Əli Kərimli, Tofiq Yaqublu, Cəmil Həsənli, Fuad Qəhrəmanlı kimi cılız və ucuz siyasi şoumenlərin özlərini “haqq-ədalət keşikçisi” kimi göstərmələri gülüncdür
Ötən əsrin 90-cı illərinin əvvəllərindən başlayaraq Azərbaycanın müstəqilliyinə, inkişaf və tərəqqisinə qənim kəsilən antimilli ünsürlər bu günlərdə yenidən sosial şəbəkələrdə fəallaşıblar. Anti-Azərbaycan dairələrin sifarişlərini yerinə yetirən, erməni lobbisinin təsiri altında olan təşkilatların və maliyyə qurumlarının məkrli tapşırıqlarını canla-başla icra edən radikal müxalifətin təmsilçilərindən olan AXCP sədri Əli Kərimli, “Milli Şura” rəhbəri Cəmil Həsənli, onların marionetkaları olan Tofiq Yaqublu, Fuad Qəhrəmanlı və onların xarici ölkələrdəki əlaltıları hər vəchlə ölkəmizin uğurlarına kölgə salmağa çalışır, yalan informasiyalarla, əsassız iddialarla ictimai rəyi çaşdırmaq üçün min bir hoqqadan çıxırlar.
“YouTube”, “Facebook” kimi sosial şəbəkə platformalarına diqqət yetirdikdə belə qənaətə gəlmək olur ki, cəmiyyətdə heç bir nüfuza malik olmayan bu autsayderlər hələ də köhnə mərəzlərindən əl çəkə bilmirlər. Bu marginallar öz şəxsi ambisiyaları naminə milli maraq və mənafeləri heçə sayaraq respublikamızda sabitliyi, təhlükəsizliyi hədəf seçən çağırışlar edir, insanları qeyri-qanuni hərəkətlərə sövq etməyə çalışır, qanunsuz addımları dəstəkləyirlər. Bəzi vətəndaşların qanunları pozmasına haqq qazandırmağa çalışır, Azərbaycan polisini məqsədli şəkildə hədəfə çevirmək üçün ən çirkin vasitələrdən istifadə edirlər.
Antimilli fəaliyyəti ilə cəmiyyətdən özünü təcrid edən, erməni lobbisinin təsirində olan bəzi beynəlxalq təşkilatların qrantlarını həzm-rabedən keçirərək, onların sifariş və tapşırıqlarını yerinə yetirən Ə.Kərimli- C.Həsənli-T.Yaqublu qaragüruhu çirkin əməlləri ilə özlərini çoxdan ifşa ediblər.
Əslində hər fürsətdə “hüquqi dövlət”dən, “demokratik dəyərlər”dən danışan bu antimilli ünsürlərdən başqa bir şey gözləmək mümkün deyil. 1992-1993-cü illərdə ölkəni xaos və anarxiya meydanına çevirən AXC-Müsavat cütlüyünün törətdiyi qanunsuz əməllər yaddaşlardan silinməyib. Belə ki, 1992-ci ildə hakimiyyəti zorla, top-tüfəng gücünə zəbt edən rüsvayçı AXC-Müsavat hakimiyyətinin satqın, dönük, savadsız, flüger “rəhbərləri” Azərbaycanı qısa müddətdə parçalanmaq, məhv olmaq təhlükəsi ilə üz-üzə qoydular. Ölkədə vətəndaş müharibəsi baş alıb gedirdi. Heç bir nəzəri biliyi, dövlətçilik təcrübəsi, idarəçilik qabiliyyəti olamyan “bəylər”in yarıtmaz idarəçiliyi ilə respublika dərin böhrana sürükləndi. Azərbaycan artıq dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalmışdı. Respublikada xaos , anarxiya, hərc-mərclik hökm sürür, talançılıq, korrupsiya, rüşvət baş alıb gedirdi. İqtisadiyyat dağılıb gedirdi. İnflaysiya 1000 faizdən çox idi. İş o yerə çatmışdı ki, ozamankı dövlət başçısı Əbülfəz Elçibəy 1993-cü il mayın 25-də Prezident Aparatında hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirilən müşavirədə məmurlara ittihamedici suallar verərək “Bizim sayəmizdə bu respublika dağılır, niyə bu respublikanı dağıdırsınız? Xalq deyir, kaş canımız qurtaraydı bu Xalq Cəbhəsinin əlindən. Bu xalq əgər imperiyadan canını qurtardısa, gələcəkdə onun əlindən burada əyləşən adamların canı qurtarmayacaq. Deyin görüm, respublikanı niyə dağıdırsınız? Camaat yollarda oturub ata-anamızın qəbrini söyür... Bizdə demokratiya anarxiya halını alıb. İndiki şəraitdə Azərbaycan dövlətini, Azərbaycan hüququnu qorumaq olmaz” demişdi.
Amma radikal müxalifətin başbilənləri də anlamalıdırlar ki, artıq yeni dövrdür, yeni reallıqlar mövcuddur. Bu düşərgədə təmsil olunan marginallar birdəfəlik yadda saxlamalıdırlar ki, Azərbaycanda xaos, özbaşınalıq, təxribat xarakterli addımlar 1993-cü ildə başa çatıb. Bu gün Azərbaycan dövləti öz vətəndaşlarının ali mənafeyini ən yüksək səviyyədə qoruyur, onlara hərtərəfli qayğı göstərir. Təbii ki, cəmiyyətimiz bunu çox yüksək dəyərləndirir. Eyni zamanda siyasi dünyagörüşü nisbətən zəif olan, prosesləri dərindən təhlil edə bilməyən vətəndaşlarımız da təxribatçıların fitnəsinə uymamalıdırlar. Əslində cəmiyyətimiz bu antimilli ünsürlərin məkrli niyyətini çox yaxşı bilir.
Təbii ki, Əli Kərimli, Tofiq Yaqublu, Cəmil Həsənli, Fuad Qəhrəmanlı kimi “qanunsuz aksiya qəhrəmanları”nın - cılız və ucuz siyasi şoumenlərin özlərini “haqq-ədalət keşikçisi” kimi göstərmələri isə absurd və gülüncdür.
Nəhayət, əminliklə demək olar ki, korporativ maraqlar, şəxsi ambisiyalar naminə vicdanını, milli heysiyyatını və təəssübünü, mənəviyyatını, həqiqət duyğusunu Azərbaycan əleyhdaralarının beş-on quruşuna satan, antimilli missiyalarını ləyaqətsizcəsinə davam etdirən xəyanətkar zümrənin tarix səhnəsindən silinməsi qaçılmaz prosesə çevrilib.
Zahid Rza, “İki sahil”