genişləndirmələri təkcə ölkəmizin böyük qaz ehtiyatlarına, ixrac üçün texniki imkanlara malik olması ilə bağlı deyil, həm də Azərbaycanın etibarlı tərəfdaş kimi özünü sübut etməsi, Avropa liderlərinin şəxsən Prezident İlham Əliyevə rəğbəti və inamıdır. Uzun illər enerji sahəsində müxtəlif layihələrin icrasında və əməkdaşlığın genişləndirilməsində dövlətimizin başçısı tərəfindən ortaya qoyulan siyasi iradə, əzmkarlıq, götürülmüş öhdəliklərin zamanında, məsuliyyətlə icra olunması bu inam və rəğbətin formalaşmasına gətirib çıxarır. Bolqarıstanda Anlaşma Memorandumunun imzalanması mərasimində iştirakçı ölkələrin rəsmi nümayəndələrinin Azərbaycan və şəxsən Prezident İlham Əliyev haqqında səsləndirdiyi fikirlər bunu bir daha sübut edir.
Azərbaycan Avropanın əhəmiyyətli və etibarlı enerji tərəfdaşı kimi özünü təsdiq edir. Buna görə də Avropada Azərbaycan qazına tələbat artmaqda davam edir. Getdikcə daha çox ölkə öz enerji təhlükəsizliyini Azərbaycanın enerji resursları hesabına təmin etmək istəyir. Eyni zamanda, son illərdə baş verən geosiyasi proseslər səbəbindən Avropada yaranmış enerji böhranının artaraq daha təhlükəli həddə çatmasının qarşısının alınmasında Azərbaycan böyük rol oynayır.
1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ilə başlayan uğurlu enerji siyasəti 2020-ci ilin sonunda Cənub Qaz Dəhlizinin tam tərkibdə istifadəyə verilməsi ilə daha da möhkəmlənir. Bu günlərdə «Abşeron» yatağından ilk qazın çıxarılması Azərbaycanın dünya enerji bazarında möhkəmlənən mövqeyinə yeni əlavələr edəcək. Cari ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunan müşavirədə «Bu, doğrudan da çox əhəmiyyətli hadisədir. Çünki bu günə qədər bizim ixracla bağlı əsas qaz resursumuz “Şahdəniz” qaz-kondensat yatağı idi. Bu gün bizim artıq iki böyük qaz-kondensat yatağımız var» söyləyən dövlət başçısı İlham Əliyev bildirdi ki, “Abşeron” qaz yatağı ilə bağlı ümidlərimiz böyük idi. “Abşeron” qaz-kondensat yatağı böyük ehtiyatları özündə ehtiva edir: «Bir neçə gün bundan əvvəl mənə məlumat verildi ki, ilkin qaz hasil edildi, debitlər də çox yaxşıdır. Hətta bir quyudan “Şahdəniz” qaz yatağından da daha çox qaz və kondensat hasil edilir. Əlbəttə, “Şahdəniz” qaz yatağından “Abşeron” yatağı ehtiyat nöqteyi-nəzərindən daha kiçikdir, ilkin hesablamalara görə təqribən üç yüz milyard kubmetrdir. Amma mən tam əminəm ki, daha çox olacaq. İndidən demək, əlbəttə ki, düzgün deyil. Ona görə bu, bizim həm enerji təhlükəsizliyimizi daha yüksək səviyyədə təmin edəcək, həm də ixraca gedən qazın həcmi ildən-ilə artacaq - təkcə “Şahdəniz” yatağı hesabına deyil, o cümlədən “Abşeron” yatağı hesabına.»
“Abşeron”un birinci fazası artıq icra edilir. Cənab İlham Əliyev bu inamı ifadə edir ki, SOCAR öz xarici tərəfdaşları ilə bu yatağın ikinci fazasının işlənməsi ilə bağlı tezliklə daha fəal danışıqlara başlamalıdır: «Yenə də deyirəm, biz gözləyirdik ki, kəşfiyyat olacaq, amma sözün düzü, bu qədər gözəl nəticələri gözləmirdik. Bu, çox gözəl bir xoş xəbər oldu və Azərbaycanın enerji potensialına kölgə salmağa çalışan bəzi dırnaqarası ekspertlərə də çox yaxşı, tutarlı cavab olmuşdur. Ona görə bundan sonra bizim qaz ixrac planlarımız daha tez bir zamanda və daha böyük həcmdə təmin ediləcək.»
Daim qeyd olunduğu kimi, iqtisadi müstəqillik siyasi müstəqilliyin əsasıdır. Ölkəmizin iqtisadi imkanlarının genişlənməsi fonunda siyasi mövqeyinin möhkəmləndiyi diqqətdən kənarda qalmır. Azərbaycan yeni dostlar qazanmaqla yanaşı, ilk gündən yola çıxdığı tərəfdaşları ilə əlaqələrini genişləndirməklə müxtəlif layihələrin gündəmə gətirilməsinə yol açır. Bir sözlə, Azərbaycanın enerji siyasətinin Avropa üçün əhəmiyyəti günbəgün artır. Bu il doqquzuncu dəfə təşkil olunan Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin iclasının keçirilməsini, həmçinin eləcə də bu il daha iki mühüm tədbirin Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasının və yaşıl enerjinin ötürülməsinə dair dördtərəfli Sazişin icrası üzrə Rəhbər Komitənin ilk iclasının baş tutması Azərbaycanın Avropanın enerji təminatında artan rolunu açıq-şəkildə ortaya qoyur. Hazırkı dövrün əsas çağırışlarından biri alternativ enerji mənbələrinə investisiyaların yatırılmasıdır. Azərbaycan bu sahədə də zəngin potensiala malikdir. Ümumiləşdirilmiş şəkildə qeyd etsək. Azərbaycanın digər sahələrdə olduğu kimi, enerji sektorunda da yeni mərhələ başlayıb. Düzgün qurulan siyasət əsasında yaradılan möhkəm təməl hədəflərə doğru inamla addımlamağa geniş imkanlar yaradır.
Yeganə Əliyeva, "İki sahil"