15 iyul 2023 01:30
594

Otuz ildə 420 milyon hektar?

1990-2020-ci illərdə qlobal miqyasda 420 milyon hektar meşə sahəsi tükənib, həmin 30 il ərzində meşə örtüyünün xalis itkisi təxminən 178 milyon hektar təşkil edib.

İstanbul Universitetinin Cərrahpaşa meşəçilik takültəsinin Torpaqşünaslıq və ekologiya kafedrasının müdiri, professor Doğanay Tolunay meşələşdirmə layihələrindən əldə edilən məlumatlara baxılarkən, bu itkilərin çoxunun Braziliya, Boliviya, Yeni Qvineya və İndoneziyada yerləşən tropik yağışlı meşələrdə baş verdiyini söyləyib. Tolunay Anadolu Agentliyinə bildirib ki, tropik meşələrin yerləşdiyi ölkələrə verilən dəstək meşələrin qırılmasını tamamilə dayandırmır, sadəcə onun həcmini azaldır.

O, bildirib ki, ekvatordan 23 dərəcə şimal və cənub arasında yerləşən tropik bölgələrdə ilboyu isti və yağışlı hava hökm sürür. Tropik iqlim xüsusiyyətlərindən təsirlənən bu bölgələr tropik meşələrlə örtülüdür. Tropik meşələrə Argentina, Boliviya və İndoneziyanın müəyyən ərazilərində, eləcə də Afrika qitəsinin mərkəzi hissələrində, Cənub-Şərqi Asiyada və qismən də Papua-Yeni Qvineyada rast gəlmək olar.

 Professor vurğulayıb ki, dünya meşələrinin 45%-ni təşkil edən tropik meşələr iqlim dəyişikliyi, urbanizasiya və demoqrafik dəyişikliklər səbəbindən geridönməz məhvlə üzləşir. Meşəlik ərazilərin kənd təsərrüfatı sahəsinə çevrilməsi, meşəlik rayonların heyvandarlıq üçün istifadəsi kimi səbəblər hazırkı meşələrin qırılmasının 90%-ni təşkil edir.

Tolunay Birləşmiş Millətlər Təşkilatının Davamlı İnkişaf Hesabatına görə, 2000-ci ildə dünyada ümumi ərazinin təxminən 31,9%-ni əhatə edən meşə sahəsinin 100 milyon hektar itki ilə qarşılaşaraq, 2020-ci ildə 31,2%-ə qədər azaldığını bildirib.

Nubar Süleymanova, “İki sahil”