Mütəxəssislər həyəcan təbili çalır
2023-cü il yay tarixinin ən isti ili kimi göründüyü üçün dünyada hər gün rekord qıran temperaturlar yaşanır. Dünya artıq ən isti gününü gördü və ertəsi gün ən yüksək qlobal orta temperatur həftəsini də gördükdən sonra temperatur tez bir zamanda daha da yüksəldi. Həddindən artıq qızmar yay proqnozları bütün dünya sakinlərini təhlükəli günlər barədə xəbərdar edir, çünki açıq havada bu cür istilər çox riskli ola bilər.
Beləliklə, ardıcıl davam edən həddindən artıq istilərlə əlaqədar olaraq, bütün dünya sinoptikləri həkimlər və yerli səhiyyə işçiləri insanlara açıq havada qalmalarını məhdudlaşdırmağı və istiliyin fəsadlarının xəbərdaredici əlamətlərini bilməyi tövsiyə edirlər. Mütəxəssislər güclü tərləmə və başgicəllənmədən əzələ spazmlarına və hətta qusmaya qədər səbəb olan hərarət və günvurmasının daha çox yayılacağını deyirlər. Yaxın onilliklərdə dünyada daha yüksək temperatur və daha intensiv istilik dalğaları müşahidə olunacağı gözlənilir.

İstiliklə bağlı ciddi xəstəliklər və hallar bədən tərləmə qabiliyyətini itirdikdə baş verir. Dəri qızarır və insanın bədən istiliyi 39 dərəcə Selsi (103 dərəcə Fahrenheit) və ya daha yuxarı qalxdıqca nəbz sürətlənir. Ürəkbulanma, çaşqınlıq və hətta huşunu itirmə ilə birlikdə baş ağrıları yaranır.
Nyu Meksiko Universitetinin təcili tibbi yardım həkimi və alimi Con Femlinq bədənin sərinləmək üçün dəriyə qan vuraraq kompensasiya etməyə çalışdığını söylədi. İnsan nə qədər çox nəfəs alırsa, bir o qədər çox maye itirir, getdikcə susuzlaşır.
Natrium və kalium kimi vacib elektrolitlər də tərləmə zamanı itirilə bilər."Beləliklə, baş verən ilk şeylərdən biri vücudunuz məcbur qalaraq lazımı elementlərin ehtiyatını toplamağa başlayanda əzələləriniz yorğunluq hiss etməyə başlayır. Sonra böyrəklərinizin, dalağınızın, qaraciyərinizin və digər orqanların zədələnməsi baş verə bilər", -deyə alim bildirib.
Günvurma zamanı mütəxəssislər təcili yardım xidmətinə zəng etməyi və sərin, nəm paltar və ya sərin vanna ilə insanın bədən istiliyini azaltmağa çalışmağı təklif edirlər.
İstilikdən bədənin tükənməsi zamanı bədən soyuq və rütubətli ola bilər. Digər əlamətlərə ağır tərləmə, ürəkbulanma, əzələ spazmları, zəiflik və başgicəllənmə daxildir. Mütəxəssislər deyirlər ki, ən yaxşısı sərin yerə köçmək, paltarınızı azaltmaq və bir az su içməkdir.
Yaşlı insanlar, uşaqlar və sağlamlıq vəziyyəti ağır olanlar yüksək temperaturda daha böyük risklərlə üzləşə bilər.
Mütəxəssislərin fikrincə, həddindən artıq isti havalar zamanı insanların ölməsinin ən çox görülən səbəblərindən biri ürək-damar sisteminin çökməsidir. Bu, bədənin isti temperaturu kompensasiya etməsinə kömək etmək üçün ürəyin sərf etməli olduğu əlavə enerjiyə görə baş verir.
Ümumiyyətlə, səhiyyə rəsmiləri deyirlər ki, qapalı yerlərdə qalmaq, kondisionerli binalar axtarmaq və adi haldan çox su içmək istiliklə bağlı xəstəliklərin qarşısını ala bilər. Kofein və spirt qadağandır. Gün ərzində daha tez-tez kiçik porsiyalarda yemək lazımdır.
Sərhədləri öyrənmək
Arizona Dövlət Universitetinin tədqiqatçıları həddindən artıq istilərin bədənə təsirini və isti havanı bu qədər ölümcül edən səbəbləri daha yaxşı anlamağa çalışırlar.
Onlar ANDI adlı xüsusi termal manekendən istifadə edirlər ki, bu maneken temperatur sensorları və tər dənəcikləri əmələ gətirən insana bənzər məsamələrlə fərdi şəkildə idarə olunan onlarla müxtəlif səth sahəsi ilə təchiz olunub."Mənim və həmkarlarımın apardığı bir çox araşdırma insanların daha uzun müddət ərzində həddindən artıq istilərə necə reaksiya verdiyini və bundan sonra bununla bağlı nə edə biləcəyimizi anlamağa yönəlib", - deyə universitetin professoru Cenni Vanos bildirib.
Mövcud 10 termal maneken var və onların əksəriyyəti atletik geyim şirkətləri tərəfindən sınaq üçün istifadə olunur. Arizona Universitetinin mankeni unikal daxili soyutma kanalı sayəsində açıq havada istifadə edilə bilən ilk mankendir.
Universitet, həmçinin tədqiqatçıların dünyanın hər yerindən istiliyə məruz qalma ssenarilərini simulyasiya edə biləcəyi yeni "isti otaq" və ya istilik kamerası hazırlayıb. Otaq daxilində temperatur 60 dərəcə Selsiyə çatır və təcrübələr üçün külək və günəş radiasiyasına nəzarət edilə bilər.
Nubar Süleymanova, “İki sahil”